Bakıda Asiya Siyasi Partiyalar Beynəlxalq Kofransının 17-ci iclası keçirilir - FOTO

Bakıda Asiya Siyasi Partiyalar Beynəlxalq Kofransının 17-ci iclası keçirilir - FOTO

Əli Əhmədov: \"Regionun problemlərini həmin regionda yaşayan xalqlar həll etməlidir\"


Bu gün Bakıda Asiya Siyasi Partiyalar Beynəlxalq kofransının (İnternational Conference of Asian Political Parties - İCAPP) 17-ci iclası keçirilir. SİA-nın xəbərinə görə, iclasda çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini-icraçı katibi, millət vəkili Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri getdikcə genişlənir və bu qurumların fəaliyyətində iştirakı ildən-ilə güclənir. Bu baxımdan YAP-ın üzvü olduğu Asiya Siyasi Partiyaları Beynəlxalq konfransının VII Baş Assambleyasının cari ilin noyabrında Bakıda keçirilməsinə dair verilmiş qərarı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrdən biri kimi dəyərləndirmək olar.

Onun sözlərinə görə, bu ilin noyabr ayında Bakıda keçiriləcək İCAPP 7-ci Baş Assambleyası yüksək səviyyədə təşkil olunacaq: "Asiya Ölkələri Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin 7-ci Baş Assambleyası noyabr ayında Bakıda keçiriləcək. Asiya Ölkələri Siyasi Partiyalarının Beynəlxalq konfransı bütövlükdə Asiya ölkələrində həmrəyliyin, barışın, anlaşmanın əldə edilməsində əhəmiyyətli rol oynayır. Bu qurum həmişə Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə öz münasibətini bildirib. Dəfələrlə bu barədə açıq şəkildə bəyanat verib. Güman edirəm ki, qurumun Bakıda keçiriləcək növbəti konfransda da qurum özünün qətnaməsində Dağlıq Qarabağ münaqişəsinə öz mövqeyini bir daha ortaya qoyacaq".

O, qeyd edib ki, Asiya ölkələrinin siyasi partiyaları arasında əməkdaşlığın artırılmasına böyük ehtiyac var. Belə ki, bu əməkdaşlıq Asiya Birliyinin yaradılmasına təkan verəcək: "Asiyanın iqtisadi potensialı dünyada birinci yerdə olsa da, dünyada siyasi təsir qüvvəsi bir o qədər çox deyil. Gələcəkdə Asiya Birliyinin, Asiya ölkələrinin Parlament İttifaqının yaradılması vacibdir".

Ə.Əhmədob vurğulayıb ki, regionun problemlərini həmin regionda yaşayan xalqlar həll etməlidir: "Əks halda o xalqların taleyini həmin regiona aid olmayan dövlətlər həll edir. Taleyi kənardan həll olunan regionlar isə Asiyada daha çoxdur".

Qeyd edək ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyasının Daimi Komitəsinin iclası sabah başa çatacaq. Asiya qitəsinin 17 ölkəsindən 49 nümayəndənin iştirak etdiyi iclasda Baş Assambleyanın keçirilməsi ilə bağlı görüləcək işlər və onun gündəliyinə çıxarılacaq məsələlər müzakirə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə