Müdafiə sənayesi naziri: “İlk dəfə pilotsuz uçuş aparatları nümayiş etdiriləcək”

Müdafiə sənayesi naziri: “İlk dəfə pilotsuz uçuş aparatları nümayiş etdiriləcək”

"2013-cü ilin ilk rübü Müdafiə Sənayesi Nazirliyi üçün uğurlu olub. Nazirliyin müəssisələrində ümumilikdə 37,3 milyon manatlıq məhsul istehsal edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə artım deməkdir". SİA-nın məlumatına görə, bunu Müdafiə sənayesi naziri Yavər Camalov aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, istehsal olunan məhsulların tərkibində müdafiə təyinatlı məmulatların xüsusi çəkisi 84,2 faiz təşkil edib: "2013-cü ildə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən müdafiə təyinatlı məmulatların istehsalı üzrə 450 milyon manatdan çox sifariş verilib. Birinci rübdə artıq 95,7 milyon manat məbləğində müqavilə bağlanıb. Müqavilələrin tam həcmdə yerinə yetirilməsi üçün ciddi tədbirlər görülür. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində hesabat rübündə təhvil verilmiş məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə, çeşidlərin sayı isə 3,8 dəfə artıb. Birinci rübdə istehsal olunub sifarişçilərə təhvil verilmiş məmulatlardan PKM pulemyotunu, 60 millimetrlik minaatanı, "Zəfər-K" tipli tapançanı, AK-74M tipli avtomatı, müxtəlif növ döyüş və siqnal patronlarını, əl qumbarasını, piyada və tank əleyhinə minaları, atıcı silahlar və zirehli texnikaların ehtiyat hissələrini və s. göstərmək olar".

Y.Camalov deyib ki, cari ildə NATO standartlarına uyğun 7,62x51 millimetrlik snayper tüfənginin, zenit qurğuları və avtomatik toplar üçün 23 və 30 millimetrlik müxtəlif növ patronların, piyada əleyhinə qəlpəli minaların, 30 və 40 millimetrlik qumbaraatanlar üçün atəş yığımlarının, atıcı silahlar üçün müxtəlif növ alışdırıcı kapsulların, atıcı silahlar üçün kompaslı prizmatik binoklların və xüsusi təyinatlı avtomobillər üzərində müxtəlif növ silahların quraşdırılması üzrə işlər də tam başa çatdırılaraq onların seriyalı istehsalına başlanılacaq: "Ötən illərdə olduğu kimi, bu il də bir sıra mühüm layihələrin reallaşdırılmasına vəsait ayrılıb. İlk dəfə olaraq 7,62x54 millimetrlik "Gürzə" pulemyotu, 7,62x51 millimetrlik "Yalquzaq" snayper tüfəngi, 7,62x54 millimetrlik HP-7,62 tipli hücum pulemyotu, "Gürzə" patrul maşını, "Aerostar" və "Orbiter" tipli pilotsuz uçuş aparatları və s. məmulatlar nümayiş etdiriləcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə