İkiüzlülər və ölgünlər paradı: buyurun, davam edin

İkiüzlülər və ölgünlər paradı: buyurun, davam edin

"Gəlin baxaq, mənə bir ad deyin ki, siyasi xəritədə hansı nüfuzlu, ağıllı, dərin lider var ki, deyək ki, bu adam, doğrudan da, prezident ola bilər. Mən seçkilərdə konkurentlərə baxıram, gülməyim gəlir. Bunların arasında bir dənə də adam ki, mən deyim ki, bu adam, doğrudan da, prezident ola bilər, Azərbaycanda o yoxdur".

Bu sözlər onillər boyu "siyasətdən çox uzağam və ümumiyyətlə, siyasəti anlamaq istəmirəm" deyən, amma özünü alçaldılmış hiss edən kimi siyasətə atıldığını deyən Rüstəm İbrahimbəyova məxsusdur. 2008-ci ildə "Azadlıq Radiosu"na verdiyi müsahibəsində deyib.

O adam ki, yaxşı kinodramaturq, ssenarist, yazıçı ola bilər.

Amma yaxşı siyasətçi olmayacaq. Səbəblər çoxdur və onlardan, sadəcə, birini yazmaq yetər: Rüstəm İbrahimbəyov "dost, qardaş, əziz insan" dediyi insanlara çox asanlıqla arxa çevirməyi bacarır.

Cənab İbrahimbəyov siyasətdən çox kənar olduğunu deyir və onun etirafı səmimidir. Hətta Milli Şuranın sədri vəzifəsinə az qala zorla seçilməsinə, indi də müxalifətin vahid namizədi qismində oktyabr seçkilərinə itələnməsinə rəğmən, tanınmış kinodramaturq siyasət müstəvisində yad element təsiri bağışlayır.

20 illik "mübarizə"ni uduzduqlarını anlayan, bir qrup tərəfdarlarından savayı geniş dəstəyə malik olmadıqlarını dərk edən, amma bunu söyləməyən AXCP sədri Əli Kərimov və onun hələlik müttəfiqi Lalə Şövkətin psevdotəşəbbüsləri ilə müxalifətin vahid namizədi olan Rüstəm İbrahimbəyov indi demokratiya, siyasi mübarizə, insan haqları və s.-dən bəhs edir.

Danışsın, qulaq asarıq: zatən bu ölkədə indiyədək Əhməd Orucdan tutmuş, Əli Kərimlyə və Hacı Əbdüldən tutmuş, Tahir Kərimliyə qədər bütün müxalifətçilər danışmırmı?

Onların fəaliyyəti, sadəcə, danışmaqdır: müsahibələr, bəyanatlar, nitq iradları, çağırışlar - bir sözlə, şüarçılıq və bu söz yığınının arxasında həmin adamların özlərinə dəstək saydıqları vətəndaşın maraqları görünmür.

Olanlar adlarını çəkdiyimiz və ismi-şəriflərini sadalamadağımız digər müxalifətçilərin mənafeləridir.

Rüstəm İbrahimbəyov da qəflətən müxalifətçi olanlardandır.

O, son 20 il ərzində çox rahat, hətta tox və razı təsir bağışlayırdı.

İbrahimbəyovu nə Əli Kərimlinin "Yurd"unun dağılması, nə Lalə Şövkətin Liberal Partiyasının yalnız müsahibələrdə və çıxışlarda "möhtəşəm qüvvə" olaraq gerçəkdə xırda siyasi vahid kimi fəaliyyət göstərməsi, nə də hətta müxtəlif sabiq məmurların ən çeşidli əməllərinə görə həbs ediləndən sonra "nagahani müxalifətçilik" mərəzinə tutulmaları maraqlandırmırdı. O, ildə bir neçə gün Azərbaycanda olur və həmin günlərini də sırf öz maraqlarının təminatına həsr edirdi.

İndi isə bəlli olur ki, hal-qəziyyə belə deyilmiş.

Sən demə, Rüstəm İbrahimbəyov gecələr səhərədək müxalifəti düşünür, dan yeri söküləndə kövrək nəzərlərlə pəncərədən çölə baxıb udqunur, qəmlənir, yenidən düşünməyə davam edirmiş.

Təbii ki, müxalifəti.

Cənab İbrahimbəyovun belə səmimiyyətinə inanmağım gəlmir. Çətindir bu cür yalanlara inanmaq və kinodramaturq - Milli Şuranın sədri - həm də siyasətçi olmaq istəyən adam siyasi mübarizədən danışmağa başlayanda nədənsə mərhum Leonid Filatovun "Atıcı Fedot haqqında nağıl"ını xatırlayıram.

Orada da çar onu yabaya keçirmək istəyən camaatı görəndə elə o camaatı düşünüb kövrəldiyini, tikəsinin boğazından keçmədiyini deyirdi.

Yalan danışırdı təbii ki.

Necə ki, Rüstəm İbrahimbəyov son 10 ili Azərbaycanda yaşamaması və buna görə də ölkə qanunvericiliyinə görə, prezident seçkilərinə qatılmaq hüququnu itirməsi barədə suala gözünü qırpmadan, yumşaq desək, qeyri-həqiqət olan sözlər deyir: "Mən 74 ildir daimi Azərbaycanda yaşayıram. Heç vaxt ölkəmdən çıxıb getməmişəm. İşlərimlə bağlı səfərlərdə oluram. Bu da mənim şəxsi işimdir".

Göründüyü kimi, Rüstəm İbrahimbəyov ssenariçi təxəyyülündə özünü müvəqqəti prezidenti kimi gördüyü ölkənin vətəndaşlarını sadəlövh, savadsız və dünəni artıq unutmuş, amneziya xəstəsi olan insanlar toplusu sayır.

Saysın, çünki onun hesabı özündən, bu adamı siyasi fiqur kimi ortaya atan Rusiya vətəndaşları və İbrahimbəyovdan sırf öz məqsədləri üçün yararlanmağa çalışan bəzi vətəndaşlarımzdan savayı kimsəyə maraqlı deyil.

Milli Şuranın "müxalifətin vahid birliyi" olması barədə sürəkli təkrarlayan siyasətçilərə gəldikdə isə, cənablar, bağışlayın - amma bu marazmı nə qədər təkrarlamaq fikriniz var?

Gültəkin Hacıyeva, Hüseyn Abdullayev, Elşad Abdullayev kimilər əgər müxalifətçilərdirsə, onda kxmerlərə divan tutmuş Pol Pot Asiyanın ən humanist adamı sayılmalıdır.

Absurddur? Təbii, amma Hüseyn Abdullayevin demokratiyadan, Gültəkin Hacıyevanın həqiqətdən və ya Elşad Abdullayevin dürüstlük axtarışlarından pis paradoks deyil.

Digər paradoks isə Əli Kərimli, İsa Qəmbər və Lalə Şövkətin Milli Şurada Rüstəm İbrahimbəyovu dəstəkləmələri oldu.

Söz yox, sözügedən siyasətçilərə dağınıq, ölgün, bütün resurslarını itirmiş və hadisələrə zərrə qədər təsir imkanları olmayan müxalifətin xaotik düşərgəsini birləşdirmək ümidi qismində neytral fiqur gərəkdi.

Neytral və qurulmuş planları anlamayacaq qədər diletant. İbrahimbəyov diletant ola bilər, amma o, sadəlövh deyil: hər halda, kinodramaturqu ortaya atan "Milyarder ittifaqı"nda ibtidai sinif şagirdləri toplaşmayıblar.

Milli Şura aktiv siyasətlə məşğul olduğunu bəyan edir, Rüstəm İbrahimbəyov isə prezident seçkilərinə hazırlaşır.

Hər kəs başını bir cür qatır. Onlara mane olmayaq: nə də olsa, özlərinə yeni məşğuliyyət tapıblar.

Novruz Sultanov

Milli.Az

Bütün xəbərlər Facebook səhifəmizdə