Pakistanın çoxtirajlı urdu dilli nəşrlərdən olan "Daily Xabrian" qəzetində Azərbaycan-Pakistan Fondunun Prezidenti, Azərbaycan Diplomatik Akademiyasının məzunu, ABŞ-nin Hadson İnstitutunun və İsveçrənin Ceneva təhlükəsizlik siyasəti mərkəzinin tədqiqatçısı, Pakistan Təhlükəsizlik Siyasəti Mərkəzinin sədri Çoudri Naman Zəfərin "Azərbaycan-Pakistan münasibətləri-20 il, XXI əsrin çağırışları" adlı məqaləsi dərc edilib. SİA-nın məlumatına görə, məqalədə ölkələrimiz arasında mövcud olan səmimi dostluq münasibətlərindən bəhs edilib, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında olması faktı qeyd olunub.
Yazar Azərbaycanın Ümummilli lideri Heydər Əliyev və Pakistanın sabiq baş Naziri Benazir Bhuttonun dövlətlərimiz arasında strateji əlaqələrin özülünü qoyduqlarını, iki onillik ərzində bu münasibətlərin həyatın bütün sahələrini əhatə etdiyini diqqətə çatdırıb.
N.Z.Çoudri Pakistanın Azərbaycanla əlaqələrinə böyük önəm verdiyini, daha da genişlənməsində maraqlı olduğunu, hər iki ölkənin beynəlxalq və regional məsələlərdə biri birlərinin mövqelərini dəstəklədiklərini vurğulayıb.
"Daily Xabriyan "-dakı məqaləsində müəllif rəsmi İslamabadın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini, Dağlıq Qarabağ məsələsində birmənalı mövqedən çıxış edərək, işğalçı siyasəti və minlərlə günahsız insanı qəddarcasına qətl etdiyinə görə Ermənistanı bir dövlət kimi tanımadığını yazıb.
Məqalədə Pakistan Senatının 01.02.2012 tarixində Xocalı soyqırımını tanıyan və ölkəmizin ərazi bütövlüyünü bir daha dəstəkləyən qətnaməni qəbul etdiyi qeyd olunub, Azərbaycanın Cammu və Kəşmir məsələsində Pakistanın mövqeyini BMT və digər beynəlxalq forumlarda dəstəklədiyi ifadə olunub.
Daha sonra yazar XXI əsrin çağırışlarından bəhs edərkən hər iki ölkəmizin terror, narkotiklərin qaçaqmalçılığı, çoxsaylı qaçqın və köçkünün mövcudluğu və digər bu kimi problemlərlə üzləşdiyini, bunların öhdəsindən gəlmək üçün birgə əməkdaşlığın vacibliyini qeyd edib.
N.Z.Çoudri mövcud yüksək səviyyəli siyasi əlaqələri iki xalqın rifahına yönəlməsinin zəruriliyini bildirib. Eyni zamanda o, insanlar arasında ünsiyyətin genişlənməsinin, parlamentlər arası əlaqələrin inkişafının, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin zəruriliyini də ön plana çəkib.
Yazının sonunda N.M. Çoudri Azərbaycan-Pakistan Fondunun qarşısında duran vəzifələrdən söz açıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB