DMX rəisi Banqladeşin xarici işlər naziri ilə görüşüb

DMX rəisi Banqladeşin xarici işlər naziri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev Banqladeş Xalq Respublikasının xarici işlər naziri, xanım Dipu Moninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. DMX-dən SİA-ya verilən xəbərə görə, görüşdə F.Nəbiyev Ermənistanın Azərbaycana qarşı işğalçılıq əməlləri, bu təcavüz nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcbur köçkün vəziyyətinə düşməsi haqda danışıb.

F.Nəbiyev müstəqil Azərbaycanın gənc qurumu olan DMX-nin ötən müddət ərzində sürətli inkişaf yolu keçdiyini qonaqların diqqətinə çatdırıb.

Dipu Moni isə görüşdəki çıxışı zamanı Banqladeş Xalq Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Xocalı soyqırımı məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib. O, Azərbaycanla Banqladeş arasında siyasi sahədə əlaqələrin yüksək, digər sahələrdə isə nisbətən zəif olduğunu vurğulayıb.

D.Moni gələcədə iki ölkə arasında bir çox sahələrdə olduğu kimi miqrasiya sahəsində də əlaqələrin inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşün sonunda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri F. Nəbiyev Banqladeş Xalq Respublikasının Xarici İşlər Naziri xanım Dipu Moniyə xatirə hədiyyələri təqdim edib.

Sonda qonaqlar Xidmətin Heydər Əliyev Muzeyi ilə tanış olmuş, xanım Dipu Moni xatirə kitabına ürək sözlərini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə