Bizim siyasi opponentlərimiz vahid namizədin nə demək olduğunu hələ də tam anlaya bilmirlər. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkilinin sözlərinə görə, "vahid namizəd" deyəndə böyük siyasi təşkilatın içərisindən ya danışıqlar, ya da təkliflər nəticəsində seçilən və əksəriyyətin qəbul etdiyi şəxs başa düşülür: "İndiki halda müxalifətin bir cinahı vahid namizəd məsələsini ortaya atıb. Daha dəqiq desək, AXCP və Müsavat öz aralarında vahid namizəd məsələsini həll etmək istəyirlər. Amma xatırlamaq lazımdır ki, AXCP və Müsavat müxalifətin radikal qanadına aid hissədir. Bundan başqa müxalifətin konstruktiv, ənənəvi, mərkəzçi, demokratik, sosialist və digər qanadları da vardır. Yəni, müxalifətin "vahid namizəd" axtarmaq görüntüsü əslində cəmiyyəti çaşdırmağa hesablanıb. Belə ki, müxalifəti təmsil edən bütün tərəflərin seçimi heç də AXCP və Müsavatın namizədi deyil. Biz bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərdə müxalifətdən çox bəsit namizədin iştirak edəcəyinin şahidi olacağıq. Əgər xarici tədqiqatçı Azərbaycandakı siyasi prosesləri öyrənməyə çalışsa, o hansı "vahid namizəd"dən söhbət getdiyini belə anlamayacaq".
A.Mirzəzadə hesab edib ki, əgər sözügedən hər iki partiya "vahid namizəd" məsələsində razılığa gəlmək istəklərini ortaya qoyurlarsa, deməli burada söhbət bir-birilərinin sosial bazaları mənimsəməkdən gedə bilər: "Onlar çox gözəl dərk edirlər ki, seçkilərdə müxalifətin hər hansı bir uğur əldə etməsi sosial bazasının zəif olması səbəbindən mümkün olmayacaq. Ancaq göründüyü kimi onlar nəinki cəmiyyəti, müxalifəti, heç sosial bazalarını birləşdirmək iqtidarında deyillər. Əgər nəzərə alsaq ki, bu iki partiyanın (AXCP, Müsavat) özünün daxilində prezidentliyə namizədliklə bağlı çox ciddi proseslər gedir, deməli vəziyyət düşündüyümüzdən də ağırdır. Qeyd edim ki, Müsavat partiyası üç ildir özünün nizamnaməsini pozaraq qurultay keçirsə də yeni başqan seçməyib. Halbuki, yeni başqan seçəcəyi təqdirdə namizədinin İsa Qəmbər olmayacağı da gün kimi aydın idi. Eyni sözü AXCP haqqında da demək olar. Belə ki, Xalq Cəbhəsi Partiyası adından bütün hallarda ancaq bir nəfər danışır. Bu gün onların "vahid namizəd" məsələsi sadəcə, internetdə çaşqınlıq yaratmaq və tərəfdarlarına güc sahibi olduğunu göstərməkdən ibarətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB