Vəhdət Partiyasının sədri Tahir Kərimlinin SƏS TV-yə müsahibəsi
Bu gün seçkilərlə bağlı müxalifət düşərgəsində, ümumiyyətlə cəmiyyətdə fəallıq müşahidə olunur. Göründüyü kimi, birlik yaratmaq istəyən müxalifət partiyaları bir-birilərinə qarşı ittihamlar səsləndirməkdən belə çəkinmirlər. Bu günlərdə mətbuata verilən açıqlamaya görə, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Rəsul Quliyevə qarşı çox ağır ittihamlarla çıxış edib. O iddia edib ki, 1992-ci ildə onun həbs olunması üçün o dövrdə milli təhlükəsizlik nazirinin müavini olan Sülhəddin Əkbər, Prezident Administrasiyasına müvafiq sənədləri təqdim edib. Sonradan bu sənədlər ört-basdır edilib, Rəsul Quliyevin həbsi reallaşmayıb. Sözügedən mövzu ilə bağlı suallarımızı həmin dövrdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri vəzifəsində çalışan, Vəhdət Partiyasının sədri Tahir Kərimli cavablandırıb.
- Tahir bəy, siz o dövrdə Ali Məhkəmənin sədri işləmisiniz. Sizin bu məsələlərdən xəbəriniz var idi? Ümumiyyətlə, necə oldu ki, Rəsul Quliyev həbs olunmadı? Əgər Arif Hacılı Rəsul Quliyevin cinayətkar olduğunu bilirdisə, nəyə görə onun həbs olunması üçün müvafiq addım atmırdı? Bu, cinayəti bilib-gizlətmək kimi hüquqi məsuliyyət yaratmır ki?
- Əvvəla onu qeyd etmək istərdim ki, müxalifət liderlərinin, partiyalarının bir-birilərinə qarşı ittiham irəli sürmələrinin səbəbi ondan ibarətdir ki, birincisi, özlərini böyük hesab edən liderlər müxalifəti birləşdirib vahid namizəd ortaya çıxara bilmədi. Bu səbəbdən də heç vaxt müxalifət olmayan, hətta həmişə müxalifəti aşağılayan bir şəxsin "Milli Şura"nın sədri olmasına haqq qazandırdılar. Onların indiki dövrdə bir-birilərinə qarşı ittihamları müəyyən qədər gizlidirsə, sosial şəbəkələrdə özünü örtülü şəkildə büruzə verirsə, seçkilərdən sonra bu kəskin xarakter alacaq. Çünki, qarşıda onları məğlubiyyət gözləyir. Təbii ki, belə bir məğlubiyyətdən sonra onlar parça-parça olacaqlar. Onlar məğlubiyyətin günahını, səbəbini başqasının üstünə atmaqdan ötrü indidən bir-birilərini ittiham edirlər, gözdən salırlar. Mən belə hesab edirəm ki, bütün ittihamlara məhz elə bu səpgidən baxmaq lazımdır. Onlar məğlub olacaqlarını bilərək bir-birilərinə qarşı ittihamlarını davam etdirirlər. Bu onların qeyri-səmimi münasibətində də özünü əks etdirir.
Sizin ünvanladığınız sualın cavabına gəldikdə, əlbəttə o dövrdə mən də bu barədə eşitmişdim. O vaxt biz istəyirdik ki, məhkəmə hakimiyyəti yaradaq. Bildiyimiz kimi, prokurorluq konstitusiyada məhkəmə sisteminə daxil olan bir orqandır. O zaman konstitusiya məhkəməsi olmadığından ,ali məhkəmə sistemin ən yüksək zirvəsi idi. Əgər Sülhəddin Əkbər Rəsul Quliyev haqqında belə bir məlumat veribsə, bunun özü də paradoksal haldır. Həmin dövrdə Arif Hacıyev də yüksək vəzifə sahibi idi. Rəsul Quliyev haqqında cinayət işi ittihamı mövcud idisə, nəyə görə Arif Hacılı tədbir görmürdü? Axı cinayəti bilib, onu gizləməyin özü də cinayət məsuliyyətinə cəlb olunmaq deməkdir! Arif Hacılı bunların səbəblərini izah etməlidir. Bu yaxınlarda dövlət nəşrlərində o zamankı prezident Əbülfəz Elçibəyin müşavirələrin birində mənim də çıxış etdiyim dialoq verilib. Həmin vaxtlarda baş nazir olan Pənah Hüseynov bu gün mafioz adlandırdığı şəxsləri işə bərpa etmişdi. Necə ola bilər ki, onlar o zaman həmin insanları dövlətin ən mühüm postlarına gətirdiyi halda, indi mafioz adlandırırlar? Bunun özü bir paradoksdur.
- Belə bir iddia da var ki, Rəsul Quliyevin həmin dövrdə cinayətə cəlb olunmamasının səbəbi, o zamankı hakimiyyətin ondan 27 milyon manat alaraq azadlığa buraxması olub. Hətta məlumatlara görə, həmin vəsaitdən Azərbaycanın taxıl ehtiyatlarının ödənilməsinə də sərf edilib. Sonradan məlum olub ki, sözügedən taxıl kifayət qədər keyfiyyətsiz olub. Bu barədə nə deyə bilərsiniz?
- Təəssüf ki, sizə etiraz etmək imkanım yoxdur, çünki mən də həmin hakimiyyətdə təmsil olunmuşam. Siz görürsünüz ki, on illər ərzində mənim özümə qarşı ittihamlar irəli sürülsə də, mən bir keçmiş dövlət adamı kimi çalışmışam ki, öz hakimiyyətim haqda əlavə söz deməyim. Ancaq, siz elə faktlar deyirsiniz ki, mənim bunu inkar etmək imkanım yoxdur. Bu faktdır ki, həmin məbləğdə taxıl alınıb və onun bir hissəsi keyfiyyətsiz olub. Yerdə qalan hissəsinin taleyinin necə olduğu bəlli deyil. Hətta biz hakimiyyətdən gedəndən sonra da Azərbaycan Xalq Cəbhəsində dəfələrlə məsələ qaldırmışam ki, gəlin, bu barədə araşdırma aparaq! Nəyə görə biz həmin dövrdə hakimiyyəti idarə edə bilmədik? Mənim dəfələrlə göstərdiyim səylərə baxmayaraq, bu barədə araşdırmalar aparılmayıb. Deməli, belə aydın olur ki, o zaman Rəsul Quliyevin pulu şirin olduğundan onu elə yüksək vəzifəyə təyin etmişdilər. Hətta onlar geniş şəkildə təbliğat apararaq deyirdilər ki, Rəsul Quliyevin imkanlarından dövlətə kömək məqsədilə istifadə olunur. Bu zaman belə bir sual doğur. Nəyə görə bunların hamısı qanuni yolla icra olunmurdu? Bütün bu məsələlər o zaman dövlətin qanunlarına uyğun olaraq həll edilə bilərdi. Sizin qoyduğunuz suallar tam realdır. Bu səbəbdən də onu inkar etmək qeyri-mümkündür. Müxalifət bilməlidir ki, həqiqəti gizlətmək damğası onların üzərindədir. Buna görə də xalq onlara inanmır, onları dəstəkləmir.
- Bildiyimiz kimi, Rəsul Quliyevin o dövrdə baş nazir seçilməsinə, prezident səlahiyyətini icra edən İsa Qəmbər xüsusi dəstək göstərdi. Bu baxımdan demək olarmı ki, İsa Qəmbərlə Rəsul Quliyev eyni mövqedən çıxış edib, bir-birilərinə dəstək veriblər?
- Əgər o zaman Rəsul Quliyev hakimiyyətə gətirilirdisə, bu onu deməyə əsas verir ki, onlar eyni mövqedən çıxış ediblər. İndi sadəcə olaraq bir-birilərini ittiham edirlər. Gəlin, 2003-cü ilin prezident seçkilərinə nəzər yetirək. Nə üçün o zaman "Müsavat" qəzetinin səhifələrində böyük hərflərlə qeyd edilirdi ki, Rəsul Quliyev İsa Qəmbərin namizədliyini dəstəkləyir. Onlar Rəsul Quliyevi böyük şəxsiyyət dövlət adamı kimi təbliğ edirdilər. Ancaq indi mövqeləri müxtəlifləşən kimi bir-birilərini böyük məharətlə ittiham edirlər. Rəsul Quliyev indi İsa Qəmbəri keçmişi qaranlıq şəxs kimi təqdim edir.
- Arif Hacılı Rəsul Quliyevi "həşərat" adlandırıb. Maraqlı deyilmi, onların həşərat adlandırdığı Rəsul Quliyevlə Müsavat Partiyası "Milli Şura"da təmsil olunublar. Onlar sizcə eyni iddialarla çıxış edə biləcəklərmi?
- Əlbəttə, qeyd etdiyiniz məsələyə diqqət yetirdikdə hər kəsdə bu sual doğurur ki, nəyə görə onlar bir-birlərinə nifrət etdiyi təqdirdə "Milli Şura"da bir yerdədirlər. Onların düşmənçilik mövqeyi olduğu halda, nə səbəbə xalqı aldadırlar? Onlar hətta indiki "Milli Şura"nı 1918-ci ildə mövcud olan Milli Şuraya bənzədirlər. Lakin onlar anlamırlar ki, o Milli Şura rəsmi şəkildə dövlət orqanı idi, ona səlahiyyətli şəxslər rəhbərlik edirdi. İndiki "Milli Şura" isə sadəcə ictimai bir təşkilatdır. Onun heç bir hüquqi statusu yoxdur. Belə olduğu təqdirdə, onlar indiki "Milli Şuranı" "Azərbaycanın xilaskarı" kimi qələmə verirlər. Onlar yalanları ilə ikinci dəfə xalqın inamını qırdıqları halda, bu dəfə məsuliyyəti kimin üstünə atacaqlar? Onlar sadəcə ümid edirlər ki, hər hansı bir möcüzə ilə qalib gələrlər.
- "Milli Şura"da görünən odur ki, AXCP ilə Müsavat arasında qarşıdurmalar da pik həddə çatır. Bunlara nəzər salaraq, "Milli Şura"nın gələcək taleyinə nə dərəcədə inanmaq olar?
- Onu da qeyd etmək istəyirəm ki, onlar bir-birilərini qəbul etmədikləri üçün məhz başqa bir adamın namizədliyini irəli sürməsinə razı oldular. Onların arasında hədsiz dərəcədə fikir ayrılığı var. Belə halda "Milli Şura"nın hansı uğurundan danışmaq olar? Mən dəfələrlə bildirmişəm, necə ki biz vaxtı ilə inandıq, xalqımızı pərişanlığa uğratdıq, "Milli Şura" da həmin pərişanlığı xalqımıza bir daha yaşadacağını düşünür. Rüstəm İbrahimbəyov müxalifət tərəfindən aldadılıb. Necə olur ki, bir qədər bundan öncə o, Mehriban xanım Əliyevanı dəstəkləyir, hətta deyirdi ki, İlham Əliyev cavan olduğu halda bir neçə xarici dil bilir, amma mən bilmirəm. Onun peşmançılığı indidən özünü büruzə verir. O qalib gəlmək şansı olmadığını yaxşı bilir. Müxalifət öz yalanlarına inanaraq özlərini qocaltdı, bu prezident seçkiləri ilə də öz qəbirlərini qazacaqlar.
- Rüstəm İbrahimbəyov artıq dörd aya yaxındır ki, Azərbaycana gələcəyi haqda bildirmişdi. Bu, baş tutmadı. Nəhayət o, iyul ayının 30-da gələcəyi barədə fikir səsləndirib. Onun bu gəlişini Rəsul Quliyevin gəlişinə bənzətmək olarmı?
- Bilirsiniz ki, avqustun 2-si Milli Kino günüdür. Rüstəm İbrahimbəyov orada iştirak edəcəyini bildirib. Onun üzərində heç bir cinayət işi olmadığından dövlət tərəfindən maneçilik olmayacaq. Hər şey dövlətimizin qanunları çərçivəsində baş tutacaq. Əgər Rüstəm İbrahimbəyov özü-özlüyündə xof keçirirsə bunun heç kimə aidiyyəti yoxdur.
- Sizcə, iradəsi zəif olan bir siyasətçi qarşıya qoyulan hədəflərə nail ola bilərmi?
- Mən yenə də qeyd etmək istəyirəm ki, bütövlükdə "Milli Şura" adlandırılan qurum bu gün ancaq möcüzəyə pənah gətirir. "Milli Şura"nın İctimai Palatadan heç bir fərqi yoxdur. Əlavə ondadır ki, orada Rüstəm İbrahimbəyov və Eldar Namazov var. Başqa bir fərq yoxdur. Yadınızdadırsa. o vaxt Əli Kərimli ərəb inqilablarından ruhlanıb deyirdi ki, ərəb inqilabı Azərbaycanda da baş verəcək. Bəs nə oldu? Gördüyünüz kimi, bu fikirlərin heç biri özünü doğrultmadı. İctimai Palata vaxtından tez qocaldı, aradan itdi. Onlar buraya Rüstəm İbrahimbəyovu əlavə etməklə nəyə nail olacaqlarına ümid edirlər ki? Bir daha qeyd edirəm ki, onların ümidi möcüzəyədir, çünki arxalarında dura biləcək xalq yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB