“Azərbaycan dövlətçiliyinə qarşı yönələn istənilən fəaliyyət yolverilməzdir”

Gülsel Səfərova: "Bütün atılan addımlarda, icra olunan layihələrdə Azərbaycanın milli maraqları nəzərə alınmalıdır"
“Azərbaycan dövlətçiliyinə qarşı yönələn istənilən fəaliyyət yolverilməzdir”

"Azərbaycandakı QHT-lərlə, o cümlədən, gənclərlə iş qurmaq istəyən hər bir beynəlxalq təşkilat, ilk növbədə, yerli qanunvericilik çərçivəsində fəaliyyət göstərməlidir". SİA-nın məlumatına görə, bunu Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova ölkədəki bəzi QHT-lərin fəaliyyəti ilə bağlı "Yeni Azərbaycan" qəzetinə müsahibəsində bildirib.

G.Səfərovanın sözlərinə görə, əgər hər hansı təşkilat fəaliyyətini mövcud qanunvericilik çərçivəsində həyata keçirmirsə, o zaman həmin qurum buna görə məsuliyyət daşıyır. Digər tərəfdən, bəzi beynəlxalq təşkilatlar tərəfindən dövlətin qeydiyyatından keçməyən QHT-lərə maliyyə ayrılması, həmin QHT-nin öz fəaliyyəti ilə bağlı müvafiq qurumlara hesabat təqdim etməkdən yayınması artıq tamamilə başqa maraqlardan xəbər verir: "Bu gün Azərbaycan inkişaf edir, ölkədə gənclər üzrə dövlət proqramları uğurla həyata keçirilir. Xaricdə təhsil, gənclərin intellektual inkişafı, onların yaradıcılıq potensialının gerçəkləşdirilməsi istiqamətindəki proqramların icrası göstərir ki, Azərbaycan dövləti gənclərimizin inkişafında birbaşa maraqlıdır. Bu, bir gənc olaraq məni qürurlandırır".

AGAT-ın sədri qeyd edib ki, gənclər təkcə dövlət proqramlarının icrasında deyil, beynəlxalq təşkilatlarla əməkdaşlıqda da fəal olmalıdır: "Lakin Azərbaycan dövlətçiliyinə, milli maraqlarına qarşı yönələn istənilən fəaliyyət yolverilməzdir. Bütün atılan addımlarda, icra olunan layihələrdə Azərbaycanın milli maraqları nəzərə alınmalıdır. Çünki Azərbaycan müstəqilliyinin yenidən bərpasına qanı bahasına mübarizə yolu ilə nail olub. Heç bir xarici qüvvənin müstəqilliyimizə zərbə vurmaq cəhdinə yol vermək olmaz. Azərbaycan güclü dövlətdir, gündən-günə inkişaf edir. Belə olan təqdirdə, ölkəmizin inkişafına mane olmaq daha da çətinləşir. Buna baxmayaraq, gənclərimiz daim ayıq-sayıq olmalıdır, heç bir antimilli qüvvənin təxribatına uymamalıdır, milli maraqları əsas tutub, azərbaycançılıq, dövlətçilik istiqamətində fəaliyyət göstərməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə