Təxribat müəllifləri istəklərinə nail oldular

Təxribat müəllifləri istəklərinə nail oldular

Hz. Məhəmmədin (SƏS) təhqir olunması kampaniyasının yeni mərhələsinə start verilib. Karikatura hadisəsindən sonra geniş masştablı etiraz dalğası İslam ölkələrini də bürüyüb. SİA-nın məlumatına görə, bunu Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa "Facebook" sosial şəbəkəsində İslam dini ilə bağlı təxribatçı film hadisəsinə münasibət bildirərkən bele deyib.

Onun sözlərinə görə, mövzu sosial şəbəkələrdə geniş müzakirə olunduğuna görə məsələyə münasibətlər də ziddiyətlidir: "Ortaya sual çıxır ki, ABŞ səfirinin öldürülməsi, binaların yandırılması tutarlı cavab oldumu? Məncə təxribat müəllifləri istədiklərinə nail oldular. İslamı bir zorakılıq dini kimi təqdim edənlərin işlərinə yarayacaq lazımi addımları atdılar. Əlbəttə bizim imkanımız daxilində deyil ki, ayrı-ayrı ölkələrdə kütlənin hərəkətlərini necə olacağını əvvəlcədən proqnozlaşdıraq. Sadəcə bir problemin açılışı üçün bu qeydləri müzakirəyə çıxarırıq. Peyğəmbərimizə qarşı təhqirlərə verilən cavablar nə dərəcədə İslam əxlaqına uyğun gəlir? Vaxtilə Peyğəmbərimizin karikaturasını çəkmirdilər, ancaq Taifdə başını daşla yarırdılar, Məkkədə bütün yaxınları ilə birgə ac saxlayırdılar, qızlarını boşayırdılar, tərəfdarlarına fiziki işgəncələr verirdilər. Cavab davranışları nə olurdu? Səbrlə, təmkinlə İslama dəvət edirdi, İslamın gözəlliklərini anladırdı. İndi ABŞ və Avropada İslam sürətlə yayılır, mədəni təbliğatı daha da artırmaq əvəzinə bu səbrsiz, çılğın davranışlarla ümumi prosesə ziyan vurulmurmu? Əslində təxribatı planlaşdıranların əsas məqsədi bu reaksiyanı yoxlamaq deyildi".

F.Mustafanın fikrincə, əsas məqsəd İslam dünyası deyilən coğrafiyada daha fərqli bir davranış dəyişikliyi olub-olmadığını öyrənmək, eləcə də özlərinin bölgə ilə bağlı planlarını, İslamın yayılmasına qarşı tədbirləri üçün zəmin hazırlığını gerçəkləşdirmək idi: "Səddam Hüseynin təkəbbürünün İraqın başına nəyi gətirdiyini xatırlasanız, Liviyada səfirin öldürülməsinin də mümkün fəsadlarını proqnozlaşdıra bilərsiniz. Məncə belə situasiyalarda İslama həqiqətən də bağlı insanlar üçün Hz. Məhəmmədin (SƏS) davranış əxlaqının nümunələri yetərli olardı. Hz.Həmzəni öldürən Vəhşiyə münasibətindən tutmuş, onu təhqir edənlərə qarşı alicənab davranışlarına qədər yüzlərlə nümunə saymaq olar. Pis əməlin cavabı imkan daxilində yaxşı əməl olmalıdır. Bu mümkün deyilsə belə, hətta sərt cavab belə ədalətsiz olmamalıdır"

Bütün xəbərlər Facebook səhifəmizdə