Sərraf Balaxan: “Rüstəm İbrahimbəyov radikal müxalifətin sonuncu bəlasıdır” MÜSAHİBƏ
Yeni Azərbaycan Partiyası(YAP) Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxanın SİA-ya müsahibəsi:
- Sərraf bəy, son zamanlar müxalifət daxilində gedən intriqalar bu düşərgənin formalaşdırdığı "milli şura"nın dağılmasına səbəb ola bilərmi?
- Hər dəfə seçki öncəsi müxalifətin durumuna diqqət edəndə "başbilənlər"in bir-birinə olan münasibətindən tutmuş, onları dəstəkləyən kiçik kəsimin qarşılıqlı münasibətlərinə qədər hər şey aydın görünür. Seçkiarası fasilədə nümayiş etdirilən süni "qardaşlıq" seçki ərəfəsində səmimi düşmənçiliyə çevrilir. Seçkilərdə qurulan birliklərini ardıcıl şəkildə dağıtdıqları kimi, öz aralarında olan və onlara hələ də inanan sadə vətəndaşların gördükləri pərdələri də cırıb atırlar. Amma mənim fikrimcə, bu seçkidə özlərini əsas oyunçular hesab edən Əli Kərimli və İsa Qəmbər heç xəyallarına belə gəlməyən bir duruma düşüblər. Bir deyim var - riyaziyyatda uğur əldə edə bilməyənlər ədəbiyyata gəlirlər.
- Maraqlıdır, mədəniyyətdə (kinoda) uğur qazananın siyasətdə nə işi var? Özünü təsdiq etmək istəyir, yoxsa məqsəd başqadır?
- Deyərdim ki, bu gün mövcudluğundan bəhs edilən "milli şura" və bu şuranın virtual qəhrəmanı olan Rüstəm İbrahimbəyov bizim radikal müxalifətin başına gələn növbəti və çox güman ki, sonuncu bəladır. Bir zaman ağız dolusu danışdıqları "ictimai palata"nı kim dağıtdısa, indiki "milli şura"nı da o kəslər dağıdacaq. Qalanı daxildən fəth etmək anlayışını yaraşmasa da, "milli şura"ya aid edərək deyə bilərəm ki, hakimiyyət marağını heç kimlə paylaşmayan İsa Qəmbər "milli şura"nı dağıdaraq özü prezidentliyə namizəd olacaq.
- Gəncləşmə siyasətinin müxalifət düşərgəsində aparılmamasının səbəbi nədir?
- Siyasi mübarizələrdə qələbələri əsasən novator düşüncə, alternativ baxış sərgiləyən tərəf qazanır. Çünki demokratik cəmiyyətin böyük imkanlar verdiyi xalq öz hakimiyyətini özü formalaşdırır. Burada xalqın, elektoratın əsas diqqəti aydın missiya, vəzifə və məqsədlər müəyyən etmiş və bunun üçün mübarizə aparan liderə və onun tərəfdarlarına yönəlir. Siyasət meydanında gənclik çox böyük qüvvədir və şəffaf ideologiya olan mühitdə hər şeyə qadirdir. Bunun əyani təsdiqini ümummilli lider Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyasının ətrafında birləşən yüz minlərlə insanların, xüsusən gənclərin simasında görmək olar. Lakin biz Azərbaycanda özünü müxalifət adlandıran radikal qüvvələrdə bunun əlamətini belə görmürük. 20 ildir ki, ölkəmizdə gedən siyasi mübarizədə həmişə məğlub durumda qalan, bunun səbəblərini təhlil etmək əvəzinə, daha da kor-koranə addımlar atan bu radikal qüvvələr həm bioloji, həm də mənəvi cəhətdən qocalıblar. Əslində deyərdim ki, qocalmayıblar, sadəcə onlar elə 20 il bundan əvvəlki zamanda da qalıblar, zaman onların üzərindən adlayıb keçib. Siyasi mübarizələrdə bioloji qocalmalar əhəmiyyətli olmasa da, düşüncənin qoca olması məğlubiyyətin öncəgörünən əlamətidir. Azərbaycan müxalifəti düşüncə və mübarizə metodları baxımından qocalaraq, ayrı-ayrı şəxslərin ambisiyalarına xidmət edən mexanizmə çevriliblər. Sanki bu partiyaların bircə missiyası var, o da hər 5 ildən bir sədrin prezidentliyə namizədliyini vermək və onu prezident görmək arzusu ilə yaşamaq. Şərt də budur ki, "Mən prezident olana qədər, heç bir gənc sədrlik xülyasına düşməməlidir!!!". Elə bu şərtlə 20 ildir özlərinin dediyi kimi "meydanlardadırlar". Bu mənzərəyə baxanda nəticəni aydın müşahidə etmək olur. Ölkəmizdə olan bu qüvvələr ətraflarında olan az miqdarda insanlarla birgə qocalmaq və elə birgə də məhv olmaq yolunu seçiblər. Bu qüvvələr Azərbaycanda iqtidara qarşı heç vaxt sağlam düşüncəli müxalifəti formalaşdıra bilməyəcəklər. Çünki orada fəaliyyət göstərən bir qrup gəncliyin yeni düşüncəsindən yararlanmaq əvəzinə, onları yalnız küçələrdə azsaylı qrup halında səs-küy salmağa, qanunsuz aksiyalar keçirməyə təhrik edirlər. Bu, 20 il öncə istifadə edilən siyasi mübarizə forması idi. Sosial şəbəkələrdə isə bu gəncliyə verilən özəl və bəlkə özlərinin müqəddəs hesab etdikləri bir görəv var: bir-birinin liderlərini tənqid etmək, onun fəaliyyətinə gülmək və hətta təhqirlər səsləndirmək. Mənə elə gəlir, Azərbaycanda sağlam düşüncəli müxalifət bu insanlar bioloji ömürlərini başa vurandan sonra yaranacaq. Belə bir müxalifətə həm cəmiyyətin, həm də iqtidarın ehtiyacı var. Çünki ən böyük nəticələr sağlam mübarizələrdə qazanılır. Bu gün əksər Azərbaycan gəncliyi özünü ümummilli lider Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyasında tapır, öz missiyasının da Azərbaycan dövlətinə, millətinə xidmətdən ibarət olduğunu dərindən dərk edir!
- Gənclərin müxalifətin arxasınca getməməsinin əsas səbəbi nədir?
- Bu gün müxalifətdə gənclərə etibar edilməməsinin, onların önə çəkilməməsinin əsas səbəbi, müxalifət liderlərinin apardıqları iyrənc siyasətdən öz maraqları naminə istifadə etmələridir. İndi tutduqları mövqelər onlar üçün maddi gəlir mənbəyidir, rahat həyatdır. Bir də bitirib tükənməyən hakimiyyət xülyası, ehtirasıdır. Onlar bilirlər ki, hazırda qərarlaşdıqları mövqeni hansısa bir gəncə təslim etsələr, özləri özlərini məhv edəcəklər. Bu səbəbdən də müasir Azərbaycan gəncləri öz seçimlərini sağlam siyasi qüvvələr üzərində qururlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB