Elman Nəsirli: “Tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir” AÇIQLAMA

Elman Nəsirli: “Tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir” AÇIQLAMA

"Bu bir həqiqətdir ki, ölkə başçısı cənab İlham Əliyev həm istənilən beynəlxalq tribunada, həm də ölkə daxilində keçirilən böyük tədbirlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni hər zaman diqqət mərkəzində saxlayır". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan tərəfinə göndərdiyi ismarıca münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, ümumiyyətlə, dövlət başçısı ötən il sentyabr ayının 21-də xarici ölkələrdəki diplomatik korpus rəhbərləri ilə keçirdiyi sayca dördüncü müşavirədə də birmənalı şəkildə qeyd etdi ki, xarici siyasətimizin qarşısında dayanan bir nömrəli vəzifə məhz Ermənistan-Azərbaycan DQ münaqişəsinin həllinə nail olmaqdır: "Qeyd olundu ki, bu təkcə xarici siyasətimizin deyil, eyni zamanda bütün ölkəmizin qarşısında duran ən ümdə məsələdir. Bu məsələni cənab prezident aprelin 14-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı da diqqət mərkəzində saxladı. Təbii ki, ölkə başçısı çıxışı zamanı Ermənistan tərəfinə bir sıra ismarıclar da göndərdi. Prezidentin əsas ismarıclarından biri o idi ki, heç bir zaman DQ-nın müstəqilliyi məsələsi danışıqların predmeti olmayıb və olmayacaq da".

"Bununla belə dövlət başçısı onu diqqətə çatdırdı ki, istənilən anda Ermənistanın apardığı bu siyasətin (danışıqların dalan dirənməsi) nəticəsi yoxdur. Hər bir danışıqların sonu vardır. Təbii ki, Azərbaycan dövləti də sülhpərvər dövlət olduğundan danışıqlara gedir. Ölkə başçısı birmənalı şəkildə onu vurğuladı ki, bütün hallarda Ermənistan tərəfi bundan nəticə çıxarmalıdır və heç bir zaman status-kvo məsələsi davamlı şəkildə qorunub saxlanıla bilməz. Təbii ki, bu olanlardan sonra bütün məsuliyyət işğalçı ölkənin üzərinə düşür. Bu, cənab prezidentin Ermənistana növbəti xəbərdarlığı kimi də başa düşülməlidir. Yəni bu aparılan siyasətin heç bir səmərəsi yoxdur. Həmin siyasətin özü elə Ermənistan tərəfinə bumeranq effekti yaradır. Məhz buna görə də qondarma dövlət bütün beynəlxalq layihələrdən kənarda qalıb. Təbii ki, burada uduzan tərəf elə məhz işğalçı ölkə olacaq. Tarixi həqiqət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Ölkəmiz münaqişənin dinc yolla həllinə üstünlük verir, lakin bu sonsuza qədər belə olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə