Korrupsiyaya qarşı mübarizədə atılan addımlar öz səmərəsini verir Müsahibə
OECD təşkilatı (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi çərçivəsində Azərbaycanla bağlı hesabat qəbul edib. Hesabatda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən siyasət ümumən təqdirəlayiq hesab edilib və bu sahədə əldə edilən nailiyyətlər vurğulanıb. Dəyərləndirmə Azərbaycanda antikorrupsiya siyasəti, antikorrupsiya qanunvericiliyi və korrupsiyanın qarşısının alınması istiqamətləri üzrə həyata keçirilib. Mövcud hesabatla bağlı Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov SİA-ya müsahibə verib. Müsahibəni təqdim edirik:
- Mövcud hesabata münasibətiniz necədir?
- Beynəlxalq təşkilatlar Azərbaycandakı korrupsiya sahəsindəki fəaliyyəti uzun müddətdir ki, müsbət tendensiya ilə davam etdirir. Bildiyiniz kimi, 2004-cü ildə "Korrupsiya ilə mübarizə haqqında" qanun layihəsi qəbul edilib. Daha sonra 2004-2012-ci illəri əhatə edən dövlət proqramı qəbul edilib. Mövcud dövlət proqramlarının icrası onu göstərir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə atılan addımlar az da olsa öz səmərəsini verir. Təbii ki, korrupsiyaya qarşı mübarizə uzun illəri əhatə etməlidir. Bu işə müxtəlif mexanizmlər əlavə olunmalıdır. Müsbət tendensiyaları da əldə etmək üçün bu mübarizə davamlı olmalıdır. Fondumuz neçə illik fəaliyyəti dövründə ölkəmizin bütün ərazilərində müxtəlif araşdırmalar aparıb sorğular keçirib. Biz belə müsbət tendensiyaları öz sorğularımızda da görürük. Əhalinin korrupsiyaya qarşı müqavimətinin artmasında da bunun şahidi oluruq. Bütün bunlar da hesabatda göstərilənlərin Azərbaycan reallığına uyğun olduğunu göstərir. Bu da bir daha onu göstərir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə atılan addımlar düzgün istiqamətdədir.
- Belə nüfuzlu beynəlxalq təşkilatın qəbul etdiyi hesabat onu deməyə əsas verirmi ki, Azərbaycan iqtidarı ölkədə korrupsiyanın qarşısının alınması və onun səviyyəsinin aşağı salınması üçün ciddi siyasi iradə ortaya qoyur?
- Dünən Baş prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin inzibati binasının açılışında ölkə başçısı İlham Əliyev bir sıra mühüm məsələlərə toxundu. Həmin məsələlər də hazırda ən aktual olanlardır. Orada bir məsələ xüsusi olaraq vurğulandı ki, bu istiqamətdə bütün üsullardan istifadə olunmalıdır. Beynəlxalq təcrübədə yaxşı nə varsa, biz onu mənimsəməyə çalışmalıyıq. Bununla yanaşı, heç bir cinayət cəzasız qalmamalıdır. Korrupsiyaya qarşı mübarizənin ən əsas şərtlərindən biri də həmin korrupsiyanın qarşısını almaqdır. Hər hansı bir işin cəzaya gedib çıxmaması üçün mövcud olan şəraiti aradan qaldırmalıyıq. Dövlət başçısının dediyi kimi, yaradılan şəraiti və mühiti aradan qaldırmalıyıq. Bu mühitin aradan qaldırılmasında vətəndaş cəmiyyətinin rolu danılmazdır.
- Azərbaycanda korrupsiyanın aradan qaldırılması üçün bir sıra layihələr həyata keçirilir. Buna bariz nümunə kimi, "Asan Xidmət", "elektron hökumət" fəaliyyət göstərir. Bu barədə nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, Azərbaycanda məişət korrupsiyası daha geniş yayılıb. Mövcud olan bu korrupsiyasının səviyyəsinin aşağı salınmasında "Asan Xidmət"in çox böyük rolu var. Azərbaycanda əhalinin dövlət orqanlarına müraciət etmək məsələsində hələ də müəyyən problemlər yaşanır. Buna görə də vətəndaşların hər hansı bir dövlət orqanına müraciət etməsi üçün daha çox dövlət səviyyəsində qaynar xətlərin yaradılması vacibdir. Vətəndaşların dövlət orqanlarına olan inamı artırılmalı, məmur özbaşınalığına da son qoyulmalıdır.
- Müxalifət nümayəndələri Azərbaycanda korrupsiyaya qarşı aparılan işləri inkar edir. Buna münasibətiniz necədir?
- Bu sahədə aparılan işlər göz qabağındadır. Korrupsiyaya qarşı mübarizələrin aparılmasının müsbət tendensiyalarını da görürük. Siyasi mübarizədə belə üsullardan istifadə etmək tez-tez rast gəlinən haldır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB