Nazir müavini: “Məqsədimiz həbs edilmiş şəxslərin seçki hüququnun təmin edilməsidir”

Nazir müavini: “Məqsədimiz həbs edilmiş şəxslərin seçki hüququnun təmin edilməsidir”

"Azərbaycan Konstitusiyası qəbul olunandan sonra ədliyyə orqanları üzərinə düşən vəzifələrə uyğun olaraq Mərkəzi Seçki Komissiyası və digər komissiyalarla birgə məhkumların seçki prosesi ilə bağlı maarifləndirmə tədbirləri keçirirlər. Burada məqsəd cəmiyyətimizin bütün təbəqələrinin, o cümlədən də məhkum olunan şəxslərin təmin edilməsidir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.

A.Cəfərovun sözlərinə görə, məhkumların seçkilərdə iştirak etməsi üçün ədliyyə orqanlarının üzərinə çoxsaylı vəzifələr düşür: "Bizim üzərimizə düşən əsas vəzifə seçki məntəqələrinin yaradılması, onların qanunauyğun fəaliyyətinin təmin edilməsi, bu dövr ərzində cəzaçəkmə müəssisələrinin mühafizəsinin təşkil edilməsi, eyni zamanda səsvermənin təşkili və onun nəticələrinin elan olunmasında qanunvericiliyin tələbələrinə əməl olunmasıdır. Bunun üçün də çalışırıq ki, treninqlər keçirək. Mənə elə gəlir ki, bu treninqlər işimizi təkmilləşdirməyə imkan verəcək. Ötən prezident seçkilərində məhkumların və siyahıya adı salınmış şəxslərin 99,3 faizi iştirak edib. Hesab edirəm ki, bu seçkidə də aktivlik yüksək səviyyədə olacaq".

Nazir müavini bildirib ki, müşahidəçilər təmsil etdiyi qurum tərəfindən təyin olunmur: "Buna baxmayaraq, penitensiar müəssisələrdə fəaliyyət göstərəcək müşahidəçilərə yüksək şərait yaradılacaq. Onlar müstəqil müşahidəçilər olacaqlar və onların müəssisələrə daxil edilməsi təmin ediləcək".

A.Cəfərov ayrı-ayrı vaxtlarda təxminən 17 min məhkumun səsvermədə iştirak etdiyini bildirib: "Ayrı - ayrı vaxtlarda təxminən 15 - 17 min və bir az çox məhkum səsvermədə iştirak edib. Güman edirəm ki, bu il seçkilərdə 17 min məhkum səsvermədə iştirak edə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə