Əli Həsənov: “Qısa vaxtda böyük nailiyyətlər əldə edilib” MÜNASİBƏT
Türkiyənin Bodrum şəhərində "Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər" mövzusunda forum öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə forumda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmilər iştirak edirlər.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətin diaspor və lobbi quruculuğu sahəsində siyasətinin əsas aspektlərini, istiqamət və prioritetlərini təhlil edib, qarşıdakı vəzifələr haqqında fikirlərini səsləndirib: "Azərbaycan diasporunun hər bir nümayəndəsi xarici ölkədə öz Vətənini, xalqını təmsil edir. Bu toplantıda iştirak edənlər məhz öz ölkəsini, öz xalqını təmsil edən insanlardır. Sizlər öz vaxtınızın müəyyən hissəsini bu missiyanı yerinə yetirməyə sərf edirsiniz. Hər bir diaspor nümayəndəsi, öz peşəsi, fəaliyyəti ilə yaşadığı ölkədə müəyyən mənada həm də öz xalqı haqqında təsəvvür yaradır".
Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, hər bir diaspor nümayəndəsi yaşadığı ölkənin dəyərli vətəndaşı olmalı, eyni zamanda azərbaycanlı olduğunu da unutmamalıdır: "Azərbaycanlılar haqqında elə obraz formalaşdırılmalıdır ki, hər bir soydaşımız öz milli mənsubiyyəti ilə fəxr edə bilsin".
"Azərbaycan müstəqil dövlətdir, onun özünün siyasi, geostrateji, iqtisadi, hərbi və digər maraqları var və bu maraqların təmin olunmasında Azərbaycan diasporunun nümayəndələri də fəal iştirak etməlidirlər" deyən Ə.Həsənov diaspor nümayəndələrini məskunlaşdığı ölkənin dəyərli vətəndaşı olmağa, o ölkənin inkişafında mühüm yer tutmağı bacarmağa çağırıb: "Bu, nəticə etibarilə bizim ölkələrimiz arasında münasibətlərin inkişafına da müsbət impuls verir. Çünki Azərbaycan diasporu fəal olduğu, Rusiya cəmiyyətinin inkişafına töhfələr verdiyi təqdirdə Rusiya dövləti də Azərbaycan ilə münasibətlərdə bu amili nəzərə alacaq".
Azərbaycan dövlətinin diaspor quruculuğu işinə başqa ölkələrlə müqayisədə bir qədər gec başladığını qeyd edən Əli Həsənov prezident İlham Əliyevin son on ildə bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib. O qeyd edib ki, prezident dünyanın hər hansı ölkəsində yaşayan hər bir azərbaycanlının hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verir.
"Azərbaycanlıların təşkilatlanması, ictimai-siyasi fəallığının yüksəldilməsi bizim üçün prioritet məsələlərdir. Ötən müddətdə bu sahədə müəyyən işlər görülüb, Diasporla İş üzrə Dövlət Komitəsi də üzərinə düşən vəzifələri uğurla həyata keçirir. Əlbəttə bu o demək deyil ki, bizim bütün problemlərimiz həll olunub. Lakin qısa vaxtda böyük nailiyyətlər əldə edilib", - deyən Ə.Həsənov iştirakçıları aktiv müzakirələrə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB