Politoloq: "Serj Sarkisyan erməni hərbçilərin döyüş ruhunu öldürür"
"SSRİ-ni dağıdan Dağlıq Qarabağ münaqişəsi Gömrük İttifaqının formalaşması prosesini dayandıra bilər". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən "Qarabağ saatı"nda deyib.
Politoloq bildirib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanın Gömrük İttifaqına üzvlüyü bu qurum üçün yalnız problemlər vəd edir: "Hal-hazırda Gömrük İttifaqının daxilində ziddiyyətli proseslər baş verir. Gömrük İttifaqına üzvlüyün öz müstəqilliyinə təhlükə olacağını başa düşən Qazaxıstan sözügedən qurumun formalaşmasına maneçilik edir. Belorusiya da oxşar mövqedən çıxış edir. Təşkilatın indiki üzvlərinin Ermənistanın quruma qoşulmasından istifadə etmələri istisna edilmir. Əvvəla, Qarabağ münaqişəsinin tənzimlənməməsi fonunda Rusiyanın Ermənistanı Gömrük İttifaqına üzv etməsi MDB məkanında separatizmin ruhlandırlması istiqamətində yeni presedent ola bilər. Etnik, dini parçalanmanın Qazaxıstanın da daxilində baş verməsi mümkündür. İikincisi, Qazaxıstan və Belorus Gömrük İttifaqının formalaşması ilə bağlı danışıqların uzanması üçün bəhanə kimi istifadə edə bilərlər".
M.Əhmədoğlu sözlərinə əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi və Ermənistanın Gömrük İttifaqına daxil olması danışıqları eyni vaxta düşərsə, bu, Rusiyanın dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə töhfəsi kimi qəbul oluna bilər: "Eləcə də Gömrük İttifaqı faktoruna görə Dağlıq Qarabağın Azərbaycana qaytarılması Moldovada və Ukraynada da bu qurum haqqında müsbət rəy formalaşdıra bilər. RF Dağlıq Qarabağın Azərbaycana qaytarılmasında nail olacaqsa, MDB məkanında separatizmin yol verilməz olduğunu bildirəcək. Dağlıq Qarabağ tənzimlənməsində təşəbbüs göstərməyəcəksə, o zaman Gömrük İttifaqı da MDB-dəki digər subregional qurumların taleyini yaşayacaq".
M.Əhmədoğlu deyib ki, Ermənistanın prezidenti S.Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində bəzi addımlar atmalı olacağını başa düşüb: "Eyni zamanda rəhbərlik etdiyi ölkənin indiki və gələcək tarixi qarşısında simasını da qorumağa çalışır. Belə vəziyyətdə yeganə çıxış yolu ordu ilə manevr etməkdir. Vaxtilə, Dağlıq Qarabağda döyüşüb Azərbaycan torpağını işğal edənlər indi təkcə allahın deyil, həm də S.Sərkisyanın qəzəbinə tuş gəliblər. S.Sərkisyan bəlkə də şüurlu şəkildə Suriya ermənilərinin Dağlıq Qarabağa köçməsinə, Ermənistan-Gürcüstan keçid məntəqəsinin super rekonstruksiyasına, frankofoniyaya, pul ayırıb ki, Qarabağ müharibəsində iştirak edənlərə pul çatmasın. Bununla da o, indiki hərbçilərin hərbi döyüş ruhunu öldürür. Qarabağda döyüşənlərinin mövcud durumları Azərbaycanla təmas xəttində dayanan hərbçilər üçün çox pis nümunədir və hərbi ruhun ölməsi deməkdir. Hərbi ruh Ermənistan rəhbərliyinin ən çox istifadə etdiyi təbliğat düsturlarındandır. Sünik vilayətinin qubernatoru S.Xaçaturyanın evində Dağlıq Qarabağdakı hərbi hissələrdən birinin komandiri A.Budaqyanın başına gələnlər də S.Sərkisyanın hərbçilərə verdiyi qiymətin ölçüsüdür. Hərbçini evinə dəvət edib güllələtdirən S.Xaçaturyan, oğlu və mühafizəçisi həbsdən azad edildi, A.Budaqyana qarşı açılmış cinayət işinə yeni istiqamət verildi. Bu addımlar S.Sərkisyanın ordunun daxilində vəziyyəti gərginləşdirmək kursunu götürdüyünü göstərir. Ordunun daxilində iğtişaşlar yaratmaqla onu zəiflədir və çıxılmaz vəziyyətdə olduğu üçün Dağlıq Qarabağ tənzimlənməsinə məcburən getdiyini xalqına başa salır".
Politoloqun fikrincə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ən mühüm dövr Aİ-nin Vilnüs sammitindən ATƏT ministerialınadək olan vaxtdır: "ATƏT MQ-nin yeni həmsədri C.Uorlik münaqişə regionuna səfər etdi. B.Obama yeni həmsədrin onun şəxsi nümayəndəsi olduğunu təsdiqlədi, Azərbaycan və Ermənistan prezidentlərinə göndərdiyi məktubda bunu xüsusi vurğuladı. B.Obama kompromislərin hazır olduğunu da bildirsə də, onların nədən ibarət olduğunu bildirmədi. ATƏT MQ həmsədr ölkə prezidentləri tərəfindən Dağlıq Qarabağ tənzimlənməsilə bağlı 4 il əvvəl qəbul olunmuş rəsmi mövqenin rəsmi Yerevan tərəfindən qəbulu barədə S.Sərkisyanın təsdiqi göstərir ki, kompromislər Yenilənmiş Madrid Prinsipləri əsasındadır. Bu sənəd ətraf 7 rayonun dərhal, Dağlıq Qarabağın özünün isə Azərbaycana tədricən qaytarılmasını nəzərdə tutur. Ermənistanın bu prosesə maneçilik etməyə imkanı yoxdur. Belə məsələlərdə Ermənistanın maraqlarına cavab verən pozuculuq işi ilə ATƏT MQ həmsədrləri məşğul idilər. S.Sərkisyanın ucbatından ATƏT MQ arabanın "beşinci təkər"inə çevrilib".
"ABŞ-ın mövqeyi Rusiyanın mövqeyinə yaxınlaşıb. V.Putin Dağlıq Qarabağ münaqişəsini "siyasi vasitələrlə" tənzimləmək istəyirsə, B.Obama "siyasi vasitələr-dinc danışıqlar vasitəsilə" tənzimləmək niyyətindədir. ABŞ dövlət katibi C.Kerri Aİ-nin Vilnüs sammitində iştirak etmək üçün noyabrın 29-30-də Litvada olacaq. ATƏT-in ənənəvi illik minsterialı isə dekabrın 4-5-nə təyin olunub. Aralıqda olan üç gün ərzində C.Kerri Azərbaycan və Ermənistan prezidentlərilə görüşə, onların birbaşa dialoqunun təşkilində iştirak edə bilər. C.Kerri çox böyük ehtimalla "Böyük Sülh Müqaviləsi"nin imzalanmasına cəhd edəcək. Azərbaycan yalnız Dağlıq Qarabağ münaqişəsinin praktik tənzimlənməsinin başlamasına imkan verən "Böyük Sülh Müqaviləsi"ni imzalaya bilər. Tənzimlənmə prinsipləri haqqında nəzəri, aralıq sənədlərin imzalanması Ermənistanın pul dilənmək maraqlarına cavab verir, Azərbaycanın maraqlarına ziddir, - deyə politoloq sözlərinə əlavə edib.
M.Əhmədoğlu qeyd edib ki, ABŞ-ın artan aktivliyi RF-də müxtəlif reaksiyalar yarada bilər: "RF-də də Dağlıq Qarabağ münaqişəsinin ABŞ-ın və digər qüvvələrin vasitəsilə tənzimlənməsinin tərəfdarları var. Bu halda RF Azərbaycanı itirə bilər. RF C.Kerrinin regiona səfərinədək bəzi aktivliklər nümayiş etdirə bilər".
Bundan başaqa politoloq bildirib ki, Meğri dəmiryoluna münasibət Ermənistanın Aİ və Gömrük İttifaqı arasında seçimində "həqiqət anı" rolunu oynayır: "Ermənistan və Rusiya arasında Meğri vasitəsilə dəmiryolu əlaqəsinin qurulması yalnız və yalnız rəsmi Yerevandan asılıdır. Eyni zamanda Meğri dəmiryolunun açılmasına ən ciddi təsir edə bilən dövlət də Rusiyadır. Əgər Ermənistan və Rusiya həqiqətən əlaqələr qurmaq, eləcə də hər ikisi Dağlıq Qarabağ münaqişəsini tənzimləmək istəyirlərsə, o halda sözügedən dəmiryolunun fəaliyyəti yeganə mümkün variantdır. Meğri dəmiryolunun fəaliyyətə başlaması Rusiyanı Türkiyə və İranın sərhədlərinə çıxarır. Ermənistanda Meğri dəmiryolunun açılmasına maneçiliyin iki mənası var. Birincisi, Ermənistan beynəlxalq ictimaiyyətə "hə" desə də, təhtəlşüurda Dağlıq Qarabağ tənzimləməsinə hazır deyil. Ermənistan Yenilənmiş Madrid Prinsiplərinə razıdırsa, Meğri dəmiryolunun keçdiyi ərazinin Azərbaycana qaytarılması və funksiyalaşması yalnız vaxt məsələsidir. İkincisi, Ermənistan Rusiyanın Cənubi Qafqazda kommunikasiya imkanlarının məhdudlaşdırılması sifarişini alıb və onu yerinə yetirir. Elə bu sifarişin tərkib hissəsi olaraq gürcü-abxaz dəmiryolunun açılmasına təkid edir və Rusiyanı bu məsələdə zor tətbiq etməyə yönəldir. Gürcü-abxaz dəmiryolu vasitəsilə Ermənistanın Rusiya ilə əlaqələnməsi nonsensdir; Abxaziya müstəqilliyinin Ermənistan və Gürcüstan tərəfindən tanınmasını tələb edir. Ermənistan Abxaziyanın müstəqilliyini tanıyacaqsa, Gürcüstan Ermənistanla əlaqələri kəsəcək. Abxaziya isə müstəqilliyi tanınmadan bu proyektə icazə verəcəksə, özü öz müstəqilliyini şübhə altına almış olacaqdır. Eləcə də Rusiya Abxaziyaya qarşı zor tətbiq edəcəksə, Abxaziya Türkiyəyə tərəf meyllənəcəkdir. Beləliklə Ermənistan Rusiyanın strateji müttəfiqi olduğunu desə də, əslində, Rusiya üçün münaqişə yaratmaqla məşğuldur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB