Prezident Kitabxanasının 10 illiyi qeyd olundu YUBİLEY

Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasında "Dövlət idarəetmə orqanlarının sənəd- informasiya təminatı: müasir vəziyyət və inkişaf perspektləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans kitabxananın yaradılmasının 10 illiyinə həsr olunub. Konfransda 10 xarici ölkədən nümayəndələr iştirak edib.

Konfransdan əvvəl kitabxananın İncəsənət ədəbiyyatı zalında "Əsrilikdə olan mədəni abidələrimiz" foto sərginin açılışı olub.

Daha sonra konfransı açıq elan edən kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, kitabxana ölkənin ali icra hakimiyyəti orqanı olan Prezident Administrasiyasının və digər orqanlarının kitabxana-biblioqrafik və informasiya təminatını həyata keçirən başlıca qurumdur: "Kitabxana fəaliyyətinin 10 ili ərzində bir sıra əhəmiyyətli işlər yerinə yetirib. Ən vacib məsələ kitabxanada bütün kitabxana-biblioqrafik proseslərini avtomatlaşdırmağa imkan verən İRBİS 64 Kitabxanalarını Avtomatlaşdırılması Sisteminin tam versiyası tətbiq edilib. Bu günə qədər kitabxanada 11 adda e-resurs və e-layihə yaradılıb. Hər zaman olduğu kimi, bu il də qazanılmış nailiyyətləri ümumiləşdirmək, mütəxəssislərin və alimlərin iştirakı ilə müzakirə etmək, həmkarların təcrübəsini öyrənmək və tətbiq etmək üçün belə konfrans keçirməyi planlaşdırmışıq".

Konfransın davamında təbrik çıxışı səsləndirən Prezidentin İşlər müdirinin birinci müavini Oqtay Şahbazov qeyd edib ki, bu konfrans həm ölkəmizdə ali dövlət orqanlarının sənəd- informasiya təminatının təkmilləşdirilməsi işinə yardım edəcək, həm də respublikamızda bu sahədə görülmüş işlərin elmi təhlili və dünya miqyasında təbliğinə vəsilə olacaq.

Konfransda dünyanın bir sıra ölkələrində ali dövlət qurumlarının sənədlərlə və biblioqrafik informasiya ilə təmin edilməsinin aktual məsələləri müzakirə olunub.

Qeyd edək ki, tədbirdə həmçinin kitabxananın yeni saytının təqdimatı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə