"Onun bu hərəkəti dalana dirənmiş danışıqlar prosesinə ciddi zərbə endirir"
Politoloq Elman Nəsirlinin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan mayın 2-də Dağlıq Qarabağa səfəri ilə bağlı SİA-ya müsahibəsi:
- Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan mayın 2-də Dağlıq Qarabağa səfər edib və qondarma respublikanın xarici işlər naziri ilə görüşüb. O, Azərbaycanla vəziyyətin gərgin olduğu vaxtda "Dağlıq Qarabağ" - Ermənistan xarici siyasəti ilə bağlı məsləhətləşmələr aparıb. Belə səfərlərin arxasında nələr dayanır?
- Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın səfəri çərçivəsində onun qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri Bako Saakyan və həmin ölkənin XİN rəhbəri ilə görüşməsi dalana dirənmiş danışıqlar prosesinə ciddi zərbə endirir. 2012-ci ilin yanvarından bu günə qədər prezidentlər səviyyəsində danışıqlar baş tutmayıb, yəni Ermənistan tərəfi ciddi cəhdlə çalışır ki, danışıqlar prosesi tamamilə dayansın. Onların bu siyasətinin mahiyyəti ondan ibarətdir ki, danışıqlar dayanacağı təqdirdə sədrlər əl ayağa düşəcəklər və danışıqları bərpa etməyə çalışacaqlar. Danışıqlar isə o zaman ola bilər ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nın nümayəndəsi də bu prosesdə iştirak etsin. Qondarma XİN rəhbəri ilə danışıqlarda da bu məsələ öz əksini tapdı. Danışıqlar zamanı belə bir fikir səsləndirilib ki, danışıqlar prosesi bu günə kimi ona görə heç bir nəticə vermir ki, qondarma respublika burada təmsil olunmayıb. Bu səfərdə əsas məqsəd ondan ibarətdir ki, qondarma respublikanın ayrı- ayrı dövlət tərəfindən tanınmasına nail olmaq və paralel şəkildə onları danışıqlar prosesinin iştirakçısı etməkdir. Bu istiqamətdə artıq ABŞ-ın bir neçə ştatında müəyyən işlər görülüb. Təbii ki, Azərbaycan belə addımları heç bir halda qəbul etmir. Bizim dövlətimizin mövqeyi var. "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri Bako Saakyanın Fransaya, Edvard Nalbandyanın isə Dağlıq Qarabağa səfəri danışıqlar prosesinə ziyan vurmaqla yanaşı, münaqişənin həllini də yubadır.
- Qarabağa səfəri zamanı Ermənistanın XİN rəhbəri bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə erməni həmkarı Serj Sarkisyan arasında bu yaxınlarda görüş baş tuta bilər. Bu görüşə ehtiyac varmı?
- Azərbaycan prezidenti İlham Əliyev xarici mətbuata verdiyi müsahibələrdə dəfələrlə bildirib ki, ölkəmiz danışıqlar prosesinə sadiqdir. Sadəcə Ermənistanın yürütdüyü siyasət ona gətirib çıxarır ki, danışıqlar baş tutmur. İstisna deyil ki, Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə danışıqlar zamanı müəyyən ortaq məxrəcə gələ bilsələr, o zaman prezidentlərin görüşü ilə bağlı vaxt təyin etmək olar. Ancaq son hadisələr fonunda belə bir proqnoz vermək mümkün deyil. Çünki prezident İlham Əliyev də dəfələrlə deyib ki, biz danışıqlara sırf danışıqlar xətrinə getmək istəmirik. Sözün açığı, Krakov görüşündən də nikbin heç nə gözləmirəm.
- Ermənistanda mövcud olan iqtisadi problemlər Dağlıq Qarabağ məsələsində bizim xeyrimizə səs üstünlüyü ola bilərmi?
- Ermənistanda iqtisadi problem yüksələn xətt üzrə inkişaf edir. Orada yaşayanlar ya xarici dövlətlərdən aldığı ianələr hesabına, ya da işğal altında olan ərazilərimizin təbii ehtiyatları hesabına yaşayırlar. Ermənistanda sosial-iqtisadi vəziyyət nə qədər gərginləşsə də, Ermənistan prezidentinin hərbi ritorikaya söykənən bəyanatlarının əmsalı daha da artmış olur. Bildiyimiz kimi, bu il Ermənistan əvvəlki illərlə müqayisədə ən çox həcmdə, yəni 418 milyon dollar xarici borc ödəməlidir. Bu da ÜDM-in 50%-i deməkdir və nəticə etibarı ilə ölkədən gedənlərin sayının artmasına gətirib çıxarır. Belə mövqedə isə Ermənistanın yumşalmasını gözləmək hələ tezdir. Ermənistan rəhbərliyi bu vəziyyətdə daha çox hərbi bəyanatlarla manipulyasiyalar edəcək ki, guya onlar öz mədəsindən çox Dağlıq Qarabağ haqqında düşünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB