Bu gün 2 fevral - Gənclər Günü münasibəti ilə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi geniş tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbirdə YAP-ın sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov, YAP-ın icra katibinin müavinləri Mübariz Qurbanlı, Siyavuş Novruzov və qəzetlərin baş redaktorları, KİV nümayəndələri iştirak edib.
Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, ölkəmizdə gənclər siyasətinin əsasını Ümummilli lider Heydər Əliyev qoyub, Prezident İlham Əliyev isə bu siyasəti uğurla davam etdirir: "Ulu öndər Heydər Əliyev gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib. Məhz bu baxımdan Heydər Əliyevin sərəncamı ilə 2 fevralın Ümumrespublika Gənclər günü kimi qeyd olunması gəncliyə göstərilən diqqət və qayğının bir nümunəsi idi. Təsadüfi deyil ki, "Gənclər günü" MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlayıb. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyevin "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin xarici ölkələrdə təhsil alması üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkan yaradır".
Seymur Orucov çıxışında həmçinin dövlət siyasətinin həyata keçirilməsində YAP Gənclər Birliyinin gördüyü işləri xüsusi ilə diqqətə çatdırıb.
Daha sonra çıxış edən YAP-ın sədr müavini-İcra katibi Əli Əhmədov bildirib ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsilin və s. inkişafı üçün yaradılan şərait böyük diqqət və qayğının göstəricisidir: "Bu gün ölkədə kifayət qədər təhsilli gənc var. Bu gənclər bu gün ölkənin müxtəlif strukturlarında çalışır və Azərbaycanın inkişafı naminə öz töhfələrini verirlər. Amma buna baxmayaraq bu gün ölkəni istəməyən qüvvələr də var. Onlar gənclərimizi müəyyən mənfi hadisələrin törədilməsinə sürükləyirlər. Hesab edirəm ki, bu gün ölkədə gənclər üçün bütün ictimai siyasi şərait yaradılıb ki, onlar öz işlərini həyata keçirə bilsinlər və öz gələcəklərini parlaq qursunlar".
Ə.Əhmədov qeyd edib ki, bu gün YAP-ın sıralarında 600 mindən artıq üzv var ki, bunun da əksəriyyətini gənclər təşkil edir. Həmin gənclər Azərbaycanın gələcəyi naminə öz töhfələrini verəcəklər. Bu il ölkədə prezident seçkiləri keçiriləcək. Hesab edirəm ki, gənclərimiz də bunun əhəmiyyətini dərindən dərk edərək bu seçkilərdə aktiv iştirak edəcəklər.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə 2012-ci ilin digər sahələrdə olduğu kimi, gənclər sahəsində də çox zəngin il olduğunu vurğulayıb. Nazir müavini gənclərin ölkənin yenilik daşıyıcıları, innovativ potensialın əsası olduğunu bildirib: "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" təsdiqlənib və bununla da dövlət gənclər siyasətinin yeni mərhələsi başlanıb. Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb, Bakıda Gənclər Mərkəzinin, regionlarda "Gənclər Evi"nin inşa edilməsi üçün müvafiq addımlar atılıb. Bugünkü Azərbaycan gəncliyinin elə bir nəsli formalaşıb ki, ölkənin qüdrətlənməsində fəal iştirak edir, beynəxalq aləmdə Azərbaycanı layiqincə təmsil edir".
Milli Məclisin deputatı, "Böyük İpək Yolu" Beynəlxalq gənclər təşkilatının sədri Fuad Muradov isə deyib ki, Gənclər qarşısında çox böyük və önəmli bir məsələ var. Bu gənclərin qarşısında Azərbaycanın ərazi bütövlüyünün bərpası, bundan sonra həmin ərazilərin təmizlənməsi, düzəlməsi və digər çox vacib vəzifələr durub: "Bu gün Azərbaycanın imkanları genişdir, ölkə gəncləri bütün dünyada təmsil olunur. Onların həm ictimai, həm də siyasi səviyyədə təmsilçiliyi çox yüksəkdir. Bu gün bir çox dövlət qurumlarında və digər təşkilatlarda Azərbaycan gəncləri kifayət qədər təmsil olunur. Təbii ki, Azərbaycan diplomatiyasında da çox savadlı və bilikli gənclər çalışır. Düzdür, bəzi istiqamətlər var ki, orada çox ciddi irəliləyişin olmasını istərdik. Azərbaycan parlamentində də ildən-ilə gənclərin sayı artır. Bu gün Azərbaycan gəncləri ictimai-siyasi vəziyyətdə yaxından iştirak edirlər".
Daha sonra ATGİ-nın sədri Şahin İsmayılov, YAP GB-nın sədr müavini Samirə Quliyeva dövlət başçısı cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışıblar.
Tədbirin sonunda YAP-ın fəal gəncləri fəxri fərmanlarla təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB