Hökumət üzvləri parlamentə niyə gəlmir?

Hökumət üzvləri parlamentə niyə gəlmir?

Hökumət üzvləri büdcə müzakirələri zamanı parlamentin iclaslarına qatılmalıdırlar. Çünki bir sıra hallarda büdcənin müzakirəsini aparan deputatlar hökumət üzvlərinə müəyyən suallar ünvanlamalı olurlar. SİA-nın xəbərinə görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramlı öz sosial şəbəkəsində Milli Məclisdə dövlət büdcəsinin müzakirələri zamanı bəzi nazirlərin iştirak etməməsi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda bəzi hökumət üzvləri nədənsə büdcə müzakirələrilə bağlı parlamentin iclaslarına qatılmağı özlərinə rəva görmürlər: "Bu hal isə deputatları da narahat etməyə başlayıb. Belə ki, parlamentin həftənin ikinci günü keçirilən iclasında millət vəkili Əli Əhmədov da büdcə müzakirələrinə bir sıra nazirlərin qatılmamasına öz etirazını bildirib: "Nazirlər burada olmalıdırlar ki, Milli Məclisdə aparılan müzakirələr onların beyinlərinə hopsun. Ən azı burada səslənən fikirləri eşitmək onların vəzifə borcudur".

Maraqlıdır, görəsən nədən bir sıra hökumət üzvləri parlamentdəki büdcə müzakirələrinə qatılmırlar?

V.Bayramovun fikrincə, hökumət üzvlərinin parlamentdə büdcə müzakirələrinə qoşulması üçün proseduralar və müzakirə olunan məsələlərin mahiyyəti dəyişməlidir: "Hökumət üzvlərinin parlamentdə büdcə müzakirələrinə qatılmalarına qeyri-ciddi münasibət bəsləmələri müxtəlif səbəblərlə bağlıdır".

İqtisadçı-ekspertin sözlərinə görə, parlamentdə büdcə müzakirələri zamanı demək olar hər il eyni məsələlər qaldırılır: "Həmçinin parlamentdə təmsil olunan deputatların büdcə müzakirəsi, orada səslənən rəqəmlərə, onun təkmilləşdirilməsi məsələlərinə münasibəti də dəyişməlidir. Daimi olaraq deputatlar eyni məsələləri qaldırır, hökumət üzvləri eyni şərhləri verirlərsə, praktik olaraq proses təkrarlanır. Büdcə müzakirələrində kifayət qədər maraqlı olan məsələlər qabardılmalıdır ki, hökumət üzvləri də prosesə cəlb olunmaqda daha həvəsli olsunlar. İnkişaf etmiş ölkələrin parlamentində büdcə müzakirələri ən ağır keçən müzakirələrdir. O baxımdan ölkəmizdə də büdcə müzakirələrində ənənəvi məsələləri qaldırmaqla yanaşı, ümumbüdcə paketində əks olunan məsələlərə detallı yanaşmaq gərəkdir. Digər tərəfdən, büdcə kimi məsələlər adətən ilin əvvəlində qaldırılmalıdır. Dövlət qurumları hansısa bir xərcin azalması və ya artması ilə bağlı əsaslandırmaları ilin əvvəlində Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Burada müzakirələrdən sonra həmin məsələ Nazirlər Kabinetinə təqdim olunmalıdır. Parlamentdə də məsələni məhz Nazirlər Kabineti təqdim etməlidir. Ölkəmizdə isə bəzən bu məsələləri parlamentdə ayrı-ayrı dövlət qurumları qaldırır".

V.Bayramlı hesab edir ki, məhz buna görə də parlamentdə büdcə müzakirələrilə bağlı müddətin uzadılmasına ehtiyac var: "Eyni zamanda parlamentdəki bu müzakirələrə Rusiya və Qazaxıstanda olduğu kimi müstəqil ekspertlər, iqtisadçılar da cəlb olunmalıdır. Təəssüf ki, bizdə bu ənənədən hələlik istifadə olunmur. Rusiyada parlament fraksiyaları müzakirələrdən əvvəl iqtisadçılarla görüşüb onların büdcəylə bağlı rəylərini də alır. Belə bir təcrübənin ölkəmizdə də olması vacibdir. Ona görə də hökumət üzvlərinin büdcə müzakirələrinə gəlməməsilə bağlı problemi yalnız hökumətin özündə axtarmaq doğru olmaz. Proseduralar və müzakirə olunan məsələlərin mahiyyəti dəyişməlidir. Belə olarsa, hökumət də parlament müzakirələrinə daha ciddi önəm verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə