Prezident İranın nümayəndə heyətini qəbul edib

Prezident İranın nümayəndə heyətini qəbul edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı ölkələrimiz və xalqlarımız arasında mövcud olan tarixi, mədəni, dini əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə edib. Əlaqələrimizin bütün istiqamətləri əhatə etdiyini qeyd edən Prezident İlham Əliyev təhlükəsizlik sahəsində də əməkdaşlığımızın inkişafının xüsusi əhəmiyyət daşıdığını və bu sahədə vaxtaşırı məsləhətləşmələr aparmağın zəruriliyini vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edən dövlət başçısı İİR Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi baxımından mühüm addım olacağına əminliyini bildirib.

Ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edən Səid Cəlili Azərbaycanın onun üçün həmişə dost ölkə olduğunu bildirib. Xalqlarımız arasında tarixi dostluq əlaqələrinin mövcud olduğunu vurğulayan S.Cəlili münasibətlərimizin inkişafında hər iki ölkənin rəsmilərinin həmişə yüksək siyasi iradə nümayiş etdirdiklərini qeyd edib. İranlı qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə