Müxalifət namizədini xaricdəki dairələrlə razılaşdırır

Aydın Mirzəzadə: “Azərbaycanda demokratik mühitin olması müxalifətin özünü ifşa etməsinə böyük şərait yaradır”
Müxalifət namizədini xaricdəki dairələrlə razılaşdırır

"Müxalifət dairələrinin Azərbaycan iqtidarına qarşı apardığı mübarizənin əsas məqsədi mövcud hakimiyyəti nüfuzdan salmaq və haqqında mənfi rəy yaratmaqdan ibarətdir". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə guya dünyanı yönləndirən dövlətlərin Azərbaycanda hakimiyyəti dəyişmək qərarına gəlməsi və növbəti prezident seçkilərində müxalifətə xaricdən güclü dəstək verilməsinə dair məsələyə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, müxalifətin ittihamları reallığa söykənmədiyinə görə cəmiyyətdə dəstək tapmır: "Müxalifətin iqtidara qarşı səsləndirdiyi ittihamların heç bir əsası yoxdur. Müxalifətdən fərqli olaraq, Azərbaycan iqtidarı gücünü və səlahiyyətini xalqdan alır. Məhz xalqın dəstəyi ilə siyasi kursu həyata keçirir və hakimiyyəti onun iradəsi ilə formalaşdırır. Müxalifət isə xaricdən dəstək alır və seçkilərdə namizədini xaricdəki müəyyən dairələrlə razılaşdırmağa çalışır. Bütün fəaliyyətini onların instruksiyası əsasında qurur. Azərbaycanda demokratik mühitin olması isə müxalifətin özünü ifşa etməsinə böyük şərait yaradır".

Millət vəkili AXCP sədri Əli Kərimlinin "SOROS" fondundan 110 min ABŞ dolları məbləğində vəsait alması ilə bağlı məsələyə də münasibət bildirib: "Müxalifət xaricdən heç bir maliyyə yardımı almadığını iddia etməsinə baxmayaraq, özlərinin müəyyən etirafları, ortaya çıxan sənədlər və maliyyə hesabatları təqdim etməmələri onların müəyyən fondlardan, qeyri-hökumət təşkilatlarından maliyyə yardımı aldığını və bunun əsasında fəaliyyət göstərdiklərini sübut edir. Azərbaycan xalqına xaricdən maliyyələşən, istiqamətlənən müxalifət lazım deyil. Xalq belə siyasi liderlərə öz taleyini etibar etmək istəmir".

Bütün xəbərlər Facebook səhifəmizdə