Elman Abdullayev: "Günahsız insanların ölümündə məsuliyyət İrəvanın üzərinə düşür" MÜSAHİBƏ

"Xocalı hava limanının açılması ATƏT-in Minsk qrupuna böyük zərbədir"
Elman Abdullayev: "Günahsız insanların ölümündə məsuliyyət İrəvanın üzərinə düşür" MÜSAHİBƏ

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevin SİA-ya müsahibəsi:

- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə hansı məsələlər müzakirə olundu və nə kimi irəliləyişlərə nail olundu?

- Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həm ATƏT-in Minsk Qrupunun həmsədrləri, həm də Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan ilə görüş keçirib. Cəmiyyəti narahat edən bir sıra vacib məsələlər görüşdə nazirimiz tərəfindən müzakirəyə çıxarıldı. Qeyd edək ki, görüşdə ilk olaraq Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma ilə bağlı erməni mətbuatında yayılan xəbərlər Elmar Məmmədyarov tərəfindən müzakirəyə təqdim olundu. Azərbaycanın məsələyə narahatçılığı görüşdə öz əksini tapdı. Yerevan tərəfindən bu məsələ dəfələrlə qabardılıb. Bu görüşdə də, xüsusilə Kəlbəcərdə qeyri qanuni məskunlaşma məsələsi istər həmsədrlər, istərsə də nazirlər səviyyəsində qaldırıldı. Qeyd edim ki, bu məsələ Azərbaycan tərəfinin daima diqqət mərkəzindədir. Görüşdə həmçinin həmsədrlərlə bir sıra vacib məsələlər də müzakirə olunub. Həmin məsələlərin başlıcası Xocalı hava limanından qanunsuz uçuşların həyata keçirilməsi idi. Azərbaycanın bu məsələdə mövqeyi dəyişilməz olaraq qalır. Elmar Məmmədyarov həmsədrlərlə görüşdə Xocalı aeroportuna uçuşların qanunsuz olduğunu bəyan edib və bildirib ki, bu, yalnız böyük miqyaslı nizamlanma planının tərkib hissəsi kimi həyata keçirilə bilər. Artıq bütün tərəfləri qane edən sülh sazişinin imzalanması və Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtı çatıb. Hansı ki, bu münaqişənin kökündə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi durur. Buna görə də müharibə şəraiti dövründə uçuşların həyata keçirilməsi qanunsuzdur. Bu həm də ATƏT-in Minsk qrupunun özünə böyük zərbədir. Gələcəkdə hər hansı addımların atılması və uçuşların həyata keçirilməsinin yalnız Azərbaycan tərəfi ilə razılaşdırılmış şəkildə və ən vacibi isə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizi tərk etməsindən sonra bu məsələyə baxıla bilər.

- ATƏT-in Minsk qrupunun regiona növbəti səfəri nə zaman olacaq?

- Nazirlərin görüşündə ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfərlərinin tarixi açıqlanmadı. Bu məsələ ola bilsin ki, xidməti şəraitdə razılaşdırılsın. Tərəflər yaxın həftələr ərzində daha bir görüş keçirmək və münaqişənin nizamlanması prosesini davam etdirmək barədə razılığa gəliblər. Xarici işlər naziri həmsədrlərlə görüşdə suriyalı ermənilərin Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşdırılması məsələsinə ciddi narazılığını bildirib. Nazir belə addımların qəbuledilməz və qeyri-qanuni olduğunu vurğulayıb.

- Etiraf edək ki, aparılan monitorinqlər müsbətə doğru heç bir nəticə vermir. Ümumiyyətlə, atəşkəs rejimi hansı ölkə üçün əlverişlidir?

- Unutmaq lazım deyil ki, cəbhə xətti bütövlükdə Azərbaycanın ərazisindən keçir. Bizim torpaqlarımız işğal altındadır. Torpaqlarımızda Ermənistanın silahlı qüvvələri var. Təbii ki, müharibənin tezliklə həllində, status-kvonun dəyişdirilməsi və ərazilərimizdən erməni silahlı qüvvələrinin çıxarılması Azərbaycan diplomatiyasının başlıca məqsədidir. Əsas məqsəd sülh prosesində qarşıda duran maneənin aradan qaldırılmasıdır. Danılmaz faktdır ki, cəbhə xəttində insidentlər baş verir. Cəbhə xəttində əsgərlə yanaşı, dinc əhali də qətlə yetirilir. Günahsız insanların ölümündə məsuliyyət birmənalı şəkildə İrəvanın üzərinə düşür. Çünki işğalçı ölkə Ermənistandır. Müharibə şəraitini saxlayan həmin ölkədir. Bütün dünya ictimaiyyəti Ermənistanı işğalçı ölkə kimi tanıyır. Bütün sənədlərdə bu fakt öz əksini tapıb.

- 2014-cü ildə "Bişkek" protokolunun (1994-cü il 8 may) vaxtı bitir. Bu müharibənin başlanmasına zəmin yarada, yaxud bu sazişin vaxtının uzadılması ehtimalı ola bilərmi?

- Dəfələrlə bəyan etmişik ki, münaqişə diplomatik yollarla həll olunmalıdır. Bunun üçün siyasi imkanlar hələ tükənməyib. Azərbaycan hər dəfə konkret təkliflərlə çıxış edir. Bu da onu göstərir ki, Azərbaycan tezliklə sülh yolu ilə münaqişənin həllinə və status-kvonun dəyişdirilməsinə çalışır. Təəssüflər olsun ki, danışıqlar masası üzərində rəsmi İrəvan əldə olunmuş razılıqlardan tez-tez çəkinməyə çalışır. Bütün bunlara baxmayaraq, Azərbaycan öz səylərini davam etdirir. Bu gün hər kəsə məlumdur ki, Azərbaycan o qədər inkişaf edib ki, öz torpaqlarını istənilən yollarla geri qaytarıb ərazi bütövlüyünü və suverenliyini bərpa edə bilər. Azərbaycan hökuməti bu gücə malikdir.

- NATO-nun Təhlükəsizlik Problemləri üzrə Departamentin enerji təhlükəsizliyi bölməsinin rəhbəri Maykl Rüle (Michael Rühle) Azərbaycana səfər edəcək. Bu səfərin ölkəmiz üçün nə əhəmiyyəti olacaq?

- Bu gün regionda çox önəmli layihələr həyata keçirilir. Bura həm enerji, həm də nəqliyyat sahəsi üzrə layihələr aiddir. Təbii ki, enerji layihələri baxımından TANAP nəinki regionun, eləcə də geniş miqyaslı enerji təhlükəsizliyinin təmin edilməsinə yönələn layihələrdən biridir. TANAP tək BP-nin qoşulmasından ibarət deyil. Dünyanın ən böyük problemi enerji çatışmazlığıdır. Bu səbəbdən də həm ixrac, həm də idxal edən, eyni zamanda da tranzit marşrut üzərində yerləşən ölkələr üçün dezifrifikasiya faktoru önəmlidir. 2014-cü ildə NATO-nun proqramlaşdırdığı "AYSAF" sülhməramlı əməliyyatları sona çatır. Bu da yeni missiya ilə əvəz olunacaq. Bakı-Tbilisi-Qars nəqliyyat layihəsi "AYSAF qüvvələrinin çıxarılması prosesində böyük rol oynayacaq. Bu baxımdan istər NATO təşkilatı, istərsə də digər ölkələrin regiona marağının artması təbii təzahürdür.

Bütün xəbərlər Facebook səhifəmizdə