Tərlan Səfərov: “Gənclər uğurlu işlərə görə, İlham Əliyevə səs verməlidirlər” MÜSAHİBƏ

Tərlan Səfərov: “Gənclər uğurlu işlərə görə, İlham Əliyevə səs verməlidirlər” MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı Gənclər Birliyinin İdarə heyətinin üzvü, gənc politoloq Tərlan Səfərovun SİA-ya müsahibəsini təqdim edirik:

- Yeni Azərbaycan Partiyasının fəal gənci olaraq, 9 oktyabr Prezident seçkiləri barəsində nə düşünürsüz?

- 9 oktyabr 2013-cü il tarixdə sonuncu prezident seçkilərinin 5 ili, ümumilikdə isə cənab İlham Əliyevin ölkəyə rəhbərlik etməsinin on ili tamam olur. "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" deməklə fəaliyyətə başlayan cənab İlham Əliyev ötən illər ərzində öz praktiki fəaliyyətində, sözün əsl mənasında, hər bir kəsin prezidenti olduğunu sübut edərək, ölkəmizdə dinamik inkişafın tərəqqisini təmin edən sabitliyin qorunub saxlanması, Azərbaycan Respublikasının beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, sosial həyatın bütün sahələrində mütərəqqi islahatların aparılması istiqamətində çoxlu mühüm bənzərsiz və misli olmayan addımlar atıb. Ümummilli liderimiz Heydər Əliyevin siyasi strategiyasının cənab İlham Əliyev tərəfindən inamla həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycan dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkədə tarazlıq, davamlı inkişafın təmin edilməsi istiqamətində atdığı addımlar və əldə edilən uğurları ilə beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilib. Artıq dünya birliyinə yaxından inteqrasiya olunan müstəqil Azərbaycan Respublikasında bütün proseslər xalqımızın milli mentalitetinə və dövlətçilik prinsiplərinə uyğun olaraq beynəlxalq birliyin, nüfuzlu beynəlxalq təşkilatların rəyləri nəzərə alınmaqla müasir dövrün tələbləri səviyyəsində qurulmaqdadır. Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr nəticəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə dünyanın sürətlə inkişaf edən ölkələri sırasındadır. Əlbəttə, bütün bunlar ölkə başçısının ardıcıl və qətiyyətli qərarlarının real nəticəsidir.

Ümumilikdə isə, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab İlham Əliyevin prezidentlik dövrünün 2003-2013-cü illəri əhatə edən hissəsində əldə edilmiş iqtisadi uğurlara makroiqtisadi sabitliyin qorunub saxlanılması və davamlı iqtisadi artımın təmin edilməsini, iqtisadi idarəetmənin səmərəliliyinin yüksəldilməsi, qeyri-neft sektorunda inkişafın sürətləndirilməsini, investisiya mühitinin yaxşılaşdırılması və regionlarda sahibkarlığın, istehsal, sosial infrastrukturların inkişafını, bu sahədə stimullaşdırıcı addımların atılmasını, ölkədə yoxsulluğun səviyyəsinin əhəmiyyətli şəkildə azaldılmasını, məşğulluğun təmin edilməsi, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası istiqamətində fəaliyyətin gücləndirilməsini və s. kimi məsələləri aid etmək olar.

Tərəqqi göz qabağındadır. Qədirbilən Azərbaycan xalqı prezidentliyi Vətənə, xalqa xidmət etmək fürsəti kimi dəyərləndirən cənab İlham Əliyevin təkcə son on ildə deyil, hətta daha əvvəl, siyasi arenaya çıxdığı ilk dönəmlərdən ölkənin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirir və onun prezident vəzifəsində məhsuldar, düşərli fəaliyyətinin davam etməsi üçün 9 oktyabrda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcək. Cənab İlham Əliyevin yürütdüyü gənclər siyasətindən bəhrələnən, bu siyasətin vəd etdiyi perspektivi görən və qiymətləndirən müasir Azərbaycan gəncliyi də öz gələcəyinin təminatı, arzularının gerçəkləşməsi naminə, onu işıqlı sabaha aparan yolun bələdçisinə siyasi dəstək verəcək, İlham Heydər oğlu Əliyevin yanında olacaq. Müşahidələr bunu tam əminliklə deməyə əsas verir. Yeni Azərbaycan Partiyasının sıralarında birləşən gənclər bu gün artıq cəmiyyətdə söz sahibi olan elektorata çevriliblər və öz sözlərini demək, cənab İlham Əliyevin ətrafında sıx birləşmək, səfərbər olmaq əzmini nümayiş etdirmək üçün get-gedə daha geniş meydana, daha uca tribunaya çıxırlar. YAP gənc üzvü olaraq mən də KİV-in imkanlarından, internet resurslarından yararlanaraq, partiyamızın namizədinin seçkiqabağı təşviqatına dəstək verirəm. Təşkil etdiyimiz tədbirlərlə, aksiyalarda, qanunla qadağan olunmayan təbliğat və təşviqatı ilə siyasi iradəmi göstərirəm.

- Müxalifət düşərgəsində olan gənclərin çaxnaşma salmaq cəhdlərinə münasibətiniz necədir?

- Həm yaşlı, həm də gənc nəslin nümayəndələri olan fəal partiyadaşlarım bu məsələyə münasibət bildiriblər, müxalif gənclərin ölkədə aranı qatmaq cəhdlərinin siyasi sifariş olduğunu və heç bir perspektiv daşımadığını deyiblər. Qeyd etmək istərdim ki, müxalif gənclər konkret təklif irəli sürə bilmir, yalnız ümumi sözlərlə kifayətlənirlər. Müxalifət partiyalarının liderləri bir araya gələ bilmədikləri kimi, həmin partiyaların gənclərinin də vahid mövqeyi yoxdur. Onu da qeyd etmək istəyirəm ki, müxalifət liderlərinin televiziya debatlarında sərgilədikləri dırnaqarası tərbiyə nümunələri müxalif gənclərin sırasının artmasına deyil, əksinə onların seyrəlməsinə səbəb olub. Müxalifətin təşkil etdiyi mitinqlərdə gənclərin aktiv görünməməsi də bunu təsdiqləyir.

Cənab İlham Əliyevin gənclərlə görüşü zamanı "biz gəncləri siyasi baxışlarına görə bölmürük" - deməsi müxalif gənclərin də çoxunu öz mövqelərini bir daha nəzərdən keçirməyə meylləndirib. Onlar əvvəla dərk etməyə başlayıblar ki, müxalifət liderlərinin planları xalq tərəfindən dəstəklənmədiyindən həyata keçməyəcək. Müşahidə etməyə başlayıblar ki, həmin planlarda nəinki YAP gənclərinə, heç ümumiyyətlə gənclərə yer yoxdur. "Milli Şura" deyilən qurumun vahid namizəd kimi irəli sürdüyü Cəlil Həsənlinin ölkə Prezidentinin ailəsinin gənc üzvlərinə qarşı böhtan və əsassız ittihamlarla çıxış etməsi isə göstərdi ki, onlar hakimiyyət tərəfində olan gənclərə də qarşı potensial kin-küdurət bəsləyirlər.

- Son olaraq, 9 oktyabr təqvim günündə keçiriləcək prezident seçkilərində iştirak edəcək Azərbaycan gənclərinə tövsiyələrinizi eşitmək istərdik…

- Seçki hüquqlu Azərbaycan gənclərini oktyabrın 9-da hamılıqla seçki məntəqələrinə gedib Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevə səs verməyə dəvət edirəm, tərəddüd edən həmyaşıdlarını, dost-tanışlarını da İlhamlı gələcəyə inandırmalarını tövsiyə edirəm. Azərbaycan gənclərini cənab İlham Əliyevin gənclər siyasətinə uyğun olaraq həyata keçirilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının əhəmiyyətini bir daha xatırlamağa dəvət edirəm. Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığı və fiziki inkişafı, məşğulluqlarının təminatı sahəsində görülən işləri yada salmağa səsləyirəm. Gənc ailələrə, gənclər təşkilatlarına dövlət yardımı, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi, peşə hazırlığının yüksəldilməsi sahəsində həyata keçirilən tədbirləri bir daha yada salmağa çağırıram. Əsla onu demək istəmirəm ki, gənclər təkcə məhz bu layihələri gerçəkləşdirdiyinə görə minnətdarlıq əlaməti olaraq cənab İlham Əliyevə səs verməlidirlər. Gənclər həmin layihələrin bundan sonra daha da genişlənməsi, daha çox gənci əhatələməsi, ölkənin gələcək inkişafında rollarının daha da artması naminə İlham Əliyevi yenidən prezident seçməlidirlər. Gənclər, onların arzu və diləklərinə, tələb və istəklərinə həssaslıqla yanaşdığına görə seçimlərini məhz İlham Əliyevin üzərində saxlamalıdırlar.

Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Azərbaycanın gənclər siyasətinin məqsədlərindən biri də ölkənin tərəqqisinə nail olmaq yönündə gənclərin məsuliyyətini artırmaqdan ibarətdir. Əminliklə deyə bilərəm ki, son on ildə bu istiqamətdə xeyli iş görülmüşdür və öz ölkəsinin işıqlı sabahı üçün cavabdehlik məsuliyyətinin altına çiyin verən, təkcə öz valideynlərinin deyil, həm də xalqının övladı olmaq vəzifəsindən boyun qaçırmayan qeyrətli Azərbaycan gəncləri seçim etməyin də məsuliyyətini dərindən dərk etdiklərindən, ən layiqli namizədə – Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevə səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə