Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk vilayət bölməsinin sədri, Murmansk vilayəti İctimai Palatasının üzvü, Murmansk vilayətinin qubernatoru yanında Milli Məsələlər üzrə Məşvərət Şurasının üzvü Afil Hüseynovun Səs TV-yə müsahibəsi:
- Afil müəllim, yaşadığınız vilayətdə özünüzə böyük nüfuz, hörmət qazanıbsınız. Eyni zamanda bir neçə vəzifə daşıyırsınız. Bu vəzifələri, məsuliyyəti daşımaq, bu uğurları qazanmaq çətin deyil?
- 10 il bundan qabaq çətin olardı. Bu işdə uzun müddət işlədiyim üçün çətin deyil. Bizim üçün xoşdur. Müəyyən vaxtlarda Azərbaycanın ağır günlərində - sovet dönəmində, 1990-91-ci illərdə bu ölkəni tərk edən insanlar Murmanskda yaşayırlar. Biz çalışırıq ki, onlarla birgə çalışaq və Azərbaycanı layiqincə təmsil edək.
- Sizdən başqa yüksək vəzifədə təmsil olunan soydaşlarımız varmı?
- Son illər Murmanskda azərbaycanlı həkim və müəllimlər çoxalır. Bu gün Murmansk vilayətinin bölgələri var ki, azərbaycanlılar həmin bölgənin deputatı olaraq fəaliyyət göstərirlər. Biz çalışırıq ki, gənclərə yol verək, bizim irsimiz, milli duyğularımız orada itməsin. Bu problemləri qaldırmasaq, xaricdə yaşayan gənclərimiz bu dəyərləri itirəcəklər. Çalışırıq ki, gənclərimiz milli dəyərləri öyrənsinlər.
- Qeyd etdiniz ki, mili hislərimizi, duyğularımızı, düşüncələrimizi qorumağa çalışırsınız. Bu mənada Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Əlaqələr çox gözəldir. Bizim diasporda konqresdən əlavə Murmanskda Azərbaycan konqresi fəaliyyət göstərir. Azərbaycan konqresindən başqa, orada heç bir fəaliyyət yoxdur. Murmanskda 26 millətin nümayəndəsi yaşayır. Onların da orada diasporları var. Onlarla biz sıx əlaqədəyik. Onlar da milli şuralarda iştirak edirlər. Biz çalışırıq ki, orada olan problemləri birgə həll edək. Bu yaxınlarda Murmanskda forum keçirdik. Moskvadan olan qonaqlar gördülər ki, burada olan şərait başqa regionlarda yoxdur. Biz çalışırıq ki, Azərbaycanın duyğularını xaricdə qoruyaq və yaşadaq.
- Cəmiyyətiniz digər diaspor təşkilatları ilə əlaqələr qurur?
- Orada yaşayan hər bir cəmiyyətlə biz çox sıx əlaqələr qururuq. Şura var, burada əlavə olaraq cəmiyyət yaranıb. Hər bir cəmiyyət bu şuraya daxildir. Biz vilayətin hər bir tədbirində iştirak edirik. 10 il bundan qabaq tədbirlərdə iştirak etmirdik. İndi nəinki Murmansk vilayətində, hətta Rusiyanın bütün bölgələrində keçirilən tədbirlərdə də biz iştirak edirik. Seçkilərdə, diasporların tədbirlərində, bayramlarında yaxından iştirak edirik. Onlar həqiqətən görürlər ki, biz varıq. Bizim öncül məqsədimiz Azərbaycanı tanıtmaqdır. Azərbaycanda oturmaqla bizim həqiqətləri xaricdə heç kim bilməyəcək. Biz çalışırıq ki, Azərbaycanın bütün həqiqətlərini insanlara çatdıraq. O vaxt Azərbaycanın adını çəkəndə onlar deyirdilər ki, buraya gəlməyə qorxuruq, indi biz bu sözü işlətməyə qorxuruq. "Avroviziya" mahnı müsabiqəsində biz birinci yeri tutanda bayraqlarımızla Murmansk küçələrinə çıxdıq. Qubernator və mer bizi təbrik etdi.
- Fəaliyyət göstərdiyiniz bölgədə Azərbaycanın həqiqətlərinin ictimaiyyətə çatdırılması üçün hansı tədbirlər görürsünüz?
- Azərbaycan reallıqlarının çatdırılması ilə bağlı tədbirlər çox keçirilir. Biz bu gün Azərbaycanda qeyd olunan hər bir bayramı Murmanskda keçiririk. Biz bu bayramları qeyd edirik ki, başqa millətlər bunu görsünlər. 10 il bundan qabaq azərbaycanlılara Murmanskda "bazar adamları" deyirdilər. Bu söz bu gün yığışdırılıb. Azərbaycanın milli bayramlarını biz hər dəfə göstərəndə, ictimaiyyətə çatdıranda onlar bunu ayaq üstə alqışlayırlar ki, Azərbaycanın nə qədər gözəl bayramları var. Biz "Murmansk" musiqi ansamblı yaratmışıq. Ansambl Murmanskda yaşayan azərbaycanlı gənclərdən ibarətdir. Bu kollektiv bütün bayramlarda milli paltarda, milli ənənədə çıxış edir. İnternet saytlarından görərsiniz ki, Emilya Həsənova Murmansk vilayətində beynəlxalq mahnı festivalında birinci yerə layiq görüldü. Bu gün xoşbəxt yaşamağımıza baxmayaraq, problemlərimiz var. Bu problemlərimizi biz dünya miqyasında televiziya vasitəsilə hər yerə çatdırırıq. Biz əsas problemimiz olan Dağlıq Qarabağ problemini Murmanskda həmişə qaldırırıq. 1918-ci ildə azərbaycanlılara qarşı ümumi soyqırımı, Xocalı soyqırımını, 20 yanvar hadisələrini televiziya, qəzet, jurnal vasitəsilə dünyaya çatdırırıq. 5-10 il qabaq elə bilirdilər ki, Qarabağ bölgəsi Ermənistanındır. İndi isə bilirlər ki, Qarabağ bölgəsi bölünməz Azərbaycanındır. Biz çalışırıq ki, bunu ölkədən kənara çıxanda da çatdıraq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB