Balakənin Katex kəndində soyuducu anbar kompleksi fəaliyyətə başlayıb

Balakənin Katex kəndində soyuducu anbar kompleksi fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakənə səfəri çərçivəsində Katex kəndində inşa olunan soyuducu anbar kompleksinin açılışında iştirak edib.

Son on ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm işlər görülüb. Respublikamızda sahibkarlığın inkişafına yüksək səviyyədə dövlət qayğısı göstərilir. Bunun nəticəsidir ki, indi bütün istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı artır. Bu, yeni soyuducu anbarların yaradılmasında da özünü göstərir. Belə soyuducu anbarlardan biri də Balakən rayonunun Katex kəndində inşa olunub.

Dövlətimizin başçısı Katex soyuducu anbar kompleksinin texniki və texnoloji xarakteristikasının sxemini, kənd təsərrüfatı məhsullarının saxlanmasının səmərəliliyini, rayonda illər üzrə meyvə və tərəvəz istehsalının dinamikasını əks etdirən stendlərə baxdı.

Bildirildi ki, kompleks bütün zəruri avadanlıqla təchiz edilərək müasir səviyyədə yaradılmışdır. Belə layihələrin reallaşması qeyri-neft sektorunun inkişafına təkan verməklə yanaşı, həm də ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir. Bu gün fermer-sahibkarlar və kənd təsərrüfatı istehsalçıları hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Belə soyuducu anbar kompleksinin onların ixtiyarına verilməsi də bunun əyani təzahürüdür.

Diqqətə çatdırıldı ki, kompleksin inşasına 2011-ci ilin sentyabrında başlanıb. Tikinti işləri ən müasir standartlara uyğun olaraq görülüb. Sahəsi 1,36 hektar olan kompleksə 12 soyuducu kamera və inzibati bina daxildir. Kompleksdə quraşdırılan avadanlıq Almaniyanın və Hollandiyanın aparıcı şirkətlərinin istehsalıdır. Burada hər birinin tutumu 1417 kubmetr olan 12 saxlama kamerası var. Soyuducu kompleksin ümumi tutumu isə 17 min kubmetr və ya 4,5 min tondur. Burada Balakən rayonunun və ətraf rayonların fermerlərinin istehsal etdikləri meyvə və tərəvəzin uzun müddət və itkisiz saxlanılması nəzərdə tutulur. Bu kompleksin istifadəyə verilməsi ümumilikdə bölgədə meyvəçiliyin və tərəvəzçiliyin inkişafına təkan verəcək.

Bildirildi ki, Katex kəndində 50 hektar sahədə kompleksə məxsus meyvə bağları da salınıb. Meyvə bağlarında xaricdən gətirilmiş alma sortları əkilmiş, damlama üsulu ilə suvarma sistemi qurulub. Həmin bağlardan tədarük edilən meyvə soyuducu anbar kompleksində saxlanılacaq.

Məlumat verildi ki, bu obyektin istifadəyə verilməsi həm də rayonda yeni iş yerlərinin açılması istiqamətində görülən işlərdən biridir. Yeni soyuducu anbar kompleksində ilkin olaraq 103 nəfər işlə təmin ediləcək. Gələcəkdə işçilərin sayının artacağı nəzərdə tutulur.

Prezident İlham Əliyev soyuducu anbar kompleksini işə saldı.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev tapşırıqlarını verdi.

Bütün xəbərlər Facebook səhifəmizdə