Türkiyə təyyarə qalmaqalından Rusiyanı Suriya məsələsində tutduğu mövqedən geri çəkilməyə vadar etmək üçün yararlanacaq. SİA-nın məlumatına görə, bunu Millət vəkili Zahid Oruc Rusiya ilə Türkiyə arasındakı təyyarə qalmaqalını şərh edərkən deyib.
Onun sözlərinə görə, şimal qonşumuzun Yaxın Şərq böhranlarının tənzimlənməsindəki vasitəçilik rolu qeyri-legitim sayılırdı və hamı bunu təsir və maraq zonası uğrunda savaş kimi qiymətləndirirdi: "Son hadisələr isə Rusiya əleyhinə beynəlxalq tənqid dalğasını bir qədər də gücləndirməklə Türkiyənin məruz qaldığı ağır regional şəraitdən çıxması üçün çoxlu tərəfdarlar qazandıracaq. Əlbəttə, Suriya böhranının davam etdiyi 19 ay ərzində müxtəlif planlar NATO-nun masası üzərində olub, lakin heç kəs düşünməsin ki,Türkiyə təkbaşına Suriyaya hərbi cəhətdən yeriməklə bu müharibənin son qalibi olacaq. Bunun onlarla səbəbini saymaq olar ən başlıcası, Suriya münaqişəsi ətrafında ən kəskin qarşıduran tərəflər-İran, Rusiya, Qərb, Çinin heç birisi Türkiyənin ərəb dünyasında liderliyini qəbul etmir və onun regional hökmran rolunu tanımaq istəmirlər. Əsəd rejimini dəyişmək məsələsində tamam məkrli bir xətt yeridən İranın onlarla təxribat və diversiya fəaliyyəti Yaxın Şərqdə tüğyan edir. Bütün fors-major situasiyalar üçün hazırlıqlar görülməkdədir. Əgər Əsəd taxt-tacdan salınarsa, sünni çoxluğu iqtidarı asanlıqla ələ götürə bilməyəcək. Çünki xarici-daxili himayədə olan terror qrupları və iqtidardan salınmış güclü iqtisadi və hərbi elita-ələvi azlığı əsil vətəndaş müharibəsinin nə demək olduğunu dünyaya göstərəcəklər. Belə ssenari bütövlükdə bölgənin təhlükəsizlüyinə öldürücü zərbədir. Söhbət hakim rejimdən deyil, fərdi təhlükəsizlik davasından gedəndə Suriya qan gölünə çevriləcək".
Z.Oruc başqa bir məqama diqqəti çəkərək dedi ki, söhbət Ərdoğan iqtidarının bu müharibəyə təhrik edilməklə Türkiyə düşmənlərinin onlardan heyif çıxması,bu ölkənin zəiflədilməsi və ya bölünməsi zəminin hazırlanmasından gedir: "Əlbəttə buna cəhdlər var və CHP təmsilçiləri "Əsədin canı cəhənnəmə, bizə Türkiyə lazımdır" deyərkən məhz bu düşmən tələlərinə və oynanılan ssenarilərə diqqət çəkiblər. Lakin Ərdoğan kimi güclü və kəşfiyyat məlumatları ilə peşəkarlıqla işləyən bir siyasət adamı Suriya ilə müharibənin təxmini nəticələrini, qüvvələr nisbətini, Rusiya ilə yaranan toqquşmaların iqtisadi-siyasi nəticələrini və ölkəsi daxilində azğınlaşdırılan PKK təhlükəsinin miqyasca genişləməsini hesablamamış deyil. Ona görə Türkiyə üçün ən əlverişli vaxtda hərbi qərarları verməklə Əsəd qüvvələrini xarici düşmənlə savaş adı ilə daxili gətginliyi qapatmağa və özünü xilas etməyə yol verilməyəcəkdir. Rusiya isə əvvəlki kimi Suriyanın hakim dairələrini silahlandırmaqda davam edəcək. Bu heç kəsə sirr deyil. A 320 mülki təyyarəsindəki radiolektron avadanlıqlarından öncə Aeroflot və İl təyyarələri ən müasir raket elementlərini, hərbi texnika və silahları bu ölkəyə daşımaqla dəfələrlə beynəlxalq etirazlara səbəb olsa da prosesi dayandırmamışdı. Görünür, son zamanlar bu yüklər həm də Suriya təyyarələri ilə bölüşdürülüb".
Deputat hesab edir ki, bu vasitələrlə Rusiyanı sıxışdırmaq mümkün deyil: "Bu ölkənin xaricdə yeganə hərbi bazası olan Tartus - Suriya rejiminin alternativ silah anbarı, təhlükəsizlik yolu və son anda Əsəd rejiminin xilas dəhlizidir. Ona görə Qərbin bəyanatları bu ərəb dünyasına atılan xarici silahların qarşısını almaqda acizdir. Çünki ixrac edən tərəflərdən biri də elə Avropanın özüdür. Suriyada Rusiya məğlubiyyətə uğrasa bu bir-birinin ardınca mövqe itkilərinə məruz qalmış bu keçmiş imperiya dövlətinin xarici siyasətini daha da qəddarlaşdıracaq. Çünki Qərb və Türkiyə növbəti həmlədə Orta Asiya və Qafqazlarda Rusiya ilə üz-üzə gəlməlidir. İndilikdə isə ərəb dindaşlarımızın hər gün qanı tökülür, evləri dağılır, vətəni viranəyə çevrilir. Bu ölkədə bütün növ silahlar üz-üzə döyüşdədir. Ölənsə ərəblərdir-fərqi yoxdur ərəb, türk, rus və ya ingilis silahı ilə…"deyə, Z.Oruc əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB