"Aksiya adı ilə şuluqluq salanlar ermənidən yaxşı deyil"

"Aksiya adı ilə şuluqluq salanlar ermənidən yaxşı deyil"

Milli Məclisinin bugünkü iclasında deputatlar bir sıra təkliflərlə çıxış ediblər. SİA-nın məlumatına görə, cari məsələlərin müzakirəsində çıxış edən millət vəkili Vahid Əhmədov diqqəti Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə yönəldib. Millət vəkili Gürcüstan azərbaycanlılarının Azərbaycanda vizasız qala bilməsi üçün müəyyənləşdirilmiş 30 gün müddətin artırılmasını istəyib. Eyni zamanda Gürcüstandakı məktəblərə Azərbaycan dilində dərsliklərin göndərilməsinin vacibliyinə toxunan V. Əhmədovun sözlərinə görə, erməni lobbisi Gürcüstandakı azərbaycanlıların bu ölkədən deportasiyasına çalışır.

Deputat Əli Məsimli isə deyib ki, hazırda Azərbaycanın Gürcüstana investisiya yatırması üçün münbit şərait yaranıb və Azərbaycan da bu şəraitdən istifadə etməlidir. Deputat Rusiyanın Qəbələ RLS-in istismarından imtinasından da bəhs edib və bunu Azərbaycanın böyük qələbəsi adlandırıb.

Spiker Oqtay Əsədov isə çıxışında deyib ki, xaricdəki azərbaycanlılar bir-birlərinə dəstək verməlidirlər: "Bu məsələ barədə düşünmək lazımdır. Sankt-Peterburqda 350 min azərbaycanlı, Ukraynada 300 min azərbaycanlı yaşayır, amma orada bir deputatımız yoxdur. Biz bu məsələlərə diqqət yetirməliyik".

Millət vəkili Siyavuş Novruzov müxalifət partiyalarında təmsil olunan bir qrup şəxs tərəfindən ötən gün paytaxtın mərkəzində keçirilən aksiyalara münasibət bildirib: "Öz sürücüsünü, cangüdənini aksiya adı ilə şəhərin mərkəzinə göndərənlər, şuluqluq salanlar ermənidən yaxşı deyil. Bunlar 20 ildir eyni sözü deyirlər. Bu adamlar üçün xalq, millət, dövlət anlayışı yoxdur. Onlar yalnız özlərini düşünürlər".

Deputat Gürcüstan azərbaycanlılarının probleminə də toxunub və soydaşlarımızın aktivliklərini artırmasına ehtiyac olduğunu vurğulayıb: "Gürcüstanda bu gün 500 min azərbaycanlı yaşayır. Gürcüstan parlamentində cəmi 2 azərbaycanlı deputat var. Biz gücümüzü qoyub onların sayını artırmalıyıq. Gürcü dilini bilənlərin sayını artırmalıyıq. Gürcüstan rəhbərliyi ilə görüşlərdə dəfələrlə oradakı azərbaycanlıların işlə təminatı məsələsini qaldırmışıq. Deyirlər ki, siyahı verin, diplom göstərin. Onlar da çıxarıb Elşad Abdullayevin "ABU"-sunun diplomunu göstərirlər. Reallıq budur".

Bütün xəbərlər Facebook səhifəmizdə