Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun aznews.az-a müsahibəsi:
- ABŞ dövlət katibinin müavini Tomas Melia Bakıda keçirdiyi görüşlərinin birində Azərbaycan müxalifətinə prezident Barak Obamanın və dövlət katibi Hillari Klintonun salamlarını çatdırıb. Buna sizin münasibətiniz necədir?
- Birincisi, o təkcə müxalifətə salamını çatdırmayıb, bütövlükdə salam göndərib. Digər tərəfdən isə Tomas Melianın kiminlə görüşməsi və kimə nə deməsindən asılı olmayaraq hər bir ölkənin daxili siyasi, qanunvericiliyi və fəaliyyət istiqamətləri mövcuddur. Hesab edirəm ki, ABŞ Dövlət Departamentinin hər hansı nümayəndəsinin başqa dövlətə gələn zaman tövsiyyə verməsi düzgün deyil. Çünki hər bir ölkənin xalqı özünün inkişaf istiqamətlərini, oradakı siyasi prosesləri və sistemi özü müəyyənləşdirir. Azərbaycan azad və demokratik hüquqi ölkədir. Burada bütün məsələlər qanunun aliliyi və hüquq çərçivəsində həll olunur. Bunun kimin xoşuna gəlməməsi bizi maraqlandırmır. Bu ölkənin indiki hakimiyyətini saxlayan mənbə xalqdır və bu kimi məsələlər də xalqın öz iradəsinə aiddir. Bu baxımdan da bəzən görürsən ki, yazırlar filan təşkilat filan məsələyə bu cür münasibət bildirib və sairə. Azərbaycanda da xeyli qeyri-hökumət təşkilatları mövcuddur. O zaman həmin təşkilatlar da gedib Fransa haqqında müəyyən fikirlər yürüdə bilərlər. Yaxud da Azərbaycan Xarici İşlər Nazirliyinin hər hansı nümayəndəsi də ABŞ-da demokratik inkişafı qiymətləndirə bilər. Lakin bunu etmirlər. Çünki hər kəs öz səlahiyyətlərinə uyğun fikirlər bildirməlidir. Hər bir müstəqil ölkə BMT-də birləşir. Bu dövlətlər eyni müstəqil hüquqa malikdirlər, onlardan biri digəri haqqında üstün fikir bildirə bilməz.
ABŞ Dövlət Departamenti rəsmisinin bir fikri də olub. O, ABŞ dövlətinin guya "Freedom House" təşkilatının fəaliyyətini də izlədiyini bildirib. Amerika necə diqqətlə izləyir ki, indi Quantanamo hərbi həbsxanasında məhbuslara dininə, millətinə və irqinə görə işgəncələr verilir. Bu həbsxanada müsəlmanlar olduğu və İslam dininə sitayiş etdikləri üçün onlara ağır işgəncələr verilir. Lakin "Freedom House" təşkilatı bütün bunları görmür və susur. Lakin Bakıda kiminsə köhnə binada yerləşən mənzili sökülür və əvəzində həmin sakinlərə yeni mənzillər verilirsə, o zaman bu, "Freedom House" təşkilatının "xoşuna gəlir" və buna dərhal reaksiya verilir. Bu təşkilat özünə sərf edən məsələlərlə bağlı qərəzli və yalan hesabatlar hazırlayır. Bu kimi təşkilatlar dünyada polis rolunu oynamaq istəyirlər. Bu isə mümkün olmayan məsələdir.
- Bir neçə gün əvvəl ABŞ Konqresində qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin 21-ci ildönümü qeyd olunub. Hakim partiyanın buna reaksiyası necədir?
- Bilirsiz ki, ABŞ və Amerika Konqresində erməni lobbisi çoxluq təşkil edir. Dəfələrlə şahidi olmuşuq ki, bəzi konqresmen və senatorlar ABŞ dövlətinin, xalqının, cəmiyyətinin maraqlarından deyil, şəxsi mənafeləri istiqamətindən çıxış edirlər. Həmin şəxslər seçkilərdə erməni lobbisinin səslərindən yararlanıblar. Bütün bu kimi məsələlər pulla həll olunur. Hətta vaxtilə erməni lobbisinin səyləri nəticəsində ABŞ Azərbaycana səfir təyin edə bilməyib. Digər fakt isə odur ki, Azərbaycana qarşı ədalətsiz "907-ci düzəliş" sənədi qəbul olunub. Həmin sənəddə göstərilir ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz edib. Halbuki Ermənistan tərəfi Azərbaycanın ərazilərini 20 ildən çoxdur ki, işğal altında saxlayır. Bu cür ədalətsiz qərarların qəbul edilməsini indiyədək ABŞ konqresmenlərindən görmüşük və bundan sonra da görə bilərik.
- Azərbaycan Beynəlxalq Unversitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev növbəti video yayıb. Həmin videoda rüşvətlə bağlı bir neçə şəxsin adı çəkilir...
Elşad Abdullayevin yaydığı videolardakı iddialar yalan və böhtandır. Bu məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. İki nəfərin oturub söhbət etməsi hər hansı əsas deyil. Onların ikisi də əvvəlcədən öyrədilmiş adamlardır ki, öz söhbətlərinin videosunu da çəkdiriblər. Həmin videoda kimin adını istəsən, hətta Barak Obamanın da adını çəkmək olar. Amma bu o demək deyil ki, Obama bu proseslərin iştirakçısı olub. Bu adamların hər hansı fikir söyləməsi və məsələlərə münasibət bildirməsi, əxlaqsız qadınla dələduzun oturub söhbət etməsi və bunu lentə alması məqsədli şəkildə həyata keçirilib.
Vasif Həsənli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB