Aİ: "İstəyimiz sülhü Azərbaycan və Cənubi Qafqazla bölüşməkdir"

Aİ: "İstəyimiz sülhü Azərbaycan və Cənubi Qafqazla bölüşməkdir"

Bu gün Bakıda Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin və Avropa Siyasət Mərkəzinin təşkilatçılığı ilə "Aİ-Azərbaycan: Təhlükəsizlik və İnteqrasiya" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans çərçivəsində iki panel keçirilib. "Cənubi Qafqazı Avropa İttifaqına yaxınlaşdırmaq yönündə: Uğurlar və Çağırışlar" mövzusunda keçirilən paneldə Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Avropa Siyasət Mərkəzinin icraçı direktoru Hans Martens, Avropa Birliyinin Azərbaycandakı səfiri Roland Kobia, Qafqaz Resurs və Tədqiqat Mərkəzinin Azərbaycan üzrə direktoru Gürsəl Əliyev, Litva Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı Proqramında xüsusi tapşırıqlar üzrə səfiri Vaidotas Verba, "Caucasus İnternational" jurnalının baş redaktoru Zaur Şiriyev iştirak edib.

Avropa Siyasət Mərkəzinin icraçı direktoru Hans Martens konfransda çıxışında bildirib ki, hazırda Avropa Birliyində neqativ psixologiya mövcuddur: "Bu regionda millətçilik prosesi gedir. Çox təəssüf edirəm ki, bu məsələ hələ də davam edir. Bundan başqa, son illərdə Avropa dərin iqtisadi böhrana düçar olub. Biz bundan çox böyük ziyan görürük. Lakin Azərbaycanda tam əksinə, sürətli iqtisadi inkişaf müşahidə olunur. Fikrimcə, Avropa Azərbaycan kimi ölkələrə nəzər yetirib, onlardan nümunə götürməlidir. Ümumilikdə isə sülh və sabitlik Avropa üçün çox vacibdir. Məsələyə bu aspektdən yanaşdıqda düşünürəm ki, bu kimi müzakirələrin təşkil olunması əhəmiyyətlidir".

Avropa Birliyinin ən böyük nailiyətinin sülhün əldə edilməsinin olduğunu deyən Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia sülhün ilk dəfədir ki, bu qədər uzunmüddətli olduğunu diqqətə çatdırıb: "İstəyimiz bu sülhü Azərbaycan və Cənubi Qafqazla bölüşməkdir. Avropa İttifaqı ilə Azərbaycan arasında hələ də davam edən vacib məsələlər mövcuddur: "Viza sadələşməsi insanlararası əlaqələrlə bağlı məsələdir. Biz insanları yaxın gətirmək istəyirik. Çox vacibdir ki, insanlar rahat şəkildə Avropaya gedə və bir-birini yaxşı tanıya bilsinlər. Lakin bütün bunlara baxmayaraq, Avropa Birliyi Azərbaycana təhlükəsizlik, kommersiya partnyorluğu təklif edir".

Panelin digər iştirakçıları da Avropa Birliyi və Azərbaycan arasındakı əlaqələrin inkişaf aspektləri barədə məlumat veriblər.

II Panel isə "Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa İttifaqına yönəlmiş çağırış kimi" mövzusunda keçirilib. Paneldə çıxış edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza hazırda Dağlıq Qarabağ məsələsində heç bir irəliləyişin olmadığını deyib. O bildirib ki, məsələnin həllində xarici təsirlər böyük rol oynayır: "Düşünmürəm ki, Dağlıq Qarabağ məsələsinin həll olunmasında Rusiyanın Ermənistana mənfi təsiri var. Əksinə, Rusiya problemin həll olunmasında niyyətlidir. Bundan başqa məsələnin həll olunması üçün həm Azərbaycanda, həm də Ermənistanda siyasi iradənin mövcud olması çox vacibdir".

Konfrans panel iştirakçılarının çıxışları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə