Türkiyə Cümhuriyyəti 89 yaşını Gülüstanda qeyd etdi

Türkiyə Cümhuriyyəti 89 yaşını Gülüstanda qeyd etdi

Bu gün "Gülüstan" sarayında Türkiyə Cümhuriyyətinin yaranmasının 89-cu ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və hər iki ölkənin dövlət himnləri səsləndirilib. Qonaqları salamlayan səfir İsmail Alper Coşkun ulu öndər Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyənin istiqlal mübarizəsindən və ölkəsinin keçdiyi inkişaf yolundan danışıb.

Bildirilib ki, bu bayram 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı ilə Osmanlı dövlətinin ləğv edilərək Türkiyə Cumhuriyyətinin elan olunması münasibəti ilə qeyd edilir: "Mustafa Kamal Paşanın rəhbərliyində TBMM-də elan edilən respublikanın ilk prezidenti də Mustafa Kamal (Atatürk) özü olur. 1924-cü ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir. Ərazisi 783 562,4 km² olan Türkiyənin 3 faizi Avropa, 97 faizi Asiya qitəsindədir. Ölkə 7 coğrafi ərazi və 81 vilayətdən ibarətdir. Əhalisi təxminən 73 milyon 722 min 988 nəfər, paytaxtı Ankara şəhəridir. Parlament üsulu ilə idarə olunan ölkənin bayrağı qırmızı parça üstündə ağ rəngli aypara və beş guşəli ulduzdan ibarətdir. Türkiyənin rəsmi dili türk dilidir. Ölkə şərqdən İran, Azərbaycan, Gürcüstan və Ermənistan, cənubdan Suriya və İraq, qərbdən Yunanıstan və Bolqarıstanla sərhəddir".

Daha sonra baş nazirin müavini Abid Şərifov Türkiyə Cümhuriyyətinin yaranmasının 89-cu ildönümü münasibətilə təbriklərini çatdırıb. Qeyd olunub ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətləri getdikcə daha yüksək səviyyədə inkişaf edir. Baş nazirin müavini Abid Şərifov qardaş ölkəyə firavanlıq və uğurlar arzulayıb. İki ölkə arasındakı mövcud münasibətlərdən danışan baş nazirin müavini elm, təhsil, iqtisadiyyat, mədəniyyət və hərbi sahələrdə sıx əməkdaşlığın olduğunu deyib: "Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə məhz Türkiyə olub. Ulu öndərlərin - Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamları qardaş ölkələrimiz arasında hər zaman əsas prinsip olmuşdur. İki ölkə arasında əlaqələrin daim inkişaf etdiyini diqqətə çatdıran Baş nazirin müavini bildirib ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri almış, qardaşlıq əlaqələrimiz daha da möhkəmlənib. Türkiyə və Azərbaycan eyni kökə, tarixə, mədəniyyətə söykənən sarsılmaz münasibətlər qurublar. Hər iki ölkə beynəlxalq təşkilatlarda da daim bir-birlərini dəstəkləyir və eyni mövqedən çıxış edir".

Tədbirin sonunda isə qonaqlara ziyafət verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə