"ATGTİ gələcək üçün yeni ideyalar bazası yaradır". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Tələbə Gənclər Təşkilatları ilə (TGT-lərlə) İş departamentinin direktoru Şəmsi Gülverdi deyib.
Təşkilatın "VI Liderlik məktəbi - Qış Parlamenti" layihəsini şərh edən ATGTİ rəsmisi bildirib ki, "Qış Parlamenti" gənclərin dövlət quruculuğu sahəsində maariflənməsinə dəstək olacaq. Eyni zamanda layihə vasitəsi ilə onlar dövlət idarəçiliyinə öz töhvələrini vermiş olacaqlar. O qeyd edib ki, müxtəlif ixtisaslarda təhsil alan tələbə-gənclər "Qış Parlamenti" çərçivəsində komanda şəklində (şəbəkələşərək) ortaq təşəbbüslərlə çıxış edəcəklər.
Öncəki "Liderlik məktəbi" layihələrinin məzunlarının ümumi fəaliyyətinə toxunan Ş. Gülverdinin sözlərinə görə 2010 - cu ildən bəri keçirilən "Liderlik Məktəbi" layihəsinin 500-ə yaxın məzunları öz təhsil müəssisələrinin TGT-lərində fəaliyyət göstəriblər. "Qış Parlamentinin iştirakçıları da layihədən sonra öz təhsil müəssisələrinin TGT-lərinin fəaliyyətinə cəlb olunacaq və beləliklə ATGTİ gələcək üçün yeni ideyalar və təşəbbüslər bazası yaratmış olacaqdır" - deyə Gülverdi bildirib.
"Qış Parlamenti"nin gedişatından söz açan departament direktoru vurğulayıb ki, formatına görə layihə ölkəmizin Ali Qanunverici Orqanı olan Milli Məclisin iş prinsipinə uyğunlaşdırılacaq. Layihənin iştirakçıları, gənc parlamentarilər komputer avadanlıqları ilə təmin olunacaq, parlamentin ümumi sessiyası, bütün çıxış və müzakirələri əvvəlcədən quraşdırılmış monitorlarda, canlı olaraq yayımlanacaq. Bu və ya digər qanun layihəsi üzrə səsvermə prosesi isə onlayn formada keçiriləcək: "Bildirmək istəyirəm ki, layihə ərzində gənc parlamentarilərlə görüşə gələcək millət vəkilləri onlara ustad dərsləri keçərək, parlament təcrübələri ilə bölüşəcəklər".
Xatırladırıq ki, "VI Liderlik məktəbi - Qış Parlamenti" layihəsi Gənclər və İdman Nazirliyinin dəstəyi və "Nil" mağazalar şəbəkəsi ilə birgə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB