Ölkəmizdə səfərdə olan Sloveniyanın gənclər nümayəndə heyəti cari ilin dekabrın 19-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahının qonağı olub. ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, qonaqları salamlayan ATGTİ-nin sədri Şahin İsmayilov onları təşkilatın qərargahı və stukturunu ilə yaxından tanış edib. Nümayəndə heyətini öz dillərində salamlayan ittifaqın mətbuat katibi Məcid Musayev isə onlara İttifaqın fəaliyyəti və irimiqyaslı layihələri haqda məlumat verib.
Görüşün davamında Sloveniya Tələbələr Birliyinin prezidenti Mitya Urbats səfərlərinin məqsədlərinə toxunaraq, onun ölkəsinin Azərbaycan gəncləri ilə hərtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Bundan əlavə qonaq vurğulayıb ki, ATGTİ nümayəndələri Avropa Tələbələr Birliyinin Maltada keçirilmiş sonuncu toplantısında öz fəallıqları ilə yadda qalıblar.
İkitərəfli əlaqələrin inkişafı məqsədi ilə görüş zamanı ATGTİ ilə Sloveniya Tələbələr Birliyi arasında "Niyyət protokolu" imzalanıb. Protokola əsasən tərəflər elm, təhsil, idman və digər sahələri əhatə edəcək birgə layihələrlə çıxış edəcək, iki ölkə mədəniyyətinin təbliğində gənclərin roluna diqqət yetirəcək və təcrübə mübadiləsi üçün gələcəkdə qarşılıqlı səfərlər həyata keçirəcəklər.
Xatırladırıq ki, bu günə qədər ATGTİ Belarus Respublikası, Moskva Dövlət Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti ilə analoji protokollar imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB