Vüqar Səfərli: "Jurnalistlərin üzərinə yalnız seçki prosesini müşahidə etmək düşür"

Vüqar Səfərli: "Jurnalistlərin üzərinə yalnız seçki prosesini müşahidə etmək düşür"

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının (MSK) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, MSK-nın sədr müavini Natiq Məmmədov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər şəxslər, media nümayəndələri iştirak ediblər.

Vüqar Səfərli tədbiri açıq elan edərək deyib ki, konfransın təşkilində əsas məqsəd müşahidəçi jurnalistlərin hüquqlarını bir daha onlara xatırlatmaq, diskussiya təşkil etmək və maarifləndirməkdir: "9 oktyabrda Azərbaycan xalqı növbəti dəfə öz layiqli prezidentini seçəcək. Jurnalistlərin üzərinə isə seçki prosesi müşahidə etmək düşür".

Daha sonra çıxış edən MSK-nın sədr müavini deyib ki, bizlər o xalqlardan hesab olunuruq ki, öz müqəddaratımızı özümüz təyin edirik: "Bu, Azərbaycanın müstəqil dövlət kimi böyük uğuru kimi dəyərləndirilməlidir".

Əflatun Amaşov isə diqqətə çatdırıb ki, MŞ həm yerli, həm də beynəlxalq qurumlarla mütəmadi əlaqələr saxlayacaq: "Seçki prosesində fəaliyyət göstərən jurnalistlər üçün MSK-nın hazırladığı bələdçi kitabında da jurnalistlərin seçkidə necə iştirak edəcəyi ilə bağlı ətraflı məlumatlar yer alıb".

Daha sonra MSK-nın üzvü, komissiyanın nəzdində fəaliyyət göstərən mətbuat qrupunun rəhbəri Azər Tağıyev "Jurnalistlər tərəfindən seçki prosesində müşahidə aparılmasının hüquqi əsasları", hüquqşünas Aydın Kərimov "Demokratik cəmiyyətdə KİV-lərin seçki müşahidəçiliyinin əhəmiyyəti" barəsində çıxışlar ediblər.

Konfransın sonunda isə jurnalistləri maraqlandıran suallar MSK təmsilçiləri tərəfindən cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə