MDU-nun Bakı filialının yeni tədris kompleksinin açılışı oldu

Azərbaycan Prezidenti İlham Əliyev təhsil ocağının açılışında iştirak edib
MDU-nun Bakı filialının yeni tədris kompleksinin açılışı oldu

Bu gün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı universitetin yeni tədris kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və bu ali təhsil ocağının Bakı filialının rektoru Nərgiz Paşayeva Azərbaycan Prezidentinə və xanımına məlumat veriblər ki, yeni kompleksin tikintisinə 2010-cu ilin iyununda başlanılıb. Yeddi korpusun, dörd yataqxananın daxil olduğu tədris kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub.

Dövlətimizin başçısı və xanımı universitetin beş mərtəbədən ibarət yeni binasının müasir tədris avadanlığı ilə təchiz edilmiş auditoriyalarında, zəngin kitabxanasında, konfrans zalında, yeməkxanasında, tələbə mərkəzində, "13 müdriklər klubu"nda yaradılmış şəraitlə tanış olublar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva universitetin birinci mərtəbəsində köhnə Bakının və köhnə Moskvanın görüntülərini əks etdirən fotostendlərə baxıblar.

Daha sonra Azərbaycan Prezidenti və xanımı universitetin ayrı-ayrı mərtəbələrindəki auditoriyalarda, kompyuter zalında yaradılmış şəraitlə tanış oldular, ali təhsil ocağının dördüncü mərtəbəsindən ətrafı seyr ediblər. Bildirilib ki, beş hektar ərazidə inşa edilmiş kompleksin həyətində geniş yaşıllaşdırma işləri görülüb.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib. Sonra Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və bu ali təhsil müəssisəsinin Bakı filialının rektoru Nərgiz Paşayeva çıxış ediblər. Universitetin müəllim-tələbə heyəti dövlətimizin başçısı və xanımı ilə xatirə şəkli çəkdirib.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin əl oyunları zalı, üzgüçülük hovuzu və trenajor zalında yaradılmış şəraitlə tanış olublar. Azərbaycan Prezidenti yeni kompleksdə yaradılmış şəraitdən razılığını bildirib.

Qeyd edək ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2008-ci il tarixli Sərəncamı ilə yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə