“Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin açılışı olub

“Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin açılışı olub

Bu gün Prezident İlham Əliyev Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş "Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyinin açılışında iştirak edib. SİA-nın məlumatına görə, dövlət başçısının göstərişi ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Sənaye müəssisələrinin paytaxtın mərkəzindən köçürülməsi ilə bağlı Dövlət Proqramına uyğun olaraq "Paris Kommunası" adına gəmi təmiri zavodu və İlham Allahverdiyev adına gəmi təmiri-gəmiqayırma zavodunun bir hissəsi sökülmüş, Zığ şosesi yaxınlığında "Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyi adlanan yeni müəssisə inşa olunmuşdur. İnşaat işləri 2011-2012-ci illərdə həyata keçirilib.

Ölkə rəhbəri Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş "Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyi ilə tanış olub.
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov yeni müəssisədə yaradılan şərait və istehsal prosesi barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, müəssisədə gövdə-qaynaq, mexaniki emal, metaləritmə, çilingər, ağac emalı, elektrikquraşdırma və gəmilərin təmiri ilə bağlı ayrı-ayrı sahələrdə lazımi işləri aparmaq üçün ən müasir dəzgahlar, avadanlıq və ləvazimatlar alınaraq quraşdırılıb.

Prezident düyməni basaraq müəssisəni işə salıb.

İlham Əliyev müəssisənin ayrı-ayrı sexlərində olub. Bildirilib ki, 2,2 hektar sahədə 6 sex binası inşa olunub, müvafiq kommunikasiya xətləri çəkilib, lazımi infrastruktur yaradılıb. Bundan başqa, ərazidə böyük həcmdə sahilbərkitmə işləri görülüb, ümumi uzunluğu 1400 metrə yaxın olan yanalma körpüləri və dalğaqıran inşa edilib. Bu körpülərdə, eyni zamanda, iriölçülü 8 gəminin təmirə dayana biləcəyi bildirilib.

Prezident İlham Əliyev "Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyinin ayrı-ayrı sahələrini gəzib, yaradılan şəraitlə yaxından tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə