Prezidentin şərəf və ləyaqətini qoruyan yeni qanun qəbul olunmalıdır
"Azərbaycanda Prezidentin şərəf və ləyaqətini qorumaq məqsədilə yeni qanun qəbul olunmalıdır. Yadınızdadırsa yaz sessiyasında vətəndaşların şərəf və layəqətinin təhqir olunması ilə bağlı qanunlara çox ciddi dəyişikliklər etdik. Bu dəyişikliklər cəmiyyətin əksəriyyəti tərəfindən normal qarşılansa da, bəzi müxalifət qüvvələri səs-küy salmağa başladılar ki, guya bu insan hüquqlarının məhdudlaşdırılmasıdır". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentin ilk iclasında çıxışı zamanı bildirib.
O, bu təhqirlərin müəllifi olan müxalifətin hələ də 90-cı illərin təfəkküründə qaldığını bildirib: "Bunlar inkişaf etmirlər, hələ də İsgəndər Həmidov təfəkkürü ilə yaşayırlar. İndi özünü qəhrəman kimi təqdim edən İsgəndər Həmidov vaxtı ilə dövlət televiziyası ilə Azərbaycan xalqını təhqir edirdi. İndi də Azərbaycan prezidentini təhqir edirlər. Unutmayaq ki, Azərbaycan prezidentinin ən azı üç ali statusu var. O, Prezident, Ali Baş Komandan, eləcə də Ali İcra Başçısıdır. Amma bu statuslar pozulur və müxalifət tərəfindən təhqir olunur".
Z. Əsgərov Konstitusiyanın 106-cı maddəsini xatırladıb: "Həmin maddədə prezidentin şərəf və ləyaqətinin toxunulmazlığı açıq formada göstərilir. Amma bu gün bu maddə ciddi şəkildə pozulur. Ona görə də mən təklif edirəm ki, bu maddəyə əsasən, ayrıca qanun qəbul edək və bu məsələni ciddi nəzarətə götürək".
Oqtay Əsədov isə məsələ ilə bağlı çıxışında qeyd edib ki, seçki debatları hər kəsin simasını göstərir: "Prezidentə heç bir təbliğat lazım deyil, o 5 illik prezidentliyi dövründə yürütdüyü siyasətlə kifayət qədər təbliğ edilib və xalq tərəfindən əvəzolunmaz sevgiylə dəstəklənib. O ki qaldı təhqir edən şəxslərə, onların eyiblərini örtmək mümkünsüzdür. Bu səbəbdən də biz hamımız seçkilərdə aktiv iştirak etməliyik və bir daha sübut etməliyik ki, Azərbaycan vətəndaşları düzgün qərar qəbul edirlər".
Spiker, Z.Əsgərovun təklif etdiyi məsələnin qanunvericiliyə daxil edilməsinim mümkün olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB