Elman Nəsirli: “Ermənistan prezidentinin mövqeyində dəyişikliyə nail olunmalıdır” AÇIQLAMA

Elman Nəsirli: “Ermənistan prezidentinin mövqeyində dəyişikliyə nail olunmalıdır” AÇIQLAMA

"ATƏT-in Minsk qrupu həmsədrlərinin iyul ayına nəzərdə tutulan görüşünün baş tutmaması Ermənistan rəhbərliyinin yenə də öz köhnə ampulasında olması ilə bağlıdır". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində atdığı addımlara münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin əsas məqsədi prezidentlər səviyyəsində görüşə nail olmaqdır. Artıq həmsədrlər hər vəchlə çalışırlar ki, növbəti görüş reallaşdırılsın: "Amma Azərbaycan prezidenti İlham Əliyevin də görüşün keçirilməsi ilə bağlı konkret mövqeyi var. Yəni dövlət başçısı danışıqlara danışıqlar naminə getmədiyimizi, yalnız nəyəsə nail olmaq mümkündürsə, danışıqlara gedə biləcəyimizi bildirib. Hesab edirəm ki, əgər həmsədrlər prezidentlər səviyyəsində görüşün keçirilməsində israrlıdırlarsa, bu zaman Ermənistan prezidentinin mövqeyində dəyişikliyə nail olmalıdırlar. Əks halda, görüş keçirməyin heç bir mənası yoxdur. Bununla belə, xarici işlər nazirləri səviyyəsində keçirilən görüşdə də konkret detallarla bağlı məsələlərin müzakirə olunması proqnozlaşdırılır. Əslində, ortada yenilənmiş Madrid prinsipləri dayanır. Ermənistanın bu prinsiplə bağlı mövqeyi bəllidir. Nə qədər qəribə səslənsə də, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan AŞPA-nın toplantısında çıxışı zamanı yenidən beynəlxalq ictimaiyyəti aldatmağa yönəlik mövqe sərgilədi. Bu mövqeyə görə, guya Azərbaycan yenilənmiş Madrid prinsiplərini qəbul etmir. Məhz buna görə də danışıqların nəticəsi yoxdur. Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbərinin müavini və beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun müsahibəsində də qeyd olunub ki, mövqelərdə yaxınlaşa biləcək bir tendensiya yoxdur. Ermənistan öz əvvəlki qeyri-konstruktiv mövqeyini ortaya qoymaqdadır. Ona görə də, danışıqlarda real zəmin yaranmır. Məhz indiki vəziyyətin mahiyyəti bundan ibarətdir. Baxmayaraq ki son 5 il ərzində 15 dəfə prezidentlər səviyyəsində görüş keçirilib, 50-yə yaxın həmsədrlər tərəfindən regiona səfər təşkil edilib, 4 dəfə həmsədr ölkələrin prezidentləri tərəfindən bəyanat qəbul olunub, amma təəssüflər olsun ki, bunların heç bir nəticəsi yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə