Vəhdət Partiyasının sədri Tahir Kərimlinin "Milli Şura"nın mövcud durumu ilə bağlı SİA-ya müsahibəsi:
- "Milli Şura"nın prezidentliyə namizədliyini irəli sürdüyü Cəmil Həsənli hansı keyfiyyətlərinə görə seçkilərdə qalib gələ bilər?
- Cəmil Həsənliyə kənardan baxdıqda, ona yazığım gəlir. Vaxtı ilə müəyyən dərəcədə də olsa nüfuz qazana bilmişdi. Maraqlıdır, onu nə vadar edirdi ki, məğlubiyyətin qaçılmaz olduğunu bilə-bilə namizədliyini irəli sürürdü? Əvvəl namizədlik məsələsinə razı olmadığını dedi, lakin sonra fikrini dəyişdi. Bu da onun siyasi orientasiyasında qəribəliklərin olmasından xəbər verir. AXCP vaxtı ilə Cəmil Həsənlini millət vəkili seçildiyinə görə partiyadan çıxmağa vadar etdi. O da istefa verərək parlamentdə işini davam etdirdi. Həmin vaxtlarda Cəmil Həsənli özünü çox sakit apararaq heç bir aqressivlik nümayiş etdirmirdi. Lakin indi çox aqressiv bəyanatlar verir və bilir ki, seçkilərdə heç bir şansı yoxdur. Görəsən, hansı təkliflə razı oldu ki, "Milli Şura"nın namizədi olsun. Bildiyimiz kimi, "Milli Şura" artıq dağılmaq ərəfəsindədir. Bununla yanaşı, "El" hərəkatı ilə Şura arasında müəyyən problem yaranıb. Onlar arqument kimi ölkədə demokratiyanın olmamasını əsas gətirir. Dünyanın hansı ölkəsində demokratiya görürük? Misal olaraq, əsas aparıcı dövlət olan ABŞ BMT-nin qərarı olmadan Suriyaya hücum etmək istəyir. Demokratiyadan dəm vuran ölkələr müsəlman dövlətlərinə cəhənnəm əzabı yaşadır.
- "El" hərəkatının bütün üzvlərinin "Milli Şura"nın dünən keçirilən iclasına qatılmaması qurumun parçalanmasından xəbər verir?
- "Milli Şura"nın yaradılması "El" hərəkatı, AXCP və Müsavatın təşəbbüsü ilə olub. Mitinqdə olarkən gördülər ki, Müsavat cəbhəsi çoxlu insan və bayraqlar gətirdilər. Ancaq İsmayıllı hadisələri ilə bağlı ümumrespublika səviyyəsində mitinq edə biləcək bir nəfər də meydana çıxara bilmədilər. "Milli Şura" bir ara dedi ki, "El" hərəkatının dayaqları yoxdur, baxmayaraq ki adı çox böyük məna daşıyır, lakin göründüyü kimi deyil. Bu da bizə lazım deyil. "El" hərəkatının rəhbərliyi də bunu onları alçaltmaq kimi başa düşdü. Hətta imza toplama kampaniyasında onları nəzərə almadılar. Bütün yük guya AXCP və Müsavatın üzərindədir. Lakin onlar heç öz daxilindən namizəd irəli sürməyə cəsarət etmədi. Onlar siyasətçi idilər və bilirdilər ki, məğlubiyyət qaçılmazdır. Nüfuzlarının daha da aşağı düşəcəyini bilib, nə Əli Kərimli, nə də İsa Qəmbər prezidentliyə namizədliklərini vermədilər. Ona görə də dedilər ki, əziyyəti biz çəkiriksə, o zaman "El" hərəkatı bizə lazım deyil. Bunu da "El" hərəkatı çox aqressiv qarşıladı. Bütün bu məsələlər "El"çilərin iclasa qatılmamasına zəmin yaratdı.
- Bir çox partiyaların təmsil olunduğu "Milli Şura" vahid namizəd məsələsini gündəmə gətirdi. Lakin həmin partiyalar ayrı-ayrılıqda öz namizədliklərini irəli sürürlər. Bu nə dərəcədə düzgündür?
- Təbii ki, onların bu hərəkəti düzgün deyil. Bu da onu göstərir ki, onlar elə əvvəldən qeyri-səmimi olublar. Onlar sadəcə məcburiyyətdən bir araya gəliblər. Bu gün AXCP, Müsavat və digər partiyalar məğlubiyyətlərini bir-birilərinin üzərinə atmaqla özlərini gözdən salmaqla məşğuldur. Namizədlik məsələsində də onlar sadəcə partiya və şəxsi maraqlarına görə addım atırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB