Prezident İlham Əliyev ciddi mesaj verdi

Elman Nəsirli: “Hesab edirəm ki, bu yeni bir sferadır”
Prezident İlham Əliyev ciddi mesaj verdi

Prezident İlham Əliyev Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsində bir sıra ciddi mesajlar irəli sürdü. Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli deyib.

Onun sözlərinə görə, dövlət başçısı xüsusilə qeyd edib ki, Azərbaycanın xarici siyasətinin qarşısında dayanan ən başlıca vəzifə Dağlıq Qarabağ (DQ) münaqişəsinin həllinə nail olmaqdır: "Bu tək xarici siyasət deyil bütövlükdə ölkəmizin qarşısında ən ümdə vəzifələrdən biridir. Cənab prezident onu da vurğulayıb ki, Ermənistanın hal-hazırda xarici siyasəti iflasa uğrayıb. Bu çox biabırçı bir haldır. Bu dövlətin özünün yeritdiyi aqressiv siyasət bumeranq effektinə səbəb olub. Ölkə başçısı ikinci mühüm bir vəzifə kimi onu qeyd edib ki, artıq Meksika Birləşmiş Ştatlarının, Kolubiya Respublikasının, Pakistan İslam Respublikasının parlamentləri Xocalı soyqırımını tanıyıb. Biz bundan sonra digər ölkələrin də anoloji addım atmasına nail olmalıyıq. Bu istiqamətdə bizim səfirlərimizin üzərinə çöx böyük vəzifələr düşür".

Politoloq Prezident İlham Əliyevin ötən ilin oktyabr ayında 155 dövlətin Azərbaycanın BMT TŞ-na qeyri-daimi üzv seçilməsini dəstəkləməsinin böyük bir ehtimad kəsb etdiyini dedi: "Bu onların bizə avansıdır. Belə olan təqdirdə biz həmin dövlətlərlə ikitərəfli münasibətlərin daha da inkişaf etdirməliyik. Ən mühüm tezislərdən biri ondan ibarət oldu ki, bizim səfirlərimiz xaricdəki dövlət qurumları ilə deyil xüsusi olaraq Kütləvi İnformasiya Vasitələri (KİV), QHT-lərlə işləməlidirlər və onlara Azərbaycan həqiqətlərini çatdırmalıdırlar. Bu məsələlər çox ciddi bir məsələ kimi qoyulub. Hesab edirəm ki, bu tədbir, sayca dördüncü müşavirə Azərbaycanın Beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə xidmət edəcək. Dövlət başçısı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mədəni-kütləvi tədbirlərin böyük əhəmiyyətinin olduğunu və xarici səfirliklərdə mədəniyyətlə bağlı xidmətin açılmasının önəmi vurğulayıb. Hesab edirəm ki, bu yeni bir sferadır".

Bütün xəbərlər Facebook səhifəmizdə