Araz Əzimov: "Filipp Lefort konkret cavab verilməlidir"

Araz Əzimov: "Filipp Lefort konkret cavab verilməlidir"

"Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefortun Dağlıq Qarabağa getməsi haqqında danışarkən biz bunun məqsədini düşünməliyik. Çünki Avropa İttifaqı münaqişənin həllində birbaşa iştirak etmir, ATƏT Minsk Qrupunun səylərini dəstəkləyir". SİA-nın məlumatına görə. bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

O deyib ki, AB Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gələcəkdə hansısa məsələlərin həllinə cəlb oluna bilər, ancaq faktiki olaraq indi bu prosesdə birbaşa iştirak etmir: "Filipp Lefortun münaqişə zonasına səfər etmək niyyəti ilə bağlı konkret cavab verilməlidir ki, Avropa Birliyinin siyasi mövqeyi nədən ibarətdir, bu istək qurumun Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə əsaslanırmı, yoxsa bu təşəbbüs başqa məqsədmi güdür? Əgər Lefort Dağlıq Qarabağa getmək istəyirsə, hansı məqsədlə getdiyini açıqlamalıdır".

Araz Əzimov bu cür təşəbbüsün yalnız bir halda həyata keçə biləcəyini diqqətə çatdırıb: "O halda ki, bu təşəbbüs Dağlıq Qarabağın Azərbaycanın daxilinə yenidən reinteqrasiyasına kömək etsin. Digər təqdirdə heç bir təşəbbüs qəbul edilə bilməz. Bu səfər Dağlıq Qarabağın Azərbaycana reinteqrasiyası ilə bağlıdırsa, o zaman belə səfərlər haqqında məsələlərə baxıla bilər. Hələlik biz bu barədə Avropa Birliyindən heç bir təsdiqedici cavab almamışıq. Dağlıq Qarabağ işğal altında olan bir ərazidir və ora daxil olmaq üçün mütləq Azərbaycanın icazəsi olmalıdır. Biz münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmin əraziyə səfərlərinə etiraz etmirik, çünki bu, onların işidir. Müxtəlif siyasi qüvvələrin nümayəndələrinin həmin regiona hansısa siyasi maraqları üçün səfərlərinə gəldikdə, biz buna prinsipial olaraq razılıq vermirik. Çünki buna əsas yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə