Qanun layihəsi müzakirəyə çıxarıldı

Milli Məclisin İnsan hüquqları komitəsi "İctimai iştirakçılıq haqqında" qanun layihəsini müzakirəyə çıxarıb.

Komitə sədri Rəbiyyət Aslanova iclasda bildirib ki, bu qanunla icra hakimiyyəti strukturları ilə vətəndaşların partnyorluğu ortaya çıxır. Onun sözlərinə görə hər iki tərəf biri-birini bərabərhüquqlu səviyyədə qəbul edəcək.

"Vətəndaş iştirakçılığı böyük resursdur və bu resursdan istifadə edilməsi cəmiyyətin tərəqqisinə xidmət edən amillərdəndir. Bu qanunla cəmiyyətdə mövcud olan "Mənim mövqeyimin nə qədər əhəmiyyəti var ki?" stereotipinin sındırılmasına gətirib çıxaracaq", - o deyib.

Aslanova deyib ki, "İctimai iştirakçılıq haqqında" qanun informasiya məkanının formalaşması, ictimai iştirakçılığın gündəmə gəlməsi ilə cəmiyyətin problemləri tək görməsi deyil, onların həllində iştirakı üçün şərait yaradır.

Qeyd edək ki, 4 fəsil 19 maddədən ibarət yeni qanunda ictimai iştirakçılığın təşkilati-hüquqi formaları təsbit olunub. Bunlar İctimai Şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öryənilməsi və ictimai ekspertizadır. Sənəddə o da göstərilib ki, qanunvericiliklə ictimai iştirakçılığın digər təşkilati-hüquqi formaları da müəyyən edilə bilər.

Burada İctimai Şura müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur, səlahiyyət müddəti isə 3 ildən birdir. İctimai Şura 15-21 üzvdən ibarət tərkibdə bu qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutu tərəfindən seçilir. 18 yaşına çatmış, seçki hüququna malik hər bir vətəndaş İctimai Şuranın üzvü ola bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. İctimai Şuradakı fəaliyyətləri dövründə onların əsas iş yerlərindəki əməkhaqları və başqa ödənişlər saxlanılır.

Deputat Fazil Mustafa iclasda bildirib ki, qanundan irəli gələrək tək yerli icra qurumları deyil, mərkəzi icra hakimiyyəti orqanlarında da vətəndaş cəmiyyəti institutu ilə əməkdaşlığa cəlb olunmalıdır. Onun sözlərinə görə, bu qəbildən olan bir sıra qanunlar da qəbul olunublar ki, onların icrası təmin olunmayıb.

Qanun layihəsinin müəllifi deputat Azay Quliyev bildirib ki, qanun layihəsi vətəndaşların dövlət idarəçiliyində iştirakını aktivləşdirəcək: "Qanun dövlətin idarə olunmasında ictimai iştirakçılığın mexanizmini müəyyənləşdirəcək. Milli Məclisin plenar iclasında çıxarılana qədər qanun layihəsinin ictimai müzakirələri keçiriləcək.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və martın 5-də parlamentin iclasında müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə