Oqtay Əsədovdan sərt çıxış: "Yığışdırın bu məsələləri!"

Oqtay Əsədovdan sərt çıxış: "Yığışdırın bu məsələləri!"

Milli Məclisin bugünkü iclasında bəzi deputatlar tərəfindən ölkənin təhsil sistemi tənqid olunub. SİA-nın xəbərinə görə, deputatlardan Zahid Oruc və İqbal Ağazadə müəyyən tənqidi fikirlər səsləndirərək konkret təkliflər isəli sürüblər.

Misir Mərdanov vəzifəsindən azad edildikdən sonra yeni təhsil naziri təyin edilən Mikayıl Cabbarovun uğurlu fəaliyyət göstərəcəyinə inanan millət vəkili Zahid Oruc son zəngdən danışıb. O, təhsil şöbələrinin yerli icra hakimiyyətlərinə yox, Təhsil Nazirliyinə tabe olmasını vacib sayıb: "Komitəmiz tərəfindən "Elm haqqında" qanun hazırlanıb. Bu qanunun tezliklə qəbuluna ehtiyac var. Azərbaycanda 10 min alim var. Fürsətdən istifadə edərək, son zəngi parlament üzərində çalınmış zəng sayıram, müəllimlərin sosial durumunun yaxşılaşdırılması istiqamətində addım atılmalıdır".

Spiker Oqtay Əsədov isə parlamenti məktəbin son zəngi ilə qarışdırmağı yersiz sayıb və bu gün keçirilən iclasın da parlamentin son iclası olmadığını vurğulayıb.

Millət vəkili Qəninə Paşayeva bildirib ki, 1998-ci ildə imzaladığı Uşaq Hüquqları Haqqında konvensiyada tək uşaqlı ailələrə dövlətin diqqəti nəzərdə tutulub: "Yaxşı olardı ki, dövlətin imkanları daxilində uşaqlarla bağlı qanunlara yenidən baxıb, tək valideynli ailələrə diqqət artırılaydı".

Millət vəkili İqbal Ağazadə Təhsil Nazirliyinin dövlət proqramı ilə xaricdə təhsillə bağlı universitetlərin siyahısını açıqlamasını zəruri sayıb. Onun sözlərinə görə, bu siyahıya ABŞ-dan 3, Belarus, Ukrayna kimi dövlətlərin 80-ə qədər universitetin daxil edilməsini absurd sayıb: "Bəlkə SSRİ bərpa edilir, xəbərimiz yoxdur?!".

İqbal Ağazadə Vəkillər Kollegiyasının ləğv olunmasını təklif edib. O, qəzet satışı köşklərinin yığışdırılmasının da düzgün olmadığını vurğulayıb və qəzet almaq üçün köşk tapılmadığını söyləyib.

Oqtay Əsədov millət vəkilləri Zahid Oruc və İqbal Ağazadəni başqalarının arxasınca danışmamağa çağırıb: "Heç kim oturduğu yerdə axıra kimi qalmır. İndi Mikayıl Cabbarov yeni təyin olunub, uğurlar olsun. Misir müəllim buradan gəldi, bu, oradan getdi… Qurtarın bu məsələləri".

Bu zaman deputat İqbal Ağazadə ona söz verilməmiş danışaraq narazılıq edib. MM-in sədri O.Əsədov isə ona söz veriləndə danışmağı məsləhət görüb: "Siz danışanda mən danışmırdım. Bu nə hərəkətdir, replika atırsız… Mən hamıdan çox replika atmaq imkanına malikəm".

Bütün xəbərlər Facebook səhifəmizdə