Səməd Seyidov: "Alt komitə deyilən bir qurum yoxdur" AÇIQLAMA

Səməd Seyidov: "Alt komitə deyilən bir qurum yoxdur" AÇIQLAMA

"AŞPA-nın vitse-prezidenti seçilmək, ölkəni orada təmsil etmək və bu istiqamətdə işlər aparmaq büyük nailiyyətdir. Heç kimin iradı olmadan yekdilliklə bu vəzifəyə seçildim". Bunu SİA-ya açıqlamasında AŞPA-nın qış sessiyasında qurumun vitse-prezidenti seçilən Səməd Seyidov deyib.

O bildirib ki, bu AŞ-da ölkəmizə qarşı kəskin məsələlərin qoyulması və digər mövzularla bağlı suallara konkret cavabdır: "AŞ-nın əsas mahiyyəti tənqidi məqamları üzə çıxarmaqdır. Biz də təbii ki, tənqidi məqamları üzə çıxarmaqla məşğuluq və bu haldan da çəkinmirik. Dəfələrlə demişik və indi də təkrar edirik ki, tənqidi məqamların altında gizlənmiş, ölkəyə qarşı hansısa subyektiv qərəzli və təzyiqli olan məqamlara qarşı kəskin mübarizə aparacağıq. Avropa Şurasının hansısa deputatlarının özlərini qurumun nümayəndələri kimi təqdim etməsi düzgün deyil".

Seyidov onu da vurğulayıb ki, Avropa Şurası sessiyada təşkilat olaraq öz sözünü dedi: "Sabahkı iclasda da Azərbaycanla bağlı ciddi müzakirələr olacaq. Müzakirələrdə Azərbaycanı dəstəkləyən qüvvələrlə yanaşı, tənqid edənlərin də olacağı qaçılmazdır. Yenə də təkrar edirəm ki, Azərbaycan nümayəndə heyətinin bu istiqamətdə, yəni ölkəmizin maraqlarının müdafiəsində işi hər zaman təşkil olunub. Bundan sonra da bu iş davamlı şəkildə həyata keçiriləcək".

Azərbaycan hökumətinin xarici siyasətinin ölkəmizin maraqlarını müdafiə etməyə hesablandığını diqqətə çatdıran AŞPA-nın vitse- prezidenti: "Azərbaycana qarşı qərəzli mövqeyi dəf etmək də dövlətimizin xarici siyasətinin istiqamətlərindən biridir. Ancaq hansısa kontruktiv və daxilində tənqidi məqamlar olan məsələni müzakirə etmək və onu nəzərə almaq isə Avropa təşkilatlarında iş hüququdur. Bu istiqamətdə hər zaman fəaliyyət göstərməyə hazırıq",- deyə sözlərinə əlavə edib.

Alt komitə məsələsinə də toxunan diplomat qeyd edib ki, alt komitə deyilən bir anlayış yoxdur: "Dağlıq Qarabağ məsələsini gündəmdən heç vaxt çıxarmamışıq və bundan sonra da çıxarılmayacaq. Avropa Şurasının bütün rəsmilərinə Dağlıq Qarabağ həqiqətlərindən faktları çatdırmaqla yanaşı, görüşlər də aparılır və təyin olunmuş məsələlər müzakirə olunur. Dağlıq Qarabağı yaddan çıxarmaq mümkün deyil, çünki bu, Azərbaycanın öhdəlikləri içərisində ən böyük öhdəlikdir".

AŞPA-nın qış sessiyasında Xankəndi aereportu məsələsinin müzakirə olunub olunmayacağı sualına da aydınlıq gətirən Səməd Seyidov əlavə edib ki, tək Xankəndi aereportu deyil, eləcə də başqa vacib məsələlər sessiyanın əsas müzakirə mövzusudur: "Məsələn qaçqınlar, köçkünlərlə bağlı məsələlər gündəmdir. Nümayəndə heyətiminizin tərkibində Qarabağ icmasının üzvləri də var. Dağlıq Qarabağ məsələsi, Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüz və bunun nəticəsində yaranmış problemlərin hamısı və sadaladığımız digər məsələlər də günün əsas mövzusudur".

Bütün xəbərlər Facebook səhifəmizdə