Siyavuş Novruzov: “Bu, YAP-ın 600 minlik üzvünün qərarıdır” MÖVQE

Siyavuş Novruzov: “Bu, YAP-ın 600 minlik üzvünün qərarıdır” MÖVQE

"Bu gün ayrı-ayrı siyasi dairələrdən, dövlətlərdən maliyyə dəstəyi alan şəxslər ortaya çıxıb". SİA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov YAP Qubadlı rayon təşkilatının fəalları ilə görüşündə səsləndirib.

YAP icra katibinin müavini bildirib ki, Azərbaycanın ən ağrılı, çətin vəziyyətində Moskvada əyləşib öz işi ilə məşğul olan adamlar bu gün ölkə xalqının taleyindən, demokratiyadan danışırlar: "Bu insanlar Azərbaycanda hakimiyyətə gəlmək istəyirlər. Amma Azərbaycan cəmiyyəti bu insanların iç üzünü tanıyır və nəyə qadir olduqlarını yaxşı bilir".

Dünyada iki mindən artıq xalq olduğunu deyən YAP rəsmisi qeyd edib ki, bu gün sayca böyük xalqlar var ki, onların müstəqil dövləti yoxdur və onu qurub-yarada bilməyiblər. Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, özünün müstəqil dövləti mövcuddur. Bu dövlət günü-gündən inkişaf edir, güclənir və qüdrətlənir. Beləcə, ölkəmiz dünyada öz sözünü deyən dövlətə çevrilib.

Bu gün biz dünya ölkələri arasında müstəqil siyasət aparan dövlətik. Əgər biz keçmiş Şərqi Avropa və keçmiş SSRİ məkanına aid olan ölkələrə nəzər salsaq görərik ki, Azərbaycandan başqa ölkələrin heç biri müstəqil siyasət apara bilmir. Cənab Prezident İlham Əliyevin də dediyi kimi Azərbaycanı gözü götürməyənlərin bir səbəbi də ölkəmizin beynəlxalq arenada öz sözünü deməsi, müstəqil siyasət aparması, iqtisadiyyatını qurması və bununla bağlı da heç kimlə hesablaşmaması, öhdəliyinin olmamasıdır. Azərbaycan Cənubi Qafqazın ən güclü və aparıcı dövlətidir. Ölkəmiz beynəlxalq aləmdə ayrı-ayrı dövlətləri geridə qoymaqla inkişaf etməkdədir. Azərbaycan 155 dövlətin səsi ilə BMT TŞ-nın qeyri-daimi üzvü seçilib. Artıq iki il ölkəmiz BMT TŞ-nın iclaslarına rəhbərlik edəcək. Bu gün Azərbaycanın ilk müstəqil süni peyki vardır. Beləcə, bir sıra dövlətlər də ölkəmizlə müqavilə əsasında bundan yararlanmağa çalışırlar. Bu gün dünyanın ən aparıcı beynəlxalq tədbirləri (idman, dünya çempionatları, musiqi yarışmaları və s.) Azərbaycanda keçirilir. Bunların hər biri ona görə, ölkəmizdə keçirilir ki, burada təşkilatçılıq yüksək səviyyədədir"- deyə, partiya rəsmisi sözlərinə əlavə edib.

"Bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərinə də toxunan S.Novruzov deyib ki, YAP ölkənin ən güclü siyasi partiyasıdır: "Hakim partiyanın çoxsaylı görüşlərində də bütün Azərbaycan ictimaiyyəti, cəmiyyəti, xalqı, seçicisi İlham Əliyevin 10 ildə gördüyü işləri bəyənir, dəstəkləyir və dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev siyasətinin davamlı olmağını istəyir. Beləcə, insanlar İlham Əliyevin yenidən prezidentliyə namizəd olmağını arzulayırlar. Bu, YAP-ın 600 minlik üzvünün qərarıdır".

Azərbaycanın Dövlət büdcəsindən və gəlirlərin son on ildə 23 dəfə artmasından danışan S.Novruzov bildirib ki, dünyada iqtisadi böhranın hökm sürdüyü bir vaxtda (Yunanıstanda 30 min müəllim işdən azad olunub, müəssisələr, təşkilatlar bağlanıb və s.) maliyyə böhranı ölkəmizdən yan ötüb. Son on ildə üç mindən artıq müasir standartlara cavab verən məktəblər, 500-dən artıq xəstəxana, poliklinikalar, diaqnostika mərkəzləri tikilərək istifadəyə verilib.

Cənab prezident İlham Əliyevin də dediyi kimi məhz bu inkişafın nəticəsidir ki, Ermənistandan hər il yüz min adam adı çəkilən bu ölkəni tərk edir: "Artıq hər kəs də bilir ki, bu dövlətin sonu yoxdur. Burada olan topaqlar əvvəllərdə olduğu kimi yenə də Azərbaycanın əzəli dədə-baba yurdu olaraq qalacaq. Bizlərin hər biri bunun şahidi olacayıq və görəcəyik.

S.Novruzov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dünyaya nümunə olaraq jurnalistləri evlə təmin edib: "Təbii ki, bunu gözü götürməyən ermənipərəst qüvvələr var. Onlar da Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd edir".

Bütün xəbərlər Facebook səhifəmizdə