Qənirə Paşayeva: “Biz işğal altında olan torpaqlarımıza mütləq qayıdacağıq və o gün uzaqda deyil” - MÖVQE - FOTOLAR
Qarabağa, erməni işğalı altındakı torpaqlarımıza qayıdacağımız gün heç də uzaqda deyil. Elə bilirəm ki, kimliyindən asılı olmayaraq, vətənini, torpağını, dövlətini sevən hər bir kəsin, hər bir azərbaycanlının daxilində bu inam, bu hiss var. SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Mətbuat Şurasında (AMŞ) "Ruhum qarabağlıdır" filminin təqdimat mərasimində çıxış edən millət vəkili Qənirə Paşayeva dilə gətirib.
Qeyd edək ki, sözügedən film millət vəkili Qənirə Paşayevanın "Ruhum qarabağlıdır" şeirlər silsiləsi əsasında ssenariləşdirilib. Ssenarinin müəllifi isə tanınmış telejurnalist Bəxtiyar Qaracadır.
Millət vəkili Qənirə Paşayevanın qeyd etdiyinə görə, "Ruhum qarabağlıdır" şeirlər silsiləsinə və eyniadlı filmə gedən yol əslində onun Facebook-dakı yazışmalarından başlayır:
"Bir xeyli müddət əvvəl Xocalı ilə bağlı filmin təqdimatı zamanı yaxınını, doğmasını itirən bir nəfər xocalılı, ağbirçək anamız mənə yaxınlaşdı və sual etdi ki, "Ay qızım, axı biz nə vaxt öz torpaqlarımıza qayıdacağıq? Biz heç olmasa, öz torpaqlarımızda ölməyi, orada dəfn olunmağı istəyirik və bunun arzusu ilə yaşayırıq.
Düzünü desəm, həmin ağbirçək ananın bu sözləri qarşısında cavab verməyə çətinlik çəkdim, aciz qaldım. Çünki bu suala konkret cavab verməyə söz tapmaq olmur. Ancaq onun mənə ünvanladığı suala cavab verməyim, onun ümidini qırmamağım da lazım idi. Mən də o zaman cavab verdim ki, "Ay ana, torpaqlarımıza, Qarabağımıza qayıdacağımız gün o qədər də uzaqda deyil.
Ümumiyyətlə hesab edirəm ki, Qarabağımıza, işğal altında olan torpaqlarımıza qayıdacağımızla bağlı hər birimizin qəlbində daxili əminlik var. Elə düşünürəm ki, biz torpaqlarımıza qayıdacağıq düşüncəsi ilə yox, torpaqlarımıza qayıtmalıyıq düşüncəsi ilə yaşamalıyıq, fəaliyyət göstərməliyik, çünki bunun başqa bir alternativi də yoxdur və ola da bilməz. Biz bir millət, bir xalq, bir dövlət kimi gələcəyimizi davam etdirmək istəyiriksə, o zaman torpaqlarımıza qayıtmalıyıq".
Millət vəkili məhz həmin görüşdən sonra Facebook səhifəsində daxilindən gələn bir sıra sözləri, fikirləri qələmə aldığını bildirib.
"Mənim nə yazarlığa, nə də şairliyə iddiam var. Ancaq sadəcə ürəyimdən keçən sözlər var və olur ki, onları yazmaq istəyirəm və yazıram da. Elə "Ruhum qarabağlıdır" şeirlər silsiləsi də məhz belə yarandı. Bunun üstündən iki-üç keçəndən sonra Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı, xalqımızın vətənpərvər oğullarından biri, Qarabağ müharibəsi veteranı Eyvaz Hüseynov mənə zəng etdi və dedi ki, "Şeirlərinizi oxudum. Mənə çox təsir etdi".
Sən demə, Facebook səhifəmdə paylaşdığım, yazdığım həmin şeir modern.az saytı dərc edibmiş və Eyvaz müəllim də onu oradan oxuyubmuş. Sonra elə oldu ki, biz Türkiyədən gələn millət vəkili həmkarımızla birlikdə Xocavənd rayonunun - Dağlıq Qarabağın bizim əlimizdə olan çox kiçik parçasına, Nərgiztəpə deyilən əraziyə səfər edəsi olduq. Biz həmin ərazidə tədbir keçirdikdən sonra Xocavənd rayonunun icra başçısı Eyvaz müəllim bildirdi ki, xocavəndlilər bir film hazırlayıblar, onun nümayişi olacaq. Onlar bu filmin çəkilişinə Bəxtiyar müəllimi də cəlb ediblərmiş.
Q.Paşayeva filmin onu çox təsirləndirdiyini bildirib.
"Ona görə yox ki, orada səslənən şeirləri mən yazmışam və bu film mənim şeirlərim əsasında yazılıb. Məni təsirləndirən o oldu ki, bu filmin oyunçuları aktyorlar, aktrisalar deyil, sadə xocavəndlilər, Qarabağ ağrı-acılarını yaşayan dağlıq qarabağlılardır. Bizim nəsil, konkret olaraq mən özüm Qarabağı gəzmişəm, görmüşəm, orada olmuşam. Ancaq bugünkü nəsil, xüsusən də əslən Qarabağdan olub, ancaq işğaldan sonra dünyaya gələn nəslimiz oraları görməyiblər. Ona görə də, hesab edirəm ki, biz heç bir zaman Qarabağa qayıdacağımız günün, anın uzaqda olmadığı fikri ilə yaşamalıyıq. Biz o torpaqlara qayıtmalıyıq və qayıdacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə