Məhəmməd Mursi fələstinli liderlərlə görüşüb

Məhəmməd Mursi fələstinli liderlərlə görüşüb

Misir prezidenti Məhəmməd Mursi Fələstinin dövlət başçısı Mahmud Abbasla görüşüb, eyni zamanda "Həmas"ın Siyasi Bürosunun rəhbəri Xalid Meşalı qəbul edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, fələstinli qrupların verdiyi yazılı açıqlamalarda görüşlərin müsbət atmosferdə keçdiyi və fevral ayının ilk həftəsində Fələstindəki bütün qrupların iştirak edəcəyi bir görüşün təşkil olunması haqda qərar qəbul edildiyi bildirilib.

Digər tərəfdən, Fələstin lideri Mahmud Abbas "Həmas"ın Siyasi Bürosunun rəhbəri Meşalla 1967-ci il sərhədləri çərçivəsində iki dövlətli həll məsələsində eyni fikirdə olduqlarını deyib. Ancaq M.Abbas qeyd edib ki, Meşal problemin müqavimət və sülh variantlarını nəzərdə tutan müzakirələr yoluyla həllinin vacib olduğunu düşünür.

Fələstinin BMT-də müşahidəçi dövlət statusu alması əsnasında ciddi təzyiqlərə məruz qaldığını xatırladan Abbas o ərəfədə sui-qəsdə məruz qalma ehtimalından belə qorxmadığını vurğulayıb.

Abbas Ərəb Birliyinin vəd etdiyi 100 milyon dollarlıq yardımın ayrılmaması səbəbilə iqtisadiyyatdakı ağırlaşmanın davam etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə