“Müxalifət Xudatda baş verən hadisəni başqa səmtə yönəltməyə çalışır" MÜNASİBƏT

“Müxalifət Xudatda baş verən hadisəni başqa səmtə yönəltməyə çalışır" MÜNASİBƏT

"Təəssüf ki, orada nəzərə alınmır ki, hadisəni törədən insan sərhədlərimizi qoruyan, təhlükəsizliyimizi təmin edən və bütün həyatını Azərbaycana həsr edən gənc zabitdir. Müxalifət qüvvələri onu müdafiə etmək, məsələnin hüququ baxımdan həll edilməsinə şərait yaratmaq əvəzinə, həmin bölgədə vəziyyəti gərginləşdirməyə çalışır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə sərhəd qoşunlarının zabitinin Xudatda törətdiyi yol nəqliyyat hadisəsinin müxalifət tərəfindən başqa məcraya yönəltmələrinə münasibət bildirərkən deyib.

A. Mirzəzadənin sözlərinə görə, müxalifət hər zaman bu kimi situasiyalardan istifadə edərək vəziyyəti gərginləşdirməyə çalışır: "Müxalifət Xudatda baş verən yol nəqliyyat hadisəsini də şişirtmək və başqa səmtə yönəltməyə çalışır. Ancaq aldığımız məlumatlara görə, məsələ sakit araşdırılıb və tərəflər arasında heç bir narazılıq yoxdur. Müxalifət mətbuatının yazdıqlarının heç bir əsası yoxdur. Onların arzuladığı gərginlik, qarşıdurma, hakimiyyətlə cəmiyyəti üz- üzə qoymaq cəhdləri baş tutmayacaq".

"Təəssüflər olsun ki, müxalifətin nəzarəti altında olan bir sıra mətbuat orqanları obyektivliyi, həqiqəti bir kənara qoyaraq məsələləri şişirdir, kimlərinsə şəxsi maraqlarını qorumaq üçün bütün resurslarından istifadə edirlər. Hərhalda mətbuatın vəzifəsi bundan ibarət deyil",- deyə o fikirlərinə əlavə edib.

Qeyd edək ki, müxalifət mətbuatında bildirilir ki, hadisəni törədən zabit bütün Xudatlıları söyüb və bu səbəbdən də etiraz aksiyası keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə