Rəsmilərin İlham Əliyevə təbriki

Rəsmilərin İlham Əliyevə təbriki

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin qələbəsini bütün Azərbaycan xalqı qeyd edir. Bununla yanaşı, dövlət rəsmiləri də qələbəni sevinclə qeyd edənlər sırasındadır. SİA onlardan bəzilərinin Prezident İlham Əliyevin qələbəsi ilə bağlı fikirlərini təqdim edir:

Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov: "Bu gün Azərbaycan xalqı üçün ən gözəl günlərdən biri oldu. Seçkilərin şəffaf keçməsi, bu prosesin gedişi, eləcə də beynəlxalq müşahidəçilərinin ölkəmizlə bağlı fikirləri, ümumxalq məhəbbəti bir daha göstərdi ki, Azərbaycan xalqı qədir biləndir. Azərbaycan xalqı dünya ölkələrinin insanları arasında seçilir. Dünənki seçkilərdə Ulu öndər Heydər Əliyevin bu xalq üçün gördüyü misilsiz işlər hiss olunurdu. Belə bir vaxtda xalqımızın böyük səs çoxluğu ilə İlham Əliyevi dəstəkləməsi onu göstərdi ki, onlar çox müdrikdir. Prezident İlham Əliyevin son 10 ildə hakimiyyətdə olduğu müddət göstərdi ki, onun tutduğu yol həqiqət yoludur. Dövlət başçısının bu illər ərzində əldə etdiyi uğurlar xalqın məhəbbətini qazanıb. İlham Əliyev də bu hörmətin əlaməti olaraq hər kəsin qəlbində dərin iz buraxıb. Bu möhtəşəm qələbə münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edirəm".

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov: "Azərbaycan xalqı Prezident İlham Əliyevə dəstək olmaqla gələcəyə, inkişafa və tərəqqiyə səs vermiş oldu. Azərbaycan dünyaya sübut etdi ki, ölkəmizdə hər zaman azad, ədalətli və demokratik seçki keçirilir. Bugünkü seçki prosesində qazanılan qələbə də bunun bariz nümunəsidir. İstər Azərbaycanda akreditə olunmuş 1000-dən çox xarici müşahidəçilər, istərsə də ölkənin daxilində olan 40 mindən çox yerli müşahidəçilərin hər biri dövlətimizdə şəffaf seçkilərin keçirilməsinin şahidi oldu və bunu da öz çıxışlarında bəyan ediblər. Prezident cənab İlham Əliyevi dəstəkləyən bütün Azərbaycan xalqını təbrik edirəm. Seçkiöncəsi keçirilən sorğularda da göstərilib ki, İlham Əliyev yüksək səs çoxluğu ilə hər zaman öndə olub. Bu, Azərbaycan üçün böyük qələbədir".

YAP İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralov: "Seçkilər çox şəffaf, demokratik qaydada keçdi. Nəhayət, sonda istəyimizə də nail olduq. Seçkilərdə əhalinin demək olar ki, 90 faizi cənab İlham Əliyevə səs verdi. Yerdə qalan "qara güruhçular" isə heç 10 faizi belə keçə bilmədilər. Belə olacağını mən əvvəldən demişdim. Çünki bu sahədə təcrübəm var. Builki seçkilərdə iştirak edən 1500-dən artıq xarici müşahidəçilər də seçki prosesinin çox yüksək səviyyədə keçdiyini qeyd ediblər. Bundan sonra əsas borcumuz seçdiyimiz namizədin arxasında sıx birləşməyimizdir".

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri, hakim partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov: "Bu qələbə gənclər üçün sevindirici haldır. Çünki Azərbaycanın lideri İlham Əliyev yenidən 5 il ölkəmizi idarə edəcək. Azərbaycan gəncliyi cənab İlham Əliyevi tək 5 il müddətində deyil, uzun zaman hakimiyyətdə görmək istəyir. Çünki xalq öz uğurlu gələcəyinin yalnız İlham Əliyevdən asılı olduğunu bilir. Xalqımız yenidən ölkə başçısını dəstəkləməklə öz müdrikliyini sübut etmiş oldu. Onlar yüksəlişə, sabitliyə, tərəqqiyə davam dedi. Azərbaycanın bu günə qədər gördüyü işlərin davamı bundan sonra da artıqlaması ilə gələcək. Azərbaycan yaxın gələcəkdə iqtisadi cəhətdən inkişaf etmiş ölkə kimi dünyanın ən qabaqcıl dövlətləri sırasında ən üstün yeri tutacaq. Bunun da yeganə yolu cənab İlham Əliyevdir. Azərbaycan xalqı və gəncliyini bu qələbə münasibəti ilə təbrik edirəm. Eyni zamanda, uğurlarımızın davamını arzulayıram. Eşq olsun Azərbaycan gəncliyinə!".

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev: "Dünyanın heç bir yerində belə şəffaf, obyektiv seçki keçirilə bilməzdi. Bu tək mənim yox, eyni zamanda beynəlxalq müşahidəçilərin də düşüncələridir. Qəbul etmək lazımdır ki, İlham Əliyev ümumxalq məhəbbətini qazanıb. O, hər bir azərbaycanlının qəlbində özünə elə bir yer qazanıb ki, heç kim o yerə göz tikə bilməz. Biz bu günümüzə yox, xoşbəxt gələcəyimizə səs vermişik. Əminəm ki, qarşıdan gələn 5 il ərzində yeganə problemimiz olan Dağlıq Qarabağ məsələsi də həll olunacaq. Azərbaycan xalqı İlham Əliyevə səs verməklə özünün yeni tarixini yazdı. Bu il seçkilər üçün çox yüksək səviyyədə şərait yaradılmışdı. Bunu yerli müşahidəçilərlə yanaşı, xarici mütəxəssislər də qeyd edirlər. Bu da təbii ki, 10 il ərzində görülən möhtəşəm işlərin nəticəsidir".

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: "Bu qələbə münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan xalqı öz iradəsini bir daha ortaya qoyaraq, cənab İlham Əliyevə səs verdi. Təbii ki, ölkə başçısı İlham Əliyevin qələbəsi, xalqın qələbəsidir. Qeyd etmək lazımdır ki, Azərbaycanda dünyaya nümunə olacaq seçki prosesi keçirildi. Seçkilər tam şəffaf, demokratik və qanunlar çərçivəsində baş tutdu. 50-dən çox seçki məntəqəsində müşahidəçi qismində iştirak etdik və yüksək seçici fəallığı ilə rastlaşdıq".

Biz də "SƏS" kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi qələbə münasibəti ilə təbrik edirik!

Bütün xəbərlər Facebook səhifəmizdə