“Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, "Caucasus International" və "Turkish Policy Quarterly" jurnallarının birgə təşkilatçılığı ilə "Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda region dövlətlərinin müstəqillik əldə etməsindən sonra ölkə daxilində baş verən hadisələrin açıq və səmimi təsvirinin verilməsi, regionda yenidən iqtisadi strukturlaşmanın, qlobal miqyasda strategiyalar barəsində fikirlərin bildirilməsi nəzərdə tutulub. Konfransda Cənubi Qafqaz ölkələrini və Türkiyə Respublikasını təmsil edən ekspertlər iştirak edib.

Açılış nitqilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Cənubi Qafqazın hər üç dövlətinin müstəqil olmasının ötən 20 ilin ən böyük hadisəsi olduğunu vurğulayıb. "20 il ərzində Cənubi Qafqaz ölkələri öz müstəqilliyini qazanıb. Bu müstəqillik özünü həm siyasi , həm iqtisadi, həm də digər sahələrdə təsdiqləməlidir"-deyə o əlavə edib.

Mərkəzin direktoru Cənubi Qafqazda qapalı sərhədlərin olmasının mövcud münaqişələrin həllinə mənfi təsir etdiyini deyib.

Daha sonra Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun prezidenti Aleksandr Rondeli çıxışında Gürcüstanın 20 il əvvəl qazandığı müstəqillikdə qarşıya çıxan problemlərin bəzilərinin hələ də yaşandığını bildirib. "Gürcüstan müstəqil olduğu ilk günlərdən problemlərlə qarşılaşıb. Bu problemlər hələ də formasında davam edir. Çox təəssüf ki, bəzi hallarda bununla bacara bilmirik". Fondun prezidenti dövlət quruluşundan sonra bir çox gözləntilərin olmasına baxmayaraq reallığın bu gözləntiləri təkzib etdiyini vurğulayıb. Onun sözlərinə görə, həm Rusiyanın, həm də Avropanın Cənubi Qafqaza xüsusi maraqları var.

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın sabiq baş müşaviri və 1991-1997-ci illərdə Dağlıq Qarabağ münaqişəsi üzrə vasitəçisi Jerar Libardiyan bildirib ki, Ermənistan Cənubi Qafqaza region kimi münasibət bəsləmir. "Qafqazda mini-soyuq müharibə hələ də davam edir. Kənar qüvvələr tərəfindən regionda bu müharibə dayandırılmalıdır, xüsusən də Dağlıq Qarabağ münaqişəsinə son verilməlidir. Qarabağ münaqişəsi təkcə Ermənistanla Azərbaycan arasında olan münaqişə deyil. Burada digər dövlətlərin marağı var və bu səbəbdən də münaqişənin həlli heç də asan deyil"-deyə o əlavə edib.


Millət vəkili Rasim Musabəyov Cənubi Qafqaz ölkələrinin birlikdə müəyyən bir istiqamətə inteqrasiya etməli olduğunu deyib: "Bu 3 ölkə ya Rusiyaya, ya da Avropaya birgə inteqrasiya etməlidir. Əks təqdirdə münaqişələr davam edəcək". Millət vəkili Azərbaycanın 20 il ərzində yüksək səviyyədə inkişaf etdiyini də vurğulayıb. O bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionundakı ölkələr arasında xeyli irəlidədir. O, Azərbaycan iqtisadiyyatının Ermənistan və Gürcüstanın birgə iqtisadiyyatından 5-6 dəfə güclü olduğunu deyib.


Tədbir Cənubi Qafqaz ölkələrinin iqtisadi və siyasi baxışlarının inkişafı, mövcud tarazlığın dəyişməsi perspektivləri, Rusiya, Avropa İttifaqı, Türkiyə və ABŞ-ın regiondakı münaqişələrin həllində gələcək fəaliyyətlərinin müzakirəsilə davam edib.


Nərmin


Bütün xəbərlər Facebook səhifəmizdə