Əli Həsənov: "871 məcburi köçkün ailəsi dövlət mülkiyyətinə alınıb" YENİLƏNİB
İl ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci il yanvarın 21-də Goranboy rayonu ərazisində 525 məcburi köçkün ailəsi üçün salınan 9 ədəd beşmərtəbəli yaşayış binasından ibarət yeni salınan məhəllənin, sentyabrın 9-da Şəki şəhəri ərazisində 423 məcburi köçkün ailəsi üçün salınan qəsəbənin, dekabrın 27-də isə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinin ərazisində 1440 məcburi köçkün ailəsi üçün yeni salınan məhəllənin açılış mərasimlərində iştirak edib. SİA-nın xəbərinə görə, bu sözləri bu gün Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan Prezidentinin imzaladığı "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqamı" çərçivəsində 2013-cü ildə nəzərdə tutulan tədbirlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirilib.
Bildirilib ki, Ağcabədi şəhərində bütün zəruri sosial-texniki infrastruktur obyektlərinə malik 560 ailəlik 10 ədəd beşmərtəbəli yaşayış binasından ibarət məhəlləyə məcburi köçkün ailələrinin köçürülməsi başa çatdırılıb: "Bərdə rayonu ərazisindəki fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 195 məcburi köçkün ailə üçün yeni yaşayış qəsəbəsi salınan və məcburi köçkünlərin köçürülməsi təmin edilib. İmişli rayonunun ərazisindəki fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 550 məcburi köçkün ailəsindən birinci mərhələdə 325 ailə üçün yeni qəsəbə salınaraq məcburi köçkünlərin istifadəsinə verilib. Mingəçevir şəhəri ərazisindəki fin tipli qəsəbədə və məktəb binalarında müvəqqəti məskunlaşan 502 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsi və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçün ailəsi üçün yeni qəsəbə salınıb".
Ə.Həsənov deyib ki, 2012-ci ildə həmçinin Maliyyə Nazirliyi tərəfindən ayrılan vəsait hesabına 871 məcburi köçkün ailəsi dövlət ehtiyacları ilə əlaqədar dövlət mülkiyyətinə alınmış və yaşayış üçün hər cür zəruri şərtlərə cavab verən mənzillərə köçürülüb: "Dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axısxa türklərinə məxsus tikintisi yarımçıq qalıb 28 evin tikintisi başa çatdırılıb. Bundan əlavə Göygöl rayonu ərazisində Laçın rayonundan olan 7 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evi tikilib. Beləliklə, 2012-ci il ərzində 22.765 nəfərdən ibarət 4.553 məcburi köçkün ailəsi (оnlardan 3.682 ailə 18.410 nəfər Dövlət Proqramı və Əlavələrin icrasına uyğun olaraq, 871 ailə 4.355 nəfər məcburi köçkün isə dövlət ehtiyacları ilə əlaqədar Abşeron rayonunun ərazisində dövlət mülkiyyətinə alınmış və yaşayış üçün zəruri şərtlərə cavab verən mənzillərə) köçürülüb".
Qeyd edilib ki, il ərzində 238,5 min kvadrat metr sahəsi olan 6 yeni yaşayış kompleksi salınıb, həmçinin 6 məktəb, 6 uşaq bağçası, 4 tibb məntəqəsi, 5 klub - icma mərkəzi, 5 inzibati bina tikilib istifadəyə verilib, 42,0 kilometr yol, 60,0 kilometr su xətti, 129,0 kilometr elektrik xətti, 92,5 kilometr qaz xətti, 3,4 kilometr istilik xətti, 7,4 kilometr kanalizasiya xətti çəkilib, müxtəlif həcmə malik 12 su anbarı, 5 nasos stansiyası, 32 komplekt transformator yarımstansiyası inşa edilib, 22 ədəd yüksəkgərginlikli transformator quraşdırılıb: "25.221 ailə və ya 126.105 nəfər daimi məskunlaşmamış qaçqın və məcburi köçkünlər üçün 1 milyon 474 min kvadrat metr sahəsi olan 77 qəsəbə və çoxmərtəbəli evlərdən ibarət məhəllə və fərdi evlər inşa edilib, 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb müəssisəsi, 43 klub icma mərkəzi, 37 rabitə evi, 32 hamam, 56 inzibati bina, 8 baytarlıq məntəqəsi, 12 yanğınsöndürmə deposu, 2 Olimpiya İdman kompleksi tikilib, 628,0 kilometr yol, 781 kilometr su, 1333 kilometr hava elektrik, 288 kilometr qaz, 61,5 kilometr kanalizasiya, 13 kilometr istilik xətləri çəkilmiş, 671 müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb. Həmçinin Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 1348 ailə 6740 nəfər məcburi köçkün dövlət ehtiyacları ilə əlaqədar dövlət mülkiyyətinə alınmış mənzillərə köçürülüb. Dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axısxa türklərinə məxsus tikintisi yarımçıq qalmış 352 evin inşası başa çatdırılıb və bu layihə cari ildə də davam etdiriləcəkdir. Beləliklə indiyədək 31 min ailə və ya 140 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb".
Baş nazirin müavini bildirib ki, 2012-ci il ərzində Dövlət Neft Fondundan 300 milyon manat vəsait ayrılıb ki, bu da 2011-ci il ilə müqayisədə 160 milyon və ya 2,2 dəfə, 2003-cü ilə nisbətən isə 15 dəfə çoxdur: "İl ərzində həmçinin Dövlət Proqramının və ona Əlavələrin icrası ilə əlaqədar Gəncə şəhəri ərazisində 1500, Qazax rayonunda 300, Bərdə rayonunda 866 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsinin, İsmayıllı rayonunda 45, Hacıqabul rayonunda 101, Saatlı rayonunda 230, Füzuli rayonunda 612, Sabirabad rayonunda 440, Ağdam rayonunda 932, Beyləqan rayonunda 466, Göygöl rayonunda 600 ailəlik qəsəbələrin, Bakı şəhərinin yataqxanalarında və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədi ilə Abşeron rayonunda Qobu şəhərinin salınması, Qəbələ rayonunda 155, Balakən rayonunda 43, Abşeron rayonunun Ramana qəsəbəsində 80 mənzilli yaşayış binalarının tikilməsi ilə bağlı layihələndirmə, layihə-smeta sənədlərinin hazırlanması və s. üzrə müvafiq tədbirlər həyata keçirilib. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 2004-2012-ci illərdə 2,8 milyard manat həcmində vəsait, o cümlədən, 1,481 milyard manat dövlət büdcəsindən, 1,099 milyard manat Dövlət Neft Fondundan, 219 milyon manat isə beynəlxalq humanitar təşkilatlar tərəfindən xərclənib".
Bildirilib ki, 2012-ci ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1040 manat (1300 ABŞ dolları) təşkil etmişdir. Bu da 2003-cü il ilə müqayisədə 8,6 dəfə çoxdur və dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir. Məcburi köçkünlər arasında yoxsulluq həddi 2006-cı ildə 75 % idisə, hazırda 15 % təşkil edir. Hazırda fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən 49 beynəlxalq, 43 yerli humanitar təşkilatların xətti ilə müxtəlif layihələr həyata keçirilir. Həmin təşkilatların tam sərbəst, azad və şəffaf fəaliyyətləri üçün nümunəvi şərait yaradılıb. Bu, beynəlxalq maliyyə qurumları, donorlar, humanitar təşkilatların rəhbərləri tərəfindən səsləndirilən rəydir.
Ə.Həsənov sözlərinə əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasətin təqdirəlayiq nəticəsi olaraq, Azərbaycan 2012-ci il 26 aprel tarixində daha bir nüfuzlu beynəlxalq təşkilata -BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə tamhüquqlu üzv seçilib: "2013-cü ildə 3941 min ailə üçün ümumi sahəsi 260 min kvadrat metr olan, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 8 qəsəbə və məhəllələrin, о cümlədən Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün 25 ədəd 5 mərtəbəli binadan ibarət, Bərdə rayonunda 866 məcburi köçkün ailəsinə 15 ədəd 5 mərtəbəli binadan ibarət yeni yaşayış məhəllələrinin, Abşeron rayonunun Masazır qəsəbəsində 758, İmişli rayonunda 225, Qaradağ rayonunun "Ümid" qəsəbəsinə yaxın ərazidə 200, İsmayıllı rayonunda 45 ailəlik qəsəbələrin, Qələbə rayonunda155, Balakən rayonunda 43 ailə üçün 5 mərtəbəli yaşayış binalarının 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axısxa türkləri üçün Saatlı rayonunda 97, Oğuz rayonunda 32, Beyləqan rayonunda 13, Göygöl rayonunda 7 evin tikintisi nəzərdə tutulub".
Daha sonra Məcburi köçkünlərin kosial inkişaf fondunun texniki nəzarət üzrə koordinatoru Vəfa Əlizadə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 2013-cü ildə yeni qəsəbə və məhəllələrin salınması ilə bağlı torpaqqayırma və layihələndirmə işlərinin vəziyyəti haqqında məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB